Siyasət

Azad edilmiş ərazilər sürətlə abad olunur - TƏHLİL

26 Oktyabr 2021 09:34
Baxış: 990

44 günlük Vətən müharibəsi və torpaqlarımızın mənfur düşməndən azad olunması şanlı qəhrəmanlıq dastanı kimi tariximizin qızıl yaddaşında əbədi həkk olundu.Tarixi Zəfərdən sonra Qarabağda başladılan quruculuq işləri sürətlə davam etdrilir. İşğaldan azad edilmiş ərazilərimizdə böyük infrastruktur, enerji, kommunal xidmət obyektlərinin bir qismi istifadəyə verilib, hazırda nəqliyyat infrastrukturlarının inşası sürətlə davam etdirilir. Son 25-30 ildə dünya miqyasında post-münaqişə dövründə dövlətlər tərəfindən bu miqyasda yenidənqurma işləri həyata keçirilməyib.

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadənin sözlərinə görə azad edilmiş ərazilərimizdə yol infrastrukturu sürətlə yenilənir: "Bu istiqamətdə ilk işlər məhz Füzulidən başlayıb. Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının təməli məhz bu ilin yanvarında qoyulmuşdur. Artıq aeroport beynəlxalq statusa malikdir. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanışlıq zamanı bir daha bildirilmişdir ki, aeroportda görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Füzuli Beynəlxalq Hava Limanının Qarabağın hava qapısı kimi dəyərləndirilməsi onun strateji və iqtisadi əhəmiyyətini qat-qat artırır."

Milli Məclisin deputatı Elşən Musayev isə hesab edir ki İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi dövlətimiz üçün həm də yeni stimul, mənəvi rahatlıq anlamını daşıyır. Bu stimul, rahatlıq isə işıqlı gələcəyin növbəti müjdəçisidir: "Artıq işğaldan azad olunan torpaqlarda yenidənqurma, bərpa işləri gedir. Dövlətimiz bütün gücünü səfərbər edib ki, həmin torpaqlar yenidən dirçəlsin, insanlar tezliklə öz doğma yurd-yuvalarına qayıtsın. Üstəlik, bu planlı işlər olduqca sürətlə gedir. Ağıllı şəhər və kənd ideyası ilk gündən öz realizəsinə başlayıb, infrastrukrurun qurulması prosesi günbəgün irəliləyir, regiona böyük dövlət sərmayəsi cəlb edilib, yollar çəkilir, elektrik stansiyaları tikilir. Bir azdan Qarabağ çox dəyişəcək, çox gözəlləşəcək. Çünki artıq azaddır, çünki artıq rahat nəfəs alır, çünki artıq onun qeydinə qalan, onun qayğısını çəkən var".

Millət vəkili Vüqar Bayramov isə bildirib ki, azad edilmiş şəhərlərimizin və rayonlarımızın daha qısa zaman ərzində bərpası və yenidənqurulması həyatın daha tez zamanda həmin ərazilərə qayıtmasına imkan verəcək: "Eyni zamanda, nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərimizdə bütün yaşayış məntəqələri "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaına uyğun olaraq qurulacaq, bunun üstünlüyü ondan ibarət olacaq ki, işğaldan azad edilmiş və işğala qədər aqrar rayonlar kimi tanınan rayonarımızda da sənayeni inkişaf etdirmək mümkün olacaq. Ağdamda sənaye parkının yaradılması da məhz bundan xəbər verir. Nəzərə alsaq ki, sənaye parkına sənaye sektorunun fərqli sahələri üzrə sərmayənin cəlb edilməsi nəzərdə tutulur, bu konteksdə, işğaldan azad edilmiş ərazilərimizdə dörd iqtisadi mərkəzin formalaşdırılması həyata keçiriləcək və bu da sənaye də daxil olmaqla fərqli sektorlarını inkişafına zəmin yaradacaq.

Eyni zamanda, "ağıllı şəhər" və "ağıllı kənd" modeli həm kommunal xidmətlərə çıxış imkanlarını artıracaq, sosial xidmətlərə əlçatanlığı genişləndirəcək. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərimizdə qurulan inkişaf modeli sonrakı mərhələdə Azərbaycan iqtisadiyyatına da böyük töhfə verəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.