Şou-biznes

Keşişə sevgililər günü keçirənlər, Damlanın Zaurla videosu, yarımştat sənətkarlar - HƏFTƏBECƏR

6 Fevral 2017 10:55
9 Şərh     Baxış: 4 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (112-ci say) təqdim edir.

Öncədən qeyd edim ki, bu sayımızda maksimum dərəcədə gülüşdən uzaq olmağa çalışacağam. Çünki toxunulacaq bir sıra ciddi mətləblər var.

Türkiyəli tanınmış müğənni Rafet El Roman yenə Bakıya gəlir. Bu dəfə 14 fevralda şəhər restoranlarının birində səhnəyə çıxacaq. Sevgililər günüymüş. Yəqin ki, bu da gedib başqa mahnımızı erməni dilində oxuyar. Ümumiyyətlə, statistika aparılsa, yəqin ki, Rafet Azərbaycanda Türkiyədən çox konsert verib. Bununla da işimiz yox. Axı Azərbaycanda Sevgililər Günü 30 iyunda - İlham və Fərizənin toy günü qeyd edilir. Hansı ağıllı bir keşişin doğum gününü bizə sevgililər günü kimi sırımaq istəyir?

Müğənni Məsumə, yəni səhnə adıyla desək, Damlanın bir videosu yayılıb. Aparıcı Zaur Kamalla olan məşhur videoya, yəqin ki, çoxunuz baxmısınız. Əslində, o videoda ən əsas təqsirkar Zaurdur, bu, öz yerində. Amma Damlanın bu açıqlamasına diqqət edək:

"Biz həmin vaxt canlı yayımda idik. Siz də bilirsiniz ki, canlı yayım efirə 5 dəqiqə gec gedir. Zaur həmin zarafatı edəndə mən ona iradımı bildirdim. O da mənə əliylə işarə etdi ki, narahat olma, bu məsələ efirə getməyəcək, səs batacaq. Elə də oldu. Amma "Xəzər TV"nin işçilərindən kimsə bu kadrı əldə edib, yükləyib internetə. Guya bununla mənə nə etdilər? Kim qınaq obyektinə çevrildi?"

Yanılmıramsa, bu Damla bir neçə il əvvəl telekanalda görünmək üçün xeyli adamları minnətçi salırdı, xahişlər edirdi və etdirirdi. İndi bir sənətçinin bir telekanala nota xarakterli bu açıqlaması anlaşılan deyil. Hamısı "Youtube"un qüdrətidir.

İlyarım öncə Dövlət Akademik Milli Dram Teatrının aktyorları ayağa qalxdılar ki, direktorumuzdan narazıyıq. Məsələ mətbuat səhifələrinə daşındı, iş çox böyüdü, axırda İsrafil İsrafilov işdən çıxarıldı. Deyəsən, eyni aqibəti Gənc Tamaşaçılar Teatrı da yaşamaqdadır. Teatrın direktoru Mübariz Həmidov bir neçə sənətkarı - onların əksəriyyətinin yaşı yetmişdən keçib - çağırtdırıb ki, sizin məvaciblərinizi azaldıram, özünüz də keçirsiniz yarımştata. İlk baxışdan Həmidovun bu qərarıyla supermarket müdirlərinin qərarı arasında elə də böyük fərq görünmür. Çünki supermarketlərə də adətən yaşı 20-40 arası olan şəxsləri işə götürürlər. Nə isə, indi bu ağsaqqallar, ağbirçəklər deyirlər ki, illərimizi sənətə bəxş etmişik, saç ağartmışıq. Budurmu xidmətimizin qarşılığında bizə qoyulan hörmət? Xalq artisti Yasin Qarayevin məsələyə münasibəti isə şedevrdir: "Bundan sonra yüz neçə manat məvacib alacağam. O pul heç mənim maşınımım "parkovka" pulu eləmir". Deyilənə görə, göstəriş Mədəniyyət və Turizm Nazirliyindən gəlib. İnşallah, otel mövsümü gəlsəydi, nazirlik əsas işinə başlayardı".

Müğənni Əlikram Bayramovun evini çəkiblər. Sağlığına qismət, bağ-bağçası, şəraiti də öz yerində. İntəhası, bir məqam, yəqin ki, xanımlara xoş olmayacaq: "Evdə mənim sözüm keçir. Evdə kişinin sözü keçər, xanım kimdir?!"

Doğrudur ki, ailədə son qərarı kişi verməlidir. Amma "xanım kimdir?" ifadəsi nəsə mənə çatmadı. Əgər xanım kim deyilsə, bəs niyə ailə qurmusunuz? Buna deyirlər, söhbətin "barıtını" bol eləmək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.