Siyasət

"Demokratiya ixracı" öldü: əlvida, Amerika arzusu

1 Sentyabr 2021 11:50
1 Şərh     Baxış: 1 997

"ABŞ-ın Əfqanıstanı tərk etməsi başqa ölkələri dəyişmək və ya yenidən qurmaq cəhdlərinin sonu deməkdir".

ABŞ prezidenti Co Bayden belə söylədi.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Barrel isə İspaniyanın "Onda Cero" radiostansiyasına verdiyi müsahibəsində deyib: "Əfqanıstanda "Taliban"ın qələbəsi Qərbin tam, total məğlubiyyəti deməkdir. Baş verənlərdən dərs almalı, analoji hadisələrin dünyanın baş məkanlarında təkrarlanmasına imkan verməməliyik. Əfqanıstanda yaşananlar Qərbin aşkar məğlubiyyəti, eyni zamanda beynəlxalq münasibətlərdə əhəmiyyətli dəyişiklikdir. Dəyərlərimizi qəbul etməkdən boyun qaçıranlarla davranışımızı dəyişməliyik".

Fransa prezidenti Emmanuel Makron da eyni fikirdədir.

Onun sözlərinə görə, Qərb "demokratiya ixracı" strategiyasına son qoymalıdır.

"Əfqanıstandakı hadisələr bunu göstərdi. Artıq bir məqam gün kimi aydındır: bizim dəyərləri zorla qəbul etdirmək, hansısa ölkəyə hakimiyyəti kənardan qəbul etdirmək olmaz. Əfqanıstanla yanaşı, İraq və Liviyadakı hadisələr buna dəlalət edir. Hansısa ölkədə silah gücünə bir neçə ilə demokratiya qurmaq mümkün deyil. Bunu anladıq", - Makron deyib.

Beləliklə, Qərb üçün Əfqanıstanda nə baş verir?

Cavab çox sadədir: əfqanlar Qərbin onlara onillərdən bəri sırımağa, zorla qəbul etdirməyə çalışdıqları "dəyər"ləri rədd ediblər.

ABŞ prezidenti Co Baydenin açıqlamalarına, Qərb liderlərinin bəyanatlarına rəğmən, kollektiv Qərb Əfqanıstanı iki və ya üç həftəyə yox, 20 il ərzində itirdi.

Çünki Əfqanıstanda məhz qərblilərin istəyinə, anlamlarına və niyyətlərinə uyğun marionet hakimiyyəti yaratmaq mümkün olsa da, həmin oyuncaq iqtidar ölkəni idarə edə bilmədi.

Bilməzdi də.

ABŞ Əfqanıstandakı "macəra"sına yüz milyardlarla dollar xərcləsə də, orada çağdaş, texnogen və sivil dövlətin əsaslarını belə, qura bilmədi.

Vaşinqton anlamadı ki, demokratiya ixracı siyasəti naqis, yaramaz taktikadır və siyasi əxlaqsızlıqdır.

Əfqanlara yardım etmək əvəzinə, onların seçimlərini müəyyənləşdirməyə və əvəzləməyə çalışan Qərbin "Taliban"a məğlub olmasının trivial səbəbi var: qərblilərdən fərqli olaraq, taliblər yerli sakinlərə sosial və mədəni ünsürlərin simbiozundan ibarət yeni ideologemlər təklif edirlər.

Qərb anlamadır ki, diplomatiyanın militarlaşdırılması absurddur. Ən yaxşı siyasi ideyalar belə, süngülərə əsaslanırsa, puçdur.

Amerikalılar arasında indi bu zarafat çox populyardır: "Mövcudluğunuzun mənasızlığını düşünürsüzsə, ABŞ-ın Əfqanıstanda 20 il və 1 trilyon dollar xərcləyərək "Taliban" hakimiyyətini "Taliban" hakimiyyətinə dəyişdiyini xatırlayın".

"Yadındamı, necə başlanmışdı?" - məşhur bir mahnıda vardı bu sözlər.

Cəmi iki ay əvvəl ABŞ Corc Buş administrasiyasında müdafiə naziri olmuş Donald Ramsfelddə vidalaşdı.

Yaxın Şərqdə amerikalıların "böyük strategiya"sının müəllifi və memarı ilə.

Böyük sarkazm, çox pis pərdələnmiş nifrətlə vidalaşma idi.

ABŞ-ın Yaxın Şərqdəki savaşlara başladığı anda amerikalıları sakitləşdirmək üçün Ramsfeld demişdi: "Məlum olan məlum məsələlər var: yəni o məsələlər ki, onları bildiyimizi bilirik. Məlum olan naməlum məsələlər var, yəni o məsələlər ki, bilmədiyimizi bilirik. Amma naməlum olan naməlum məsələlər də var: onları bilmədiyimizi hətta bilmədiyimiz məsələlər".

İndisə ABŞ pərişandır. Əfqanıstanda milli şok, alçalma, pərişanlıq, qəzəb.

Amma nə olsun: Vaşinqtonda yenə yeni savaşa çağırışlar səslənir.

Yenə qayıdaq keçmişə: Ramsfeldin müavini Pol Vulfovits "ABŞ-ın bir nömrəli düşməni Səddam Hüseyndir!" deyəndə ondan "Niyə Səddam? Nə üçün Usamə bin Ladin yox?" soruşmuşdular. Vulfovitsin cavabı belə olmuşdu: "Çünki İraqdan fərqli olaraq, Əfqanıstanda bombalamağa ciddi heç nə yoxdur!"

Siyasi kretinizm və idiotizmin bariz nümunəsi olan Vulfovitsin məşhur "doktrinası"ını xatırladım: "Biz hər beş-on ildən bir heyfslənməyəcəyimiz kiçik ölkəni götürərək divara çırpmalıyıq!"

O vaxtlardan iyirmi il keçib, okeanın o tayındakı "neocon"ların təşəxəssü xeyli azalıb. ABŞ da son "imper əyalət"indən rüsvayçılıqla, biabırçılıqla qaçdı. İş o yerə çatıb ki, Birləşmiş Ştatların sabiq prezidenti Donald Tramp belə, özünü saxlaya bilməyərək "əbədi yuxulu" Co Baydenə sataşıb.

ABŞ sadəcə Əfqanıstanı yox, ata Corc Buşun dönəmindən bəri ciddi-cəhdlə qurmağa və yaratmağa çalışdığı birqütblü dünya düzənini itirdi.

20 il əvvəl BMT tribunasından amerikalılar "yeni hegemon"dan, "yeni dünya düzəninin bərqərar olmasının labüdlüyü"ndən bəhs edirdilər.

20 il keçdi, ABŞ-ın yeni dünya düzənindən qalan "Amerika arzusu"nun çiliklənmiş parçaları oldu.

Əfqanıstandan qaçış əslində Birləşmiş Ştatları çox qısa tarixində daim mövcud olduğu regional dövlət çərçivəsinin status-kvosuna qaytarır.

Çünki Əfqanıstanda yaranmış hakimiyyət boşluğunu Rusiya, Türkiyə, Çin, İran, Hindistan, Pakistan dolduracaqlar.

Avropa Birliyi də isterikadadır.

"Rusiya və Çinin Əfqanıstandakı situasiyanı nəzarət altına alaraq Kabilin sponsorlarına çevrilməsinə imkan verməməliyik! Türkiyənin də qarşısını almalıyıq", - Joxep Borrel az qala qışqırır.

"Türkiyə, Rusiya və Çinin qarşısını almaq üçün İran və Hindistandan yararlanmalıyıq", - Devid Makkalister isterikaya qapılır.

"Fransa heç zaman "Taliban"ı tanımayacaq", - Fransanın XİN başçısı Jan-İv Le Drian donquldanır.

Buyurun, cəhd edin.

Hər şey Birinci və İkinci Dünya Müharibəsi ərəfəsindəki durumu, diplomatik vurnuxmanı xatırladır.

Hamı əvvəlki yerlərindədir: əbədi isterik Fransa, başqalarını irəli verən Britaniya, yumruqlarını yelləyən ABŞ, bu ölkələri idarə edən və pərdəarxası rejissor olan kollektiv Qərb.

Bundan sonra nə olacaq?

Bilinmir.

"Taliban" bol vədlərindəki kimi, "xalqı düşünən hakimiyyət" olacaq, yoxsa əvvəlki şakərlərinə dönəcək? İndiki kimi monolit qüvvə qalacaq, yoxsa düşərgələrə, qruplara, bloklara parçalanacaq?

Əfqanıstanda yaşana biləcək yeni Xaosun qarşısını ala biləcək qüvvə kim olacaq?

O qüvvə kimə arxalanacaq?

Suallar çoxdur.

Biabır olmuş Qərbə gülmək, ələ salmaq asandır.

Bunu etməməliyik.

Sayıq olmalı, vəziyyəti dəqiq qiymətləndirməli və yaşananlardan maksimum mənfəət əldə etməliyik.

Bu edilməlidir.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.