Siyasət

Hakimiyyət partiyası dəyişir: "Yeni Azərbaycan"ın məqsədi nədir?

9 Mart 2021 15:28
Baxış: 3 008

Yeni Azərbaycan Partiyasının 7-ci qurultayı ölkənin siyasi-ictimai həyatında yeni ilin ən önəmli hadisələrindən biri oldu. Hakimiyyət partiyası formatından çıxaraq cəmiyyətin və siyasi proseslərin avanqardına çevrilmək niyyətində olan siyasi təşkilat dəyişməklə yanaşı, dəyişdirmək niyyətindədir.

Postsovet məkanındakı ölkələrin dövlət başçılarının hamısından fərqli olaraq İlham Əliyev bilir ki, liberalizm və postsənaye ideologemlər toplusunun prinsipial mahiyyəti onları doqmatik sistemə çevirə ğilməyəcək. Çünki çağdaş dünyanın siyasi düzəninin məhvərində yeni sistem - birdəfəlik bəlirlənmiş norma və qaydaların yoxluğu durur.

Dahi liberal nəzəriyyəçi Fridrix A.Hayekin ideyaları, əslində, Yeni Azərbaycan Partiyasının yenilənməsi ilə ölkəmizdə reallaşır. Gerçəkdən də, "güclü dövlət-güclü şəxsiyyət-güclü sistem" tərəfdarları həmişə liberalizmi məhz sərt determinist sxemlərin yoxluğuna, siyasi mütəhərrikliyə və başqa ideologemləri əxz edə bilməməsinə görə tənqid edirdilər.

Azərbaycanda özlərini liberal bəyan edən siyasi qüvvələrin və siyasətçilərin də faktiki olaraqş ehkamçılığa, doqmatik mərəzlərə immunitetləri yoxdur: onlar liberal demokratiyanı kənardan idxal ediləcək dəyərlər toplusu sanırlar.

Yeni Azərbaycan Partiyasının (YAP) dəyişməsi, təkmilləşməsi və fərqli formatda fəaliyyətə başqlaması zərurətdir. Bu, onillərdən bəri ölkəmizə kənardan təzyiqlər və sərt pressinq vasitəsilə sırınan "demokratiya modeli"nin naqisliyidir. Kollektiv Qərbin emissarları və xüsusilə də Azərbğaycanda siyasətlə məşğul olduqlarını iddia edən, radikal müxalifət düşərgəsində paslanmış, nimdaş şüarlarla gündəm formalaşırdıqlarını düşünən adamlar cəmiyyətə süni diskussiyanı təlqin etməyə çalışırlar. Həmin qüvvələrlə şəxslərin fikrincə