Siyasət

İranın yeni macərası baş tutacaq?

22 May 2021 00:15
Baxış: 2 222

İyunun 18-də İranda keçiriləcək prezident seçkiləri ölkənin daxili siyasəti ilə bahəm, xarici siyasətində də ciddi dəyişikliklərə səbəb olar bilər. Həmin dəyişikliklər arasında İran İslam Respublikasını faktiki olaraq dünya leqal neft bazarının ən zəif oyunçularından birinə çevirmiş ABŞ sanksiyaları ilə bağlı situasiya da var.

İranın indiki prezidenti, postu ilə vidalaşacaq Həsən Ruhaninin Qərblə anlaşmaq və dil tapmaq üçün göstərdiyi səylərin uğursuzluğu sözügedən prosesin sonu ola bilər. Çünki Tehranda hakimiyyətə gələcək şəxsin "mühafizəkar" mövqeli olacağı şübhə doğurmur.

Bundan başqa, İranın "cəsarət"ini artıran məqamlardan biri də martda Çin Xalq Respublikası ilə imzalanmış uzunmüddətli anlaşmadır.

"Səmaaltı İmperiya" isə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan yan keçərək Tehrandan neft almaq niyyətindədir. Fəqət, Çinin vəd etdiyi investisiyalar hesabına İran iqtisadiyyatının sanksiyalardan dolayı məruz qaldığı həddən ziyadə ağır itkilərin fəsadlarından tezliklə qurtulacağını ehtimal etmək sadəlövhlük olardı.

Səbəb - Vaşinqtonun 1979-cu ildən bəri davam edən və son illərdə daha da sərtləşdirilmiş sanksiyaları nəticəsində İran iqtisadiyyatı ağır durumdadır.

İranın dünya neft bazarındakı son davranışları isə bu ölkənin qlobal siyasətdə və iqtisadiyyatda çətin proqnozlaşdırılan, sistemsiz oyunçu imicini bir daha təsdiqlədi. OPEC+ üzvü olan ölkələr anlaşmaların şərtlərinin uzadılması məqsədilə çətin kompromislər axtarışında ikən, qurumda təmsil olunmuş, amma sanksiyalarla bağlı öhdəliklərdən azad edilmiş İran OPEC+ neftinin ən iri alıcısı Çinlə öz oyununu aparır.

Son aylarda İrandan Çinə neft ixracı fasiləsiz artımdadır. Rəsmi Tehran və Pekin "qara qızıl" satışları ilə bağlı statistikanı açıqlamadıqlarından müstəqil hesablamalarda ciddi fərqlər var. Lakin analitiklər hesab edirlər ki, İran Çindəki özəl neftayırma zavodlarına neftin hər barrelini 6-7 dollarlıq ciddi endirim güzəşti ilə satır.

"Refinitiv Oil Research" agentliyinin hesablamalarına görə, ötən ilin noyabrından bəri Çin İrandan orta hesabla sutkada 557 min barrel neft alıb. Bu isə İranın ümumi sutkalıq neft ixracının təqribən 5 faizini təşkil edir.

"Reuters"in hesablamalarına görə, bunun nəticəsində Çinə neft satan ölkələrin çoxu, o cümlədən Braziliya, Rusiya, Anqola və s. "qara qızıl"larının satışı üçün təcili qaydada alternativ bazarlar axtarmaq məcburiyyətində qalıblar.

İranın Çin bazarında belə nümayişkaranə davranışı səbəbsiz deyil.

Martın 27-də Tehranda İranla Çin arasında hərtərəfli əməkdaşlıqla bağlı 25 illik anlaşma imzalanıb. Çin lideri Si Szinpinin 2016-cı ilin yanvarında İrana rəsmi səfərindən bəri həmin sənəd hazılanırdı. Bu dəfə Szinpin Tehrana yollanmadı, anlaşmanı Çinin xarici işlər naziri Van İ imzaladı.

İmzalanmadan sonra tərəflərin bəyanatlarında konkretlik yox idi: "anlaşma sadəcə, yol xəritəsidir" söyləndi, mətn isə dərhal "məxfi" qrifi aldı.

Sənədin imzalanma tarixi təsadüfi deyil. İranla Çin arasında artıq rəsmiləşdirilmiş alyans bu ölkələrin ABŞ prezidenti Co Bayden administrasiyası ilə münasibətlərində danılmaz, nəzərə alınmaması mümkünsüz amilə çevriləcək.

Ağ Evin Çin və İran istiqamətindəki fəaliyyəti hələlik aktiv deyil. Sabiq prezident Donald Trampın dönəmində Çinə qarşı başlanmış ticari savaşı dayandırmaq əvəzinə rəsmi Vaşinqton Sinzyan-Uyğur Muxtar Rayonunda insan haqlarının pozulduğunu bəyan edərək Pekinə qarşı sanksiyalar tətbiq edib.

İki ölkə arasındakı gömrük tariflərinin müzakirəsi təxirə salınıb. İranın nüvə proqramı ilə bağlı danışıqlar aprelin ortalarında Vyanada bərpa olunsa da, konkret sonuclara hələ çox var.

Co Bayden administrasiyasını qayğılandıran əsas məsələ indi Birləşmiş Ştatlarda 2,3 trilyon dollarlıq infrastruktur planın təsdiqlənməsidir. Plan vergilərin artırılmasını və ölkənin neft-qaz sektoruna federal büdcədən ayrılan subsidiyaların ciddi ixtisarlara uğradılmasını nəzərdə tutur.

İran isə Çinlə anlaşmasına ciddi ümidlər bəsləyir. Belə ki, Tehran 2046-cı ilədək Çindən təqribən 400 milyard dollara qədər investisiya alacağını düşünür. Həmin pulların əhəmiyyətli hissəsi İran energetikasına və nəqliyyatına yatırılmalıdır. Məsələn, Maku və Abadan şəhərlərində azad ticarət zonalarının yaradılması, İran dəmiryol şəbəkəsinin modernləşdirilməsi nəzərdə tutulub.

Yaxın Şərq ölkələri arasında Qərbin birbaşa təsiri altında olmayan ölkə İran olduğundan Çin maraqlarını bu bölgədə təmin etmək üçün Tehrandan plasdarm qismində istifadə etmək fikrindədir.

İranın strateji durumu və resurs potensialı buna imkan verir. Çini daha çox maraqlandıran məqamlar İranın təbii ehtiyatları və emal infrastrukturudur ki, onlar Pekinin "Bir kəmər-Bir yol" qlobal layihəsinin tərkib hissələrinə çevrilə bilər.

Çinlə birgə layihələrin icrası iyunun 18-də İranda keçiriləcək prezident seçkilərində kimliyi bəlli olacaq yeni prezident üçün ümdə məsələlərdən birinə çevriləcək.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.