Şou-biznes

"Sənətdə acgözəm" - Faiq Ağayev ilə MÜSAHİBƏ

30 Dekabr 2021 11:30
0 Şərh     Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

50 illik yubileyini qeyd edən xalq artisti, tanınmış sənətkar, müasir etradamızın əsl ulduzu Faiq Ağayev moderator.az-ın suallarını cavablandırıb.
 
-Faiq bəy, öncə doğum gününüzü ürəkdən təbrik edir, sizə uzun ömür, can sağlığı, bol-bol sənət uğurları arzu edirik. Doğum günlərinizi adətən necə qeyd edirsiniz?
 
-Təbrikiniz üçün sizə və kollektivinizə təşəkkürümü bildirirəm. Doğrusu mənim üçün zaman bir göz qırpımında gəlib keçdi. Doğum günlərimi hər il böyük konsertlərlə qeyd edirdim, tamaşaçıları başıma yığıb, solo konsert keçirirdim. Bilirsiniz ki, bu il pandemiyaya görə müəyyən məhdudiyyətlər yaranıb, təbii ki, bunlar da bizim sağlamlığımız üçün düşünülüb. Ona görə də konsert keçirmədim. Amma əhval-ruhiyyəm çox gözəldir. Bizim zəfərimizdən, qələbəmizdən, bu sevinci yaşadığımızdan sonra hər kəs daha çox yaşamaq istəyir ki, bu ölkənin, məmləkətin gözəl-gözəl günlərini görsün.

-50 yaş sizin üçün yalnız yubileydir, yoxsa bu yaşınız başqa əlamətdar hadisə ilə də səciyyələnir?
 

-Xeyr, 50 yaş tək yubiley deyil, bu il həm də 33 il tamam oldu ki, mən səhnədə, sənətdəyəm. Təbii ki, başqa bir il, şərait olsaydı ənənəvi, böyük miqyaslı konsert keçirərdim. Amma inanıram ki, çox yaxın zamanda, pandemiya bitəcək və konsert keçirəcəyəm. O zaman tamaşaçılarımız görəcək ki, mən səhnədə ruhumun da cavan olmasını necə sübut edirəm? (gülür).
-Siz təkcə zahirən deyil, daxilən də hər zaman cavansınız.
 
-Minnətdaram!
 
-Konsertin necə olmasını yəqin ki, artıq planlaşdırmısınız?
 
-Konsepsiya çoxdan hazırdır. Tamaşaçılar iki Faiq Ağayev görəcəklər. Çox maraqlıdır, amma xahiş edirəm bu haqda qısa danışmaqla kifayətlənim. Ad günümdə isə çox maraqlı fotolayihə ilə tamaşaçıların qarşısına çıxacağam. 33 illik səhnə fəaliyyətim 11 fotoda... Eyni zamanda yanvar ayında "Deyə" adlı mahnıma çəkdirdiyim klip yayımlanacaq. Bundan əlavə daha iki fotosessiyam olub. Onları da yavaş-yavaş tamaşaçılara təqdim edəcəyəm. Mənə elə gəlir ki, təqdim edəcəyim işlər tamaşaçıların çox xoşuna gələcək.
-33 ili 11 fotoya necə sığdırmısınız?
 
-Gəlin bunu mənim sosial şəbəkələrimdən bu axşam seyr edək.
 
-Zəfərimizi tərənnüm edən "Sən qalibsən" mahnı və klipi necə yarandı?
 
-30 il hər azərbaycanlı bir nigarançılıqla yaşayırdı. Nə yaxşı ki, bizim müzəffər ordumuz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu. Qələbə xəbəri çıxan kimi dərhal bəstəkar Xanım İsmayılqızına zəng etdim və dedim ki, biz gərək gözəl qələbə mahnısı ərsəyə gətirək. Üstündən 3 gün keçdi Xanım artıq mahnını mənə göndərdi, bir az üstündə çalışdıq. Çox az zamanda Yaşar Baxış aranjmanını etdi və Zəfər Paradı günü mahnını təqdim etdim. Bu mənim şanlı ordumuz, vətənimiz qarşısında bir vəfa borcum idi. Bu şəhidlik zirvəsinə qalxmış oğullarımızın, ər igidlərimizin əziz xatirəsinə ithaf olunan bir mahnıdır. Orada belə bir cümlə də var ki, "Şəhidlərin ruhunun şad olan zamanıdır", çünki qələbədir. Mahnı hazır olan kimi rejissor Nail Naiboğlu ilə klip çəkilişinə keçdik və Dünya Azərbaycanlılarının Həmrəylik günündə, düz 1 il bundan öncə klipi təqdim etdim. 3 gün çəkiliş etdik. Mən bu mahnını illər öncə ifa etdiyim "Azərbaycan" mahnısı qədər sevdim.
 
-33 ildir fərqlisiniz, heç bir layihəniz az da olsa o birinə bənzəmir. Bunu necə bacarırsınız?
 
-İncəsənət insanı fərqli olmalıdır. Mən bu səhnəyə gəldiyim gündən indiyə qədər eyni sözü deyirəm ki, sənətdə acgözəm. Elə illər olub ki, əvvəlində bir solo konsert, sonunda da bir solo konsert keçirmişəm. Konsert üçün, tamaşaçı ilə ünsiyyət üçün acgözəm. Təbii ki, sənəti sevməlisən, bu gün nəyisə etmisənsə onunla kifayətlənməməlisən.
 
-Bu gün musiqimizi layiqincə təbliğ edən gənclərimiz çox azdır. Onlara tövsiyəniz nədir?
 
-Ümumiyyətlə yaxşı həmişə az olur. Bu yəqin ki, təbiətin qanunudur. Ona görə yaxşı müğənni də, aparıcı da, siyasətçi də, idmançı da azdır. Gəlin yaxşıları tərifləyək. Cavanlara demək istəyirəm ki, iddialı olsunlar, sənətdə sözlərini deməyə çalışınlar. Bu yol enişli-yoxuşludur, bəzən nəsə alınmayanda qol-qanadınız sınmasın. Növbəti dəfə mütləq alınacaq. İrəli, yalnız irəli.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.