Şou-biznes

Azərbaycanlı teleaparıcı: "Kişinin bir gecəlik eşqbazlığını bağışlamaq olar" - FOTOSESSİYA

19 Mart 2013 18:50
0 Şərh     Baxış: 8 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Apardığı verilişlərdən daha çox siması və gözəl nitq qabiliyyəti ilə tanınan teleaparıcı Azər Süleymanlı Publika.Az-ın növbəti qonağı olub. Aparıcı ona ünvanlanan, əsasən də xanım oxucuları maraqlandıran sualları cavabsız qoymayıb.

Gözəllik daxildən qaynaqlanır...

- Qadının gözəlliyini nədə görürsünuüz?

- İlk növbədə, daxilində! Əgər qadın gözəlliyindən söhbət gedirsə, təbii ki zahiri gözəlliyi də əhəmiyyət kəsb edir. Amma daxili gözəllik varsa, o, zahirə də əks edir. Bu baxımdan əsas gözəllik daxildən qaynaqlanır.

- Kişilər təbii gözəlliyə üstünlük verir. Yəni makiyajlı və baxımlı qadınları sevmədiklərini deyirlər. Ancaq yanlarından makiyajlı və baxımlı xanım keçən kimi baxmadan dayana bilmirlər. Dedikləri ilə hərəkətləri bir-birinə uyğun gəlmir.


- Baxımlı qadınları sevirəm, lakin aşırı boyadan istifadən edən xanımları bəyənmirəm. Aşırı boyalardan istifadə etməyi baxımlı olmaq kimi qiymətləndirmirəm. Bu baxımlı olmaq deyil. Bu, bəlkə də, zövqsüzlükdən və görməmişlikdən irəli gəlir.

Baxımlı olmaq təmizlikdir. Saçının, ayaqqabısının, geyiminin təmizliyi, səliqəliliyi, aksessuarların yerində və qədərində uyğunluqla istifadəsi mənim üçün baxımlı olmaq deməkdir. Niyə, baxımlı olmaq dedikdə gözümüzün önünə boyalardan aşırı dərəcədə istifadə edən xanım gətirək ki?

Qeyd edim ki, aşırı makiyaj və boyalardan istifadə edən xanımları xoşlamıram.

Mənim üçün şübhəli olmasın...

- Sizin fikrinizcə ideal qadın necə olmalıdır?

- İstər kişi, istər qadın olsun, ideal anlayışını qəbul eləmirəm. Mənim üçün gözəl insan parametrləri və gözəllik cəhətləri bir az başqadır. İlk növbədə, onun mənə dürüstlüyünü qiymətləndirirəm.. Onu bilim, ona güvənim deyə... Mənim üçün şübhəli olmasın...  Amma əsl qadın sadiq və güvənilən qadındır!

- Müasir Azərbaycan kişisinə necə həyat yoldaşı lazımdır?

- İstər müasir, istər klassik kişi olsun -  kişiyə, ilk növbədə, sevən və sadiq həyat yoldaşı lazımdır! Ona bir həyat boyu yoldaş olacaq həyat yoldaşı! Təbii ki layiq olan kişiyə!

Onu da deyim ki, zahirən müasir gənc kimi görünsəm də, etiraf edirəm ki, daxilən elə də müasir Azərbaycan kişisi deyiləm. Qarşımdakı xanıma, sevginin, hörmətin ən alisini, kişi jestinin ən yüksəyini eləməyə hazıram. Amma müasirlik deyilən bəzi parametrlər var ki, onlar mənə görə deyil.

Birdə ki, müasir və ya klassikdən asılı olmayaraq, Azərbaycan kişisi nəyə görə, evə gedəndə xoş təbəssümünü, kiçik də olsa, hədiyyəsini qadınına bəxş etməsin? O kişi bədbəxtdir ki, evə gedəndə tələsmir, həvəslənmir, o kişi yazıqdır ki, öz gücünü evdəki zəif bir qadının üzərində göstərir.

Bu gün bir çoxları qadın üzərində hökmlü qalmağı, qadını əzməyi, danlamağı, vurmağı kişilik hesab edir. Lakin bunlar kişilik etalonu deyil.

Kişiliyi mən iki mənada: biri cinsiyyət, digəri isə mənəviyyat və ruh olaraq qəbul edirəm. Əsl kişilik bunların ikisi birləşəndə yaranır.

Qadın gözəlliyində buna ikinci bir alternativ ola biləcək xüsusiyyət görmürəm...


- Qadının hansı xüsusiyyəti sizin diqqətinizi çəkə bilər?


- Uşaqcasına olması diqqətimi çəkə bilər (gülümsünür). Kişi coşanda qadının onu sakitləşdirməsi, kişi od olanda qadının su olması sevdiyim xüsusiyyətdir. Onda kişinin hirsi tez soyuyur.

