Siyasət

Tehranda sonu bəlli macəra: bu gün İran Rəisini seçəcək

18 İyun 2021 11:03
Baxış: 1 653

Bu gün İran İslam Respublikasında prezident seçkiləridir. Səsvermə səhər yerli vaxtla 07:00-da ölkə daxilindəki və xaricindəki seçki dairələrində başlayıb.

Seçkilərdə Konstitusiyaya Nəzarət (Nigəhban) Şurasının təsdiq etdiyi yeddi namizəddən üçü son bir neçə gündə namizədliyini geri götürüb və İbrahim Rəisi, Mohsen Rzayi, Əbdulnaser Hemməti və Əmir Hüseyn Qazizade Haşimi seçki səhnəsində qalıb.

İran Daxili İşlər Nazirliyi səsvermənin gecə 24:00-ə qədər davam edəcəyini və hətta saat 02:00-dək qədər uzadıla biləcəyini açıqlayıb.

Daxili İşlər vəziri Əbdürrza Rəhmani Fəzlinin sözlərinə görə, seçkinin nəticələri rəyvermədən, çox güman k,i bir-iki gün sonra elan ediləcək.

İranda təxminən 59 milyon insan prezident seçkilərində rəy vermək hüququna malikdir.

İran DİN indiki seçkilərdə seçici fəallığının tərqibən 47 % olacağını ön görür, ancaq İranda "İSPA" Sorğu Mərkəzi bunu 42 % həddində proqnozlaşdırıb.

İran xalqı ölkədəki mövcud vəziyyətdən dərin narazılıq hissi keçirir.

İranın dini rəhbəri ayətulla Əli Xamenei və digər dövlət rəsmiləri bu həftə keçiriləcək prezident seçkilərində davamlı olaraq insanları iştirak etməyə təşviq etsələr də, İran əhalisinin bir çoxu ölkədə dəyişikliyin seçki yolundan keçmədiyinə inanır.

"Associated Press"in verdiyi məlumata görə, yalnız çox az sayda iranlı seçkilərdə iştirakının ölkəni böhrandan çıxaracağını gözləyir. Bunun əksinə, bir çoxları ya qərarsızdır ya da seçkiləri boykot etmək fikrindədir və hökumətin onların həyatını yaxşılaşdıracağına inanmadıqlarını bildirirlər.

Bir çoxları hesab edir ki, var-dövləti və imkanı olanlar ölkədəki vəziyyətin dəyişməsini gözləməyərək, əllərində olan hər şeyi götürüb İranı tərk edirlər. Belə bir acı yanaşma yüz minlərlə iranlını problemli ölkələrini tərk etmək və dünyanın başqa yerlərində daha yaxşı bir həyat əldə etmək şansını sınamağa sövq edir.

Bununla belə, iranlıların ümumi düşüncəsi budur ki, kimin prezident olmasının heç bir əhəmiyyəti yoxdur, çünki ölkədəki vəziyyət həmişə eyni olub. İranlıların əksəriyyəti ölkədəki mövcud vəziyyətdən dərindən narazıdır və daha yaxşı gələcək üçün çox arzuları var.

Namizədlər: onlar kimdir?

Prezident seçkilərində iştirakına icazə verilmiş yeddi namizəddən biri, Möhsün Mehralizadə namizədliyini həftənin 3-cü günü geri götürüb, İRNA xəbər agentliyi məlumat yayıb.

Bununla da İranda iyunun 18-də prezidentlik uğrunda yarışanların sayı 6 olub.

Hazırkı Prezident Həsən Ruhani bu vəzifədə maksimum iki müddətini başa vurduğu üçün üçüncü dəfə öz namizədliyini irəli sürə bilməzdi.

Seçkidən əvvəl yüzlərlə namizəd qeydiyyata alınsa da, seçki prosesinə nəzarət edən qüdrətli Qəyyumlar Şurası yalnız yeddi nəfəri təsdiqləyib.

Onlardan beşi şərti olaraq "mühafizəkar", iki nəfər isə "mərkəzçi" və "islahatçı" sayılır.

Namizədlərə nəzər salaq:

1. İbrahim Rəisi. İran siyasətinin "mühafizəkarlar" düşərgəsinin mənsubu olan İbrahim Rəisi seçkilərin favoritidir. İranlı ekspertlərin fikrincə, o, prezident Ruhanini və yaxın perspektivdə hətta ölkənin ali dini rəhbəri ayətulla Əli Xameneyini də əvəzləyə bilər.

Rəisinin rəqibləri seçkiqabağı təbliğat kampaniyasında onunla effektiv siyasi mübarizə apara bilməyiblər. Rəisi isə vətəndaşlara hazırda ölkədə mövcud olan çox ciddi iqtisadi problemləri həll edəcəyini, işsizlik və hiperinflyasiyaya çarə tapacağını vəd edib.

2. Möhsün Rezai. 66 yaşlı 1980-1988-ci illərdə "İslam İnqilabı Keşikçiləri Korpusunun" ("Pasdarane Eslame") komandanı olub.

