Siyasət

Rusiya da "Bayraktar"ı seçdi

1 Aprel 2021 11:48
Baxış: 4 753

Türkiyənin dünyaca məşhur "Bayraktar TB2" PUA-ları bundan sonra Rusiyada da istehsal olunacaq.

"Türk Havacılık Haberleri"nin verdiyi məlumata görə, "Bayraktar TB2" pilotsuz uçan aparatının istehsalçısı "Baykar" qrupuna daxil olan "Baykar Defence" şirkəti Rusiyanın Nijni Novqorod şəhərindəki "Novıe bespilotnıe sistemı" (NBS) ASC ilə əməkdaşlıq anlaşması imzalayıb.

NBS şirkəti Rusiyanın müdafiə sistemləri və hərbi texnika sənayesi bazarında hələlik yeni, çox tanınmayan şirkətdir. Lakin bu şirkətin Rusiyanın tanınmış oliqarxlarından birinə məxsus olduğu vurğulanır.

NBS "Bayraktar TB2" PUA-larını Rusiyanın Müdafiə Nazirliyinə hazırda ölkədə işlənən və istehsala hazırlıq prosesində olan, lakin layihələndirməsindən tutmuş, seriya istehsalına qədər olan yolun çox ləng qət edildiyi yerli PUA-lara alternativ qismində təkliv etmək niyyətindədir (Bu gün 1 apreldir, - red).

Daha konkret olsaq, Rusiyada istehsal ediləcək "Bayraktar TB2" hazırda Yaroslav şəhərindəki "Luç" Konstruktor Bürosunun layihəsi olan "Korsar" döyüş PUA-sına alternativ sayılır.

Maraqlıdır ki, "Bayraktar TB2" PUA-sının Rusiyada istehsalı ilə bağlı anlaşma 2020-ci ilin yayında, İkinci Qarabağ Müharibəsinin başlamasından əvvəl imzalanıb.

Rusiya Müdafiə Nazirliyinin əsas şərti ölkədə istehsal ediləcək "Bayraktar TB2" PUA-larının əsasən Rusiya və Çin istehsalı olan avadanlıqla təchiz olunmasıdır.

Hazırda "Bayraktar TB2"-də Qərb ölkələrində istehsal olunmuş avadanlıq və qurğulardan geniş istifadə olunur. Qərblə Rusiya arasında münasibətlər həddən ziyadə gərgin olduğundan Moskvaya qarşı istənilən an yeni sanksiyalar tətbiq oluna bilər və bu durum "Bayraktar TB2"lərin Rusiyada istehsalında çox ciddi problemlər yarada bilər. :)

Məsələn, Rusiyada istehsal ediləcək, şərti adı "Baykar Defence" və ya "Bayraktar TB2-R" olacaq PUA-larda Çinin "Chongqing Yuanqian Electro-Optical Science And Technology Co., Ltd." şirkətinin istehsalı olan elektron-optik stansiyadan, Rusiyanın QLONASS sistemindən yararlanacaq naviqasiya modulundan istifadə olunacaq.

Rusiya istehsalı olacaq "Bayraktar TB2-R"lər kommersiya bazarlarında asanlıqla əldə olunan "Rotax 912" mühərriki ilə təchiz ediləcəklər. Bu PUA-ların yerdən idarə olunma stansiyası isə Belarusun "AQAT-sistemı upravleniya" şirkətinin iştirakı ilə hazırlanır və istehsalda Belarus istehsalı olan detallarla avadanlıqdan istifadə olunur.

"Bayraktar TB2-R"lər və onların idarəetmə stansiyaları Rusiyanın Nijni Novqorod şəhərində NBS-nin sexlərində yıxılacaq. PUA-ların yığılması üçün detalları ilkin mərhələdə "Baykar Defense" verəcək, idarəetmə stansiyasının avtomobilləri isə KamAZ-lar olacaq.

PUA-lar Rusiya istehsalı olan, o cümlədən Kursk şəhərindəki "Aviaavtomatika OKB"də buraxılan döyüş sursatları, raketlər və bombalarla təcşiz ediləcək.

"Bayraktar TB2-R" PUA-sının eksperimental modelinin uçuş sınaqları Türkiyədə keçiriləcək.

Xatırladaq ki, "Baykar Defense" hazırda Ukrayna üçün də "Bayraktar TB2" istehsal edir. :)

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.