Kişi və qadın bərabərliyini qəbul edirəm, lakin kişi coşanda qadının daha səssiz qalması qadına çox gözəl görüntü bəxş edir. Zərif, kövrək... Bu, əvəzolunmaz bir mənzərədir. Qadın gözəlliyində buna ikinci bir alternativ ola biləcək xüsusiyyət görmürəm.

- Qadın və kişinin eyni hüquqlara sahib olmasından razısınız?

- İnsan olaraq, hüquq olaraq, bəli. Bir deyim var: "Oyun bitdikdən sonra şah da, piyada da eyni qutuya qoyulur". Ancaq kişinin kişi, qadının isə qadın işi, qadın cəhətləri var.

"Məni tamamilə unutmusan, Azik"

- Heyranlarınız və sizi sevənlər arasında qızlar daha çoxdur.

- Təvazökarlıqdan bir az uzaq olsa da, Facebook-da mənə gələn mesajlara görə deyə bilərəm ki, hə (gülür). Amma eyni zamanda deyim ki, mübahisələr, incikliklər də yaranır. Bu barədə ürək dolusu danışmaq istərdim. Səhifəmdə 4 minə yaxın dostum var. Onların böyük faizini xanımlar təşkil edir. Mənə yazılan heç bir salamı cavabsız qoymamağa çalışıram. Ən azı bir dəfə də olsun, demək olar ki, cavab yazıram. Lakin bir neçə gün sonra bəziləri "Məni tamamilə unutmusan, Azik" , "İnsan aparıcı olanda nə olar ki" , "Niyə özünüzü yüksəkdən aparırsınız?" kimi mesajlar yazırlar. Mütəmadi olaraq hamıyla tək-tək danışmağa vaxtım yoxdur. Amma təəssüf ki, çoxu bunu başa düşmək istəmir və özündən razılıq kimi qiymətləndirir.

- Sizə gələn və tanımadığınız insanların mesajlarına niyə cavab yazırsınız?

- Mən bunu özümə borc bilirəm! Lakin qarşımdakı məndən davamlı münasibət və yazışmağımı gözləyəndə, təbii ki, buna zamanım yetmir.

Qadın dedikdə, fikrimə birinci onun saçının qoxusu gəlir...


- Sizin yanınızda olan xanım hansı xüsusiyyətlərə sahib olmaldır?

- Sadə, səliqəli, geyiminə və zahiri görünüşünə diqqət yetirən olmalıdır. Üzdəki boyaları yox (gülür). Saçları həmişə çox təmiz olmalıdır.

- Birinci saçlara baxırsınız?

- Qadın dedikdə fikrimə birinci onun təmiz saçının qoxusu gəlir...

- Xəyanət edən kişi bağışlanmağa layiqdir? (bu sualı eşidəndə aparıcı daha ciddi və bir az sərt görkəm aldı)

- Azərbaycan kişisi olaraq biz belə şüurda böyümüş və görmüşük ki, xəyanət edən qadın bağışlanılmır.

Kişinin isə bir neçə saatlıq və bir gecəlik səhvini bağışlamağa məqbul baxıram. Təbii ki, xanımına sezdirməyək və ətrafa sirayət etdirməyəcək şəkildə edilən xəyanəti bağışlamaq olar. Amma şəxsi müşahidələrimə əsasən, deyə bilərəm ki, ailəli bir kişinin mütəmadi eşqbazlıq yaşamasına, "sms"lər, daimi görüşlər, bayramda hədiyyələr, yaxud da rayonlara, hansısa istirahət mərkəzlərinə "səfərlər" və.s bu kimi şeyləri qəbul edə bilmirəm. Silsilə şəkildə davam edən xəyanəti bağışlamaq omaz.

- Şou və əyləncə xarakterli bir verilişin aparıcısısınız. Bu, sizə real həyatda kompleks yaratmır və sizə qeyri-ciddi münasibət göstərmirlər ki?


- Yaxın  münasibətdə olduğum insanlar, hətta dostlarım da bilir ki, subordinasiya saxlamağı sevirəm. Belə bir narahatlığım yoxdur. Əsas odur ki, insanın xarakteri ucuz olmasın.

- Sizi daha çox simaca tanıyırlar. Amma apardığınız verilişlər elə də yadda qalmayıb. Bunu nə ilə əlaqələndirirsiniz?

- Mən Azər Süleymanlı olaraq öz adıma sevinərəm o zaman. Amma ola bilsin ki, mənə təklif olunan layihələr o dərəcədə diqqət çəkən olmayıb. O qədər də razılaşmazdım bu fikirlə. Təbii ki, bir aparıcı kimi mən öz adıma cavabdehəm.

- Televiziyada hansı işlərə imza atmaq istəyərdiniz?


