Şou-biznes

"Maşın şou"dakı biabırçılıqlar, Elzanın ərini tutduran qohumu, Rozanın erotikaya çəkilmək istəyi - HƏFTƏBECƏR

5 İyun 2017 09:15
12 Şərh     Baxış: 7 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (128-ci say) təqdim edir. 

"Maşın şou" başlamazdan əvvəl yazdıqlarım, yəqin ki, yadınızdadır. Onsuz da, xalq arasında hörməti olmayan sənət adamları bu layihədə özlərini bir az da gözdən salmaqdadırlar. Təbii ki, bəzi istisnaları qeyd etmək mütləqdir. Hətta eşitdiyimə görə, dalaşanlar, barışanlar, üzr istəyənlər də olub. Layihənin axırına yaxın hamilə olduğunu iddia edənlər də tapılsa, şübhə etmərəm. Ortada 30 min dollar ola, bizim sənət adamları ola, qalmaqal olmaya? Əlli manatlıq şou proqrama görə bir-birinə torbalar tikən adamlar 30 min üçün nələr edərlər, təsəvvür edirsinizmi? Bu arada deyilənlərə görə, şounun təşkilat komitəsi də hansısa saxtakarlıqlara yol verir. Eltonun açıqlaması və bəzi iştirakçıların dolayısıyla söyləndiklərindən belə qənaətə gəlmək mümkündür ki, vəziyyəti Murad Dadaşov idarə edir və bütün proseslər onun iradəsiylə icra olunur. Əgər, doğrudan da, belədirsə, o boyda adamı ora yığıb hoqqa çıxarmağın nə mənası vardı ki? Elə maşını verərdi sonda qalib etmək istədiyi sənətçiyə, məsələ də bağlanıb gedərdi. 

Maşın demişkən, sənət adamlarının bahalı avtomobil nömrələrinin fotoları yayılıb. Bir vaxtlar yol polisindən belə bir açıqlama gəlmişdi ki, bütün avtomobil nömrələri sırayla verilir. Məsələn, 998, sonra 999. Deyirəm, təsadüfə bir bax ki, bütün sənətçilərə "zerkalni" nömrələr düşüb. O açıqlamanı verən şəxsin əvəzinə mən utandım. 

Gənc aktrisa Ülfət Bəşiri kim tanıyır? Yəqin ki, çoxunuz tanımadınız. İndi mən tanıdığınız formada izah edim. "Stalinin başı" filminin qala gecəsinə yarıçılpaq gələn aktrisa var idi ha, bax onu deyirəm. O aktrisa deyib ki, indiyə qədər öpüşməmişəm, amma Brüs Uillislə öpüşərəm. Rəhmətliyin nəvəsi, öpüşürsən-öpüşürsən, heç olmasa tay-tuşun olan bir adam adı çək də. İndi buradakı day-day "Brüs Uillislər" duracaqlar sıraya. Hələ bir də gördün kimsə gedib sənədlərini dəyişib gəldi ki, adım Məmmədhüseyndir, el arasında mənə Brüs Uillis deyirlər. Amma hadisələri qabaqlamayaq. Bəlkə də Ülfət bu açıqlamayla bizim başa düşmədiyimiz bir mesaj verib. 

Müğənni Elariz Məmmədoğlu bir müddət öncə "Greencard" udmuşdu. Yəni, bu kart vasitəsilə sənətçi Amerikaya səyahət edə, hətta orada işləyə də bilər. Amma elə bir açıqlama verib ki, şəxsən bu sözdən sonra mənim Elarizə hörmətim artdı. Deyib ki, 22 toyumu atıb Amerikaya getmərəm. Bax buna deyərəm səmimiyyət. Başqası olsa deyəcəkdi ki, payızda konsertim var, yayda disk buraxacam, qışda tədbirlərim çoxdur. Adam qısa və konkret sözünü deyib. Afərin!

Müğənni Roza Zərgərli xarici erotik filmə çəkilə bilər. Bu barədə özü açıqlama verib. Amma Roza Ülfət kimi Brüs Uillis arzulamır. Onun arzusu Adriano Çelentanodur. Uşaq vaxtı mənə Adriano deyiblər, dəqiq yadımdadır. Amma, görəsən, Çelentanosuz olar? Yəni, sadəcə, Adriano mümkündür? Təbii ki, bu zarafatdır. Məncə, xanım sənətçilərimiz bu kimi məsələlərdə yerli sənət adamlarının adını çəksələr, daha maraqla qarşılanar. Düşünün ki, Roza Zərgərli Fəxrəddin Manafovla sevgilidir, tərəf müqabilidir. Görün necə maraqlı səslənir.

O gün bir verilişdəydim. Efirə imdad üçün gələnlərdən biri də Elza Seyidcahanın qohumudur. Gəlib ki, ərimi tutdurmuşam, indi kömək edin, ərimi buraxdırım. İndicə Elzanın şeirlərindən biri qarşıma çıxdı, o qadın yadıma düşdü. Əgər səhv etmirəmsə, sənətçi "Tutdu, buraxdı" adlı bir şeir yazmışdı. Bəlkə də elə həmin söhbətə həsr edibmiş.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.