Siyasət

Tehran Bakıdan xahiş edir - VİDEO

19 Sentyabr 2021 14:53
6 Şərh     Baxış: 3 539

"İran Azərbaycandan Gorus-Qafan yolunda saxlanılan sürücülərin azad edilməsini xahiş edir. Azərbaycanda həbsdə olan iki iranlı sürücünün azad olunması istiqamətində Bakıdakı səfirliyimiz iş aparır".

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səid Xətibzadə Tehranda keçirdiyi brifinqdə belə deyib.

Milli.Az bildirir ki, onun sözlərinə görə, Tehran rəsmi Bakıdan saxlanılan sürücülərimizin azad olunmasını, marşrutları üzrə hərəkətlərinin təmin edilməsini və İrana qayıtmalarına köməklik göstərilməsini xahiş edir.

"Dövlətlərin ərazi bütövlüyü İran üçün önəmlidir" söyləyən Xətibzadənin sözlərinə görə, Azərbaycanla Ermənistanın gömrük və nəqliyyat qurumlarının nümayəndələrinin görüşünün təşkil edilməsi üçün İran təklif verib.

"Bu kimi məsələlərin dayanıqlı həlli üçün yaxın günlərdə sözügedən görüş baş tutacaq", - S.Xətibzadə söyləyib.

O, daha sonra Azərbaycan və Türkiyənin Xəzər dənizində keçirdiyi birgə antiterror təlimlərinə də toxunub.

"İran Xəzər dənizində Azərbaycan-Türkiyə hərbi təlim keçirməsindən narahatdır. Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyada bu məsələlər tam açıq qeyd olunub. Xəzəryanı ölkələr Konvensiyaya əməl etməlidirlər. Konvensiyaya əsasən 5 sahilyanı ölkədən başqa digər ölkənin hərbçilərinin Xəzər dənizində mövcudluğu qanunsuzdur. Xəzər dənizində 5 sahilyanı ölkə istisna olmaqla, digər ikitərəfli və çoxtərəfli razılaşmaların legitimliyi yoxdur. Bu məsələyə əvvəllər də toxunmuşuq, Tehranın diqqətindədir", - S.Xətibzadə rəsmi Tehranın əvvəlki mövqeyini bir daha səsləndirib.

S.Xətibzadənin sözlərinə görə, "qonşu ölkələrin ərazi bütövlüyü İran üçün hər bir məsələdən daha önəmlidir: "Regional əməkdaşlıq sülh və stabilliyin əsasıdır. Hazırda baş verən proseslər kollektiv əməkdaşlığa çevrilməlidir. Yeganə yol kollektiv əməkdaşlıqdır. İran qonşu ölkələrin inkişafını öz inkişafı hesab edir. Bütün qonşular inkişaf, sülh və stabilliyin kollektiv şəkildə mümkün olduğunu bilməlidirlər".

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.