- Dostlarımın çoxu mənə bədii və intellektual verilişlərin yaraşdığını deyir. Gənclərlə bağlı tok-şou, tərbiyəvi, intellektual əhəmiyyətli verilişlər aparmaq istərdim.

- 20 ildən sonra özünüzü hansı verilişin aparıcısı kimi görürsünüz?


- Əslində, bu haqda tez-tez fikirləşmişəm. O zaman yaşımın və təcrübəmin daha çox icazə verə biləcəyi sosial mövzulu bir verilişin, tok-şounun, ya da ola bilər ki, xəbər aparıcısı olum.

- Xəbər aparıcısı olmaq arzunuz var?

- Xəbər aparıcısı adı mənim üçün çox sevimli və çəkilidir. Bir ara köklü dəyişiklik edib xəbər aparıcısı olmaq istəyirdim.

- Nə qədər realdı bu istək?

- Birdən-birə tamamilə dəyişməyin necə effekt verəcəyi tərrəddüdü oldu.

- Bir neçə kanal dəyişmisiniz. İş yerini tez-tez dəyişən jurnalistlər birmənalı qarşılanmır.

- 8-ci sinifdə oxuyan zaman Dövlət Televiziyasında aparıcı kimi fəaliyyət göstərmişəm. Sonra paytaxt tamaşaçısı ilə əsas görüşüm "Space" TV-də "Karaoke" layihəsi ilə oldu. "Karaoke" Azərbaycanda bu formatda ilk layihə idi. Ondan sonra "Azəri Star"ın aparıcısı oldum. Bununla da "Space" TV ilə əməkdaşlığımız səliqəli bir formada bitdi.

Mədəniyyət kanalı açılan günlərdə dəvətlə fəaliyyətimi orada davam etdirdim. 2 ilə yaxın həftə içi 5 gün "1001 sual" intellektual verilişini apardım. Daha sonra isə ATV kanalında "Şərq Ulduzu" layihəsinə dəvət aldım. Paralel şəkildə artıq yayıma başladığı gündən 5 ildir ki, "Region tv"də çalışıram. Kanal dəyişdirməyin tərəfdarı deyiləm. Ancaq biz kanalı dəyişdirsək də, tamaşaçını dəyişdirmirik. Hədəf, onsuz da, tamaşıçıdır.
 
- İdmanla aranız necədir?

- Yaxşı. Trinajora gedirəm. Vaxtım elə də çox imkan verməsə də, idmanla böyük bir sevgi ilə məşğul oluram. Dostlarım məni zaldan çıxarmaq üçün əziyyət çəkirlər (gülür).

Hələ çox işləməliyəm...


- İstirahət günləri sizin üçün mövcuddur?

- Çox təəssüf olsun ki, mənim üçün istirahət günü yoxdur. İstirahət edə bilməməyim ən çox çətinlik çəkdiyim məqamlardan biridir. Amma düşünürəm ki, hələ çox işləməliyəm. Baxmayaraq ki, illərdir aparıcılıq edirəm və ilk dəfə kameranın qarşısına çıxanda 7-ci sinifdə oxuyurdum, amma hələ çox çalışmaq lazımdır.

- Qubanı nəyə görə sevirsiniz?

- Qubanın 2-ci Nügədi kəndində doğulmuşam və hazırda ailəm Qubada qalır. Qubanı füsunkar təbiətinə görə, qoxusuna və vətənin gözəl güşəsi olduğuna görə sevirəm. Qubanı sevmək üçün səbəbim çoxdu.
       
Mən riyakar deyiləm

- Kənardan özünüzü necə bir kişi kimi qiymətləndirirsiniz?


- Bunu xanımlar cavablasa, daha yaxşı olardı (gülür). Mən riyakar deyiləm. Bu gün küsülü və soyuq münasibətdə olduğum insan, demək olar ki, yoxdu. İllər öncə tanıdıqlarımın hər biri bu gün də mənimlə bərabərdir. Nə yaxşı ki, münasibətləri davam etdirə bilmək cəhətim var.

- Amma bu yaxşı cəhət deyil. Çünki növbəti səhvlər gəlir və bağışlanacağını bilib istifadə edirlər.

- Bəlkə də, bir insana edilə biləcək "ən böyük jest", heç nə etməməkdir. Xarakterini bildiyimdən qorxmuram, bilmədiyimdən və xarakterinə bələd olmağım insandan qorxuram. Heç kəs ideal deyil...Eyibsiz dost axtaran, dostsuz qalar. Sadəcə olaraq, qarşımdakı insanın səhvini, yalanını, fırıldağını, etinasızlığını bilməliyəm. Əgər bir insanı qəbul edirəmsə, artıq onu hər şeyi ilə qəbul edirəm. Mən ideal deyiləm, qarşımdakını da ideal olmaq kimi böyük məsuliyyətə sala bilmərəm. Amma yetər ki, dürüst olsun!

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.























Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.