Siyasət

"İşğala əsaslanan geosiyasi nizam davamlı ola bilməz" - İran səfiri

18 Mart 2021 12:11
Baxış: 650

İşğal və təcavüzə əsaslanan geosiyasi nizam davamlı ola bilməz.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

S.A.Musəvinin sözlərinə görə, İran, Rusiya, Ermənistan və digər ölkələrdə bəzi analitiklər reallıqları nəzərə almadan prosesi izləyirdilər:

"Onlar üçün belə bir fikir formalaşmışdı ki, mövcud vəziyyət, yəni Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalda qalması və iki ölkə arasında düşmənçiliyin davam etməsi yaxşı variantdır. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini regional mövcud nizamda bir növ problem hesab edirdilər".

Diplomat əlavə edib ki, siyasət və beynəlxalq münasibətlərdə reallıqları görmək lazımdır: "Buna əsasən İranın iki qonşusu arasında daimi düşmənçiliyə xüsusi önəm verənlər səhv etdilər. Heç kim qonşular arasında ixtilaflardan faydalana bilməz. İran qonşular arasında səmimi münasibətlərin tərəfdarıdır".

İran səfiri qeyd edib ki, məntiqli əsasları olan ölkələr mənafelərini qonşularının ixtilafları deyil, sülh və stabilliyə əsasən müəyyənləşdirirlər:

"Təəssüflər olsun ki, Azərbaycan şəhərləri müharibə ilə, qanların axıdılması ilə, 1 milyondan çox azərbaycanlının didərgin düşməsi ilə işğal edildi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, beynəlxalq və regional təşkilatlar, bir sıra region və dünya ölkələrinin xəbərdarlıqlarına baxmayaraq, Azərbaycan əraziləri təxminən 28 il ermənilərin işğalı altında qaldı".

S.A.Musəvinin sözlərinə görə, ərazilərin işğalı, ölkələrin ərazi bütövlüyü prinsipinə riayət olunmaması bölgədə destabilliyin əsas səbəblərindən biri idi: "İran üçün bölgədə stabillik və davamlı təhlükəsizlik çox önəmlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.