Şou-biznes

Çimərlikdəki Nura, acından ölən hacı Zeynalabdin, sarıldığımız Samiraldo və... - HƏFTƏBECƏR

24 İyul 2017 09:15
22 Şərh     Baxış: 5 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (133-cü say) təqdim edir.

Türkiyənin məşhur sənətçisi Azərbaycana toya gəlib. Hazırda Şəmkirdə dincəlir. Toy da Rusiyada bizneslə məşğul olan həmyerlilərimizdən birinin oğlunundur. Arzu edək ki, camaatımız Castin Biberi, Ledi Qaqanı da toylarına gətirib oxuda bilsin. Bir də imkan olanda sağ-sollarındakı kasıb-kusuba da əl tutsunlar. 

Nura Surinin çimərlik geyimində fotoları yayılıb. Nə şok deyil, nə də qeyri-adilik sayılmaz. Qeyri-adilik odur ki, 42 yaşlı xanım 25 yaşlı qızlara meydan oxuyacaq formadadır. Necə deyərlər, Telli Borçalıdan görək.

Samiraldo şəhərdə gəzintiyə çıxıb. İnsanlar bunu dövrəyə alıblar. Şəkil çəkdirən kim, qucaqlayıb öpən kim, gördüyünə fəxr hissi yaşayan kim. Doğrusu, görüntüyə azca baxdım və utandım. Reallıq budur ki, biz Mirzə Cəlili, Hacı Zeynalabdin Tağıyevi acından öldürə, Samiraldoya sarılıb şəkil çəkdirə, hətta onun bir dəfə "açıldııı" deməyinə görə 1000 manat verib məclisimizə gətirdə bilirik. 

Şəbnəm Tovuzlu Mingəçevirdə konsert verməliymiş. İntəhası biletlər satılmayıb. Bu da oturub düşünüb ki, nə edim vəziyyətdən çıxım. Axırda "ağır qəzaya düşüb" və söhbət bağlanıb. Xoşum gəldi mingəçevirlilərdən. Pullarını hara xərcləməyi bilirlər. Hə, bu arada Dövlət Yol Polisi də məsələyə münasibət bildirib: "Belə ucuz şou yaratmaq olmaz". 

Müğənni Zamiq keçmişindən danışıb. Deyib ki, çox çətinliklər görüb, hətta küçələrdə dönər yeyə-yeyə böyüyüb. Şəxsən mənə görə yetərincə səmimi açıqlamadır. Ən azı "ziyalı ailəsində böyümüşəm" deyib, keçmişini danan sənətçilərə nümunə olmalı fikirlərdir.

Çinarə Məlikzadə adlı gənc sənətçi var. Bir neçə müsabiqdə iştirak edəndən sonra, sosial şəbəkə vasitəsilə müəyyən kütləyə tanındı. Oxumağı da ən azı bərbad deyil. Hətta yaxşı ifaları da var. Amma Alim Qasımovun "Xatirədir" adlı mahnısını oxuyandan sonra Çinar barədə fikirlərim yönünü bir qədər dəyişib. Məsələn, Alim Qasımov boyda səntkarın sağlığında onun mahnısını oxumaq eitkadan kənardır. Birincisi, insan öz ifasına dəyər verməyi bacarmalıdır. İkincisi, o mahnını oxumaq yox, dezinfeksiya eləməkdir. Üçüncüsü... Dördüncüsü... Hər kəs öz başına görə davransa, nə camaat Samiraldoya sarılmaz, nə də Şəbnəm utandığından "qəzaya düşməz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.