Şou-biznes

Azərbaycanlı aktyor: "Zamanın tələbinə uyğun 18+ epizodlar..." - FOTO

2 Oktyabr 2014 12:37
31 Şərh     Baxış: 13 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur gülüş ulduzu Müşviq Şahverdiyev və onun komandası yeni işıq üzü görəcək filmi haqqında Milli.Az-a eksklüziv açıqlamalar verdi.
 

Filmin baş rol oyunçusu və komandanın rəhbəri Müşviq Şahverdiyev artıq filmin çəkilişlərinin başa çatdığını bildirdi:

"Bəli, filmimizin çəkilişlərini bitirdik. Şükürlər olsun ki, hər şey yaxşı oldu. İndi montaj işlərini aparırıq. Bizim əsas arzumuz bu filmin hamı tərəfindən yüksək dəyərləndirilməsidir. Güman edirəm ki, mən və komandam tapşırığı yüksək səviyyədə başa vurduq və sıra zəhmətimizin bəhrəsini görməyə çatıb. Film noyabrın ortalarında kinoteatrlara veriləcək. Biz ümid edirik ki, tamaşaçılar 5-6 manatlarından keçib bu filmə baxacaqlar. İnandırım sizi ki, bu kino digərlərindən çox fərqli olacaq. Türk filmlərindən heç də geri qalacaq deyil. Bu filmdən çox şey gözləyirəm. Hər şey tamaşaçılardan asılıdır. Filmimiz əvvəl çəkilənlərdən yaxşı olacaq. Bizimlə yanaşı, bildiyimiz qədəri ilə, 3-4 film də işıq üzü görəcək bu il. Onlarla rəqabətdən heç də çəkinmirik. Onlara da uğurlar arzulayıram.

Onu da qeyd edim ki, kinomuzda düşündürücü, maarifləndirici məqamlar var. Hətta zamanın tələbinə uyğun 18+ epizodlar da var filmdə. Sizi əmin edirəm ki, bu filmdən sonra parlayacaq ulduzların sayı çox olacaq".
 

Filmin rejissoru Emil Abdullayev qeyd etdi ki, filmin artıq montaj işləri gedir:

"Filmin montajını da şəxsən özüm edəcəm. Çalışırıq ki, qüsursuz işləyək və tamaşaçılara gözəl film təqdim edək. Belə düşünürəm ki, bu vaxta kimi hər şey qaydasında oldu. Sona yaxınlaşdıqca həyəcan da artır. Bu filmdən çox şey gözləyirəm mən də. Bir valideyn övladını böyüdüb boya-başa çatdırıb, ondan nələr gözləyirsə, mən də bu filmdən onu gözləyirəm. Ümidlərim, yəqin ki, puç olmaz. Kollektiv yaxşı idi və çəkilişlər zamanı hər şey qaydasında cərəyan etdi".

Kinonun əsas ssenaristi Fariz Əliyev də ürəyindəkiləri dilə gətirdi: "Artıq marafonun sonuna yaxınlaşmışıq. Üzüb-üzüb quyruğuna gəldik. Əsas rəyi, əlbəttə, tamaşaçı verəcək. Rəqiblərimizə uğurlar arzulayıram. Yenə deyirəm, biz heç kimdən çəkinmirik. Qarşımıza məqsəd qoymuşuq və buna çatmaq üçün irəliləyirik. Deyəcək sözlərim çoxdur, amma film çıxsın, ondan sonra danışacam".

Köməkçi ssenaristlər Ənvər Abbasov Samid Ağayev də film haqqında yüksək fikirdə olduqlarını bildirdilər və bu filmin uğursuz olacağını düşünmədiklərini dilə gətirdilər. Hər iki ssenarist filmdə həm də rol aldıqlarını da gizlətmədi.

Filmin baş rollarından birinin müəllifi İlkin Misgərli qabaqcadan danışmamağı üstün tutdu: "Qabaqcadan danışmaq istəmirəm. Öz oynadığım rolun necə olduğunu tamaşaçı bildirsin, istəyirəm. Qərarı onlara buraxıram".

Bildirək ki, filmin informasiya dəstəkçisi Milli.Az saytıdır.

Filmin YouTube ünvanı - https://www.youtube.com/user/mynameisintiqam
 
Filmin Facebook ünvanı - https://www.facebook.com/mynameisintiqam

Filmin İnstagram səhifəsi - http://instagram.com/mynameisintiqam

Niyaməddin Şirinov
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.