Şou-biznes

İlhamə Qasımova: "Həyat yoldaşımın müğənni olmağımdan xoşu gəlmir"

19 Fevral 2010 10:07
Baxış: 15 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
- Doğrudur ki, ana olmağa hazırlaşırsız?

- Bəzi yeniliklər gözləyirəm... Amma əfsuslar olsun ki, bu hələlik doğru deyil. Ən böyük arzum ana olmaqdır. Qadının ana olmaq üçün bəlli bir yaş həddi var. Müəyyən yaşdan sonra çox çətinliklər yaranır. Bu il mütləq şəxsi həyatımdakı bu problemlə məşğul olacağam.

- Niyə birinci evlilikdən fərqli olaraq, ikinci həyat yoldaşınızın kimliyini ciddi-cəhdlə gizlədirsiz?

- Mən birinci dəfə erkən yaşda ailə qurmuşam. Şəxsi həyatımla bağlı ona görə açıqlama verdim ki, bir qrup insanlar haqqımda müxtəlif, xoşagəlməz şayiələr yayırdılar. Mənim həyatımı bilən insanların marağına hələ də məəttəl qalmışam... Əslində, müğənninin şəxsi həyatı ilə gündəmə gəlməsinin əleyhinəyəm. Bununla belə, hər dövrdə sənət adamlarının şəxsi həyatı insanlar üçün maraqlı olub. Bu hazırkı şou-biznes bazarını inkişaf etdirməkdən ötrüdü. Toy bazarını inkişaf etdirmək üçün şəxsi həyatla bağlı açıqlamalar verilir. Heç bir insan müqqəddəs deyil, hər kəsin həyatında səhvi olub. Həmçinin mənim də... Ona görə də kimisə qınamağa mənəvi haqqım yoxdur. Bəlkə mənim elə bir hərəkətim var ki, Allahın yanında ən bağışlanmaz günahdır. İnsan özü istəməyəndə, o problemlər üzə çıxmır. Hansısa müğənni ailə qurursa, bunu efirdə göstərir ki, mən ərə getdim... Toydan tutmuş bütün xırdalıqlara qədər hər şey efirə verilir.

- Qeyd etdiniz ki, erkən yaşda ailə həyatı qurmusuz. Statistik araşdırmalar da göstərir ki, erkən yaşda qurulan ailələrin sonu çox vaxt boşanmayla nəticələnir. Nə vaxtsa fikirləşmisiniz ki, estrada janrında yox, rok oxuyub, bu kimi sosial mövzulara toxunasız?

- Açığı, sosial mövzuda heç vaxt mahnı ifa etməmişəm. Bir müddət öncə mənə rep oxumaq təklif olundu. Mövzu narkotiklərdən olduğundan razılaşmadım. Bizdə sosial problemləri yaradıcılığında qabardan nə şair, nə də bəstəkar var. Hansısa mahnının hazır kantına sosial mövzuda şeir yazılsa, biabırçılıq olar. Professional səviyyəli əsər olmalıdır ki, müğənni onu ifa etməkdən çəkinməsin. Rokun sözləri ilə yanaşı, gərək musiqisini də başa düşsünlər.

- Hansı bəstəkarlarla işləyirsiz?

- Mahnılarımın əksəriyyəti Eldar Mansurov, Vüsalə İlyasovanındır.

- Bəstəkarlara mahnını sifariş verib, alırsız?

- Yox. Eldar müəllim çağırıb, yeni bəstəsini təqdim edib, mən də bəyənib ifa etmişəm. Bu dəqiqə dünyanın bir sıra ölkələrində Eldar Mansurovun mahnıları səslənirsə, niyə hansısa bəstəkardan mahnını pulla almalıyam? Hətta elə olub ki, Eldar müəllim mənə mahnının aranjemanını da hazır vəziyyətdə verib. O, çalışır ki, bəstələri mənim ifamda səslənsin. Vüsalənin də bəstələrinə yarım ildən bir müraciət etmişəm. Bir dəfə tanınmış bəstəkarlarımızdan biri təklif elədi ki, onun mahnısını oxuyum, razılaşdım. Axırda məndən aranjeman pulu ilə yanaşı, özü üçün də pul istədi... Mən də mahnını almaqdan imtina etdim. Bilirsiz, istedadsız müğənnilər bəstəkardan mahnını pulla ala bilər. Məsələn, səsi olmayan və nəyin bahasına olur-olsun oxumaq istəyən müğənnidən pul almaq olar. Axı mən kommersiya xarakterli müğənni deyiləm. Toylarda və şou-proqramlarda az-az görünürəm. Məni məclislərə yaxşı oxuduğuma görə çağırırlar.

- Sizcə, niyə müğənnilərimiz dünya səviyyəsində tanına bilmirlər?

- Dünya arenasına çıxmaq üçün böyük pullar lazımdır. Mənim gözəl mahnım və klipim olmalıdır. Yüz minlərlə dollar xərcləmək isə heç kimə sərf eləmir. Xaricdə orta səviyyəli klip çəkdirmək üçün iki yüz min dollar tələb olunur. Hələ bir o qədər də pul digər işlərə xərclənməlidir. Müğənnilərimiz də çalışırlar ki, Rusiya və Türkiyə şou-biznesinə qatılsınlar. Hələ ki nəsə alınmayıb. Azərbaycandan başqa heç bir ölkə digər ölkədən olan müğənnini özününkü kimi qəbul etmir. Biz o qədər ürəyitəmiz, qonaqpərvərik ki, başqa ölkənin müğənnisini şou-biznesimizdə özümüzdən üstün tuturuq...

- Söhbət Manana Çaparidzedən gedir?

- Ad çəkmək istəmirəm. Bilirsiz, mən estrada səhnəmizi iyirmi il öncə daha gözəl görürdüm. O zamanlar Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Samir Bağırov, İlqar Xəyal varıydı. Bizim səhnəni türk estradasına meyillilik korladı. Fantazi, arabesk kimi estrada növləri dəbə gəldi. Bu günkü əksər müğənnilərin ifası maraqlı deyil.

- Söylədiniz ki, toylara və şou-proqramlara çox getmirsiz. Bəs, maliyyə problemlərinizi necə çözürsüz?

- Pulu yoldaşımdan alıram. Fotosessiyamdan tutmuş, yeni mahnılara qədər hamısının pulunu yoldaşım ödəyir. İşləməyi sevirəm. Amma şou-biznes mühitində, toylarda çıxış etmək məni sıxır. Düzdür, indi hərdən-bir şou-proqramlara gedirəm. Görürsən ki, insanlar kefdə-damaqda, oturub yeyib-içirlər... Sən onları əyləndirmək üçün oxuyursan. Ən dərdli problem budur. Bəzi müğənnilər kimi kafedə, restoranda kimlərisə əyləndirmək əqidəmə ziddir. Bu, artıq səviyyə söhbətidir. Buna görə müğənniləri qınamıram. Çünki onlardan biriyəm. Toyu özləri üçün son nöqtə hesab edirlər. Çünki toydan başqa qazanc yeri yoxdur. Yarım ildir ki, heç bir gəlirim yoxdur. Amma elə olub ki, bir aya üç, bəzən isə beş min manat qazanmışam. Həyat yoldaşımın xoşu gəlmir ki, mən müğənnilik edim. Sadəcə olaraq, mən pul qazanmasam, yaşaya bilmərəm.

Aytən
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.