Siyasət

Ermənilər seçməlidir: ya həyat, ya məhv

27 May 2021 13:23
Baxış: 2 496

İyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində ənənəvi siyasi qüvvələrlə yanaşı, yeni partiyalar və seçki blokları da iştirak edəcəklər.

Ermənistanın Mərkəzi Seçki Komissiyası seçkilərə qatılmaq niyyətində olan siyasi qüvvələrin seçki siyahılarının qəbulunu başa vurub.

20-dən artıq partiya və blok siyahıları təqdim ediblər.

Ermənistanda seçkiqabağı təbliğat kampaniyası iyunun 7-də başlanacaq.

Siyahını son təqdim edənlərdən biri Ermənistan Demokratik Partiyasıdır. Bu təşkilatın siyahısına iş adamı Tiqran Arzakantsyan rəhbərlik edir.

"Vətəndaş Seçimi" Partiyasının siyahısında ilk yerlərdə Suren Saakyan, Qor Hakopyan və İrina Hovvanisyan var.

"Şirinyan-Babacanyan" blokunun siyahısında ilk üç yer belədir: müstəqil deputat Arman Babacanyan, Ermənistan Xristian-Demokrat Partiyasının sədri Levon Şirinyan və vəkil Seda Safaryan.

Jirar Sefilyan rəhbərlik etdiyi Milli-Demokrat Qütb Hərəkatında yer almayıb. Sefilyanın təşkilatının siyahısında ilk yerlərdə Vage Qasparyan, Varujan Avetisyan və Kara Çobanyan var.

"Suveren Ermənistan"ın sədri David Sanasaryanın başçılıq etdiyi siyahının ilk üçlüyündə sonrakı yerləri Suren Poqosyan və Narine Martirosyan tutublar.

"5165" Milli-Mühafizəkarlar Hərəkatının siyahısına Karin Tonoyan rəhbərlik edir. Sonrakı iki yerdə müğənni Arsen Qriqoryan (Mro) və Ermənistanın tanınmış onkoloqu Gevorq Tamamyan durublar.

"Zartonk" Partiiyasının siyahısında ilk üç yerdə Ermənistan Vəkillər Palatasının sədri Ara Zöhrabyan, ictimai xadim Vaahn Çaxalyan və psixoloq Karine Nalçacyan var.

Rusiya Erməniləri İttifaqının sədri, milyarder Ara Abramyanın və "Alyans" sədri Tiqran Urixanyanın başçılıq etdikləri "Ermənistan Evimdir" Partiyasının siyahısının lideri Tiqran Urizanyandır. Sonrakı iki yerdə Vardan Ayvazyan və Sona Gülkanyan gəlirlər.

"Ermənistan Qartalları" Partiyasında ilk üç yerdə Xaçik Asryan, Araik Paronyan və Armine Vahramyan yer alıblar.

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın "Ermənistan" blokunun siyahısına elə R.Köçəryan liderlik edir. Sonrakı iki yerdə Daşnaksutyunun büro üzvü İşxan Saqatelyan və deputat Anna Qriqoryanın adları var.

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın sədr olduğu Erməni Milli Konqresinin seçki siyahısına Ter-Petrosyan başçılıq edir.

Siyahıda ikinci yerdə sədr müavini Levon Zurabyan, üçüncü yerdə isə siyasətdə yeni adam olan İnessa Qabayan var.

Milyarder Qagik Sarukyanın sədr olduğu "Çiçəklənən Ermənistan" Partiyasının siyahısına elə təşkilatın rəhbəri başçılıq edir.

Bu partiyadan olan və Ermənistanda tanınan millət vəkilləri Naira Zohrabyanla Gevorq Petrosyan isə seçkilərə qatılmayacaqlarını bəyan ediblər.

Sabiq prezident Serj Sarqsyanın "Şərəflə xidmət edirəm" blokunun seçki siyahısına "Vətən" Partiyasının sədri  Artur Vanesyan başçılıq edir.

Sornrakı iki yerdə İrəvanın sabiq meri Taron Marqaryan və S.Sarqsyanın sabiq köməkçisi Anna Mkrtçyan bərqərar olublar.

Və ən nəhayət, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən "Vətəndaş Sazişi" blokunun seçki siyahısı...

N.Paşinyanın başçılıq etdiyi siyahıda sonrakı iki yerdə parlamentin spikeri Ararat Mirzoyan və "Mənim Addımım" fraksiyasının lideri Lilit Makuns var.

Növbədənkənar parlament seçkilərində sürpriz ola bilər. Belə ki, Rusiyadakı erməni diasporunun və Moskvadakı bəlli siyasi dairələrin dəstəklədiyi sabiq prezident Robert Köçəryan Ermənistan vətəndaşlarına "xilaskar", "problemləri həll edəcək adam" kimi təqdim olunsa da, onun mövqeləri möhkəm deyil.

Ölkədə keçirilmiş son rəy sorğularının nəticələrinə görə, respondentlərin 14,4 faizi Robert Köçəryana, 25,3 faizi isə Nikol Paşinyana səs verəcəklərini deyiblər.

Səsverməyə qatılan ermənilər nə qədər az, seçici passivliyi nə qədər aşağı səviyyədə olarsa, N.Paşinyanın qələbə şansları bir o qədər çoxdur.

Sosial şəbəkələrdə sərhədlərin demarkasiyası və delimitasiyası, İkinci Qarabağ Müharibəsində Ermənistanın kapitulyasiyası və s. ilə bağlı isteriya səngimək bilməsə də, Nikol Paşinyan "xəyanətkar", "əclaf", "türk agenti" adlandırılsa da, Ermənistanın əyalətlərinin sakinləri revanşizmdən qorxurlar.

Onlar sərhədlərin açılmasını, dinc yaşayışı arzulayırlar.

Nikol Paşinyan da ermənilərə bunu vəd edir.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.