Tehran Universitetinin professoru, iqtisad elmləri doktoru olan M.Rezai indiyədək 3 dəfə prezident seçkilərinə qatıldığından İranda siyasi ekspertlər onu "əbədi, daimi namizəd" adlandırırlar.

3. Səid Cəlili. "Köhnə qvardiya" mənsubu olan Səid Cəlili 2007-2013-cü illərdə, Mahmud Əhmədinejadın prezidentliyi vaxtı xarici işlər nazirinin müavini vəzifəsində işləyib. Eyni zamanda S. Cəlili İranın nüvə proqramı ilə bağlı "Altılıq" ölkələri ilə danışıqlar prosesində Tehranın nümayəndə heyətinə rəhbərlik edib.

8 il əvvəl, 2013-cü ildə prezident seçkilərinə qatılmış S.Cəoldi səslərin sayına görə 3-cü yeri  tutmuşdu.

Vəzifələrin çoxuna bilavasitə Ali Dini Rəhbər tərəfindən təyin olunduğuna görə, yeni nəsil onu "köhnə qvardiyanın" üzvü kimi görür.

4. Əbdülnasir Hemməti. İran Mərkəzi Bankının sabiq sədri Ə.Hemməti seçkilərə az qalmış namizədliyini geri götürmüş, yeganə islahatçı namizəd kimi tanınan Möhsün Mehralizadədən başqa seçkilərdə iştirakına icazə verilən yeganə qeyri-mühafizəkar namizəddir.

Tehran Universitetinin professoru, iqtisad elmləri doktoru Ə.Hemməti ölkə hakimiyyətindəki əks qütblərlə rahatlıqla dil taparaq işləyən insan kimi tanınır.

5. Əmirhüseyn Qazizadə Haşimi. Ötən ilin may ayından bəri İran parlamentinin spikerinin birinci müavini olan 50 yaşlı Haşimi 2008-ci ildən bəri Məşhədi təmsil edən deputatdır.

O, bu gün seçkilərdə mübarizə aparan namizədlər arasında yaşca ən gəncidir.

6. Əlirza Zəkani. Bir zamanlar İranda tələbələrin Xalq Könüllü Müqavimət Qüvvələrinin ("Bəsic") rəhbəri olmuş Ə.Zəkani millət vəkilidir. İfrat mühafizəkar siyasətçidir.

Seçkinin Rəisi

Mühafizəkar din xadimi və siyasətçi, 62 yaşlı seyid ayətulla İbrahim Rəisi İranın ali dini lideri Əli Xamneynin yerlisi, əslən Məşhəddən olan şəxsdir.

82 yaşlı Xamneynin varisi qismində də çoxları elə Rəisini görür.

Ölkədə keçirilmiş rəy sorğularının nəticələrinə görə, seçicilərin 64 faizi Rəisini dəstəkləyəcəklərini bildiriblər.

İranın indiki prezidenti Həsən Ruhaninin və "islahatçılar"ın sərt tənqidçisi olan Rəisi uzun illər boyu ölkənin məhkəmə-hüquq sistemində çalışıb.

2017-ci ildə prezident seçkilərinə qatılmış İbrahim Rəisi səslərin 39,5 faizini toplayaraq ilk turda Həsən Ruhaniyə uduzmuşdu.

Rəisinin başlıca rəqibi seçici səslərinin təqribən 9 faizini toplaya biləcək Möhsün Rezaidir.

"İslahatçılar"ın yeganə namizədi olan Hemmətinin isə təqribən 3,5 faiz səs yığacağı gözlənilir.

Nə olacaq?

İranın qarşısında duran ən başlıca, əsas məsələ ABŞ-ın tətbiq etdiyi sərt sanksiyaların aradan qaldırılması, ya da heç olmasa yumşaldılmasıdır. Bunun üçünsə İran gerçəkləşdirdiyi nüvə proqramı ilə bağlı danışıqlarda Qərbə bəlli güzəştlərə getməlidir.

Rəsmi Tehranın məqsədi dünya bazarlarına neft ixracını bərpa etmək, bununla da ölkədə tüğyan edən hiperinflyasiyanı səngitmək, ağır iqtisadi böhrandan çıxışa başlamaqdır.

İranda xarici siyasəti ali dini rəhbər bəlirləyir, prezident isə rəhbərin ideyalarını reallaşdırır.

Hazırda İranın ali dini rəhbəri ayətulla Xamneyi də, potensial prezident İbrahim Rəisi də ABŞ ilə danışıqların bərpasına tərəfdardır.

Prezident Həsən Ruhani və administrasiyası avqust ayınadək hakimiyyətdə olacaq. Həmin müddətədək Ruhaninin Vaşinqtonla sövdələşərək müəyyən preferensiyalara nail olmaq imkanları var.

Fəqət, imkanlar məhduddur və bu baxımdan danışıqların sentyabrdan sonra başlanacağı gözlənilir.

İbrahim Rəisinin ultramühafizəkar mövqeyi və Qərbə qarşı istiqamətlənmiş ritorikası İranın nüvə proqramı ilə bağlı Qərblə anlaşmanın əldə olunmasına maneələr yaratmayacaq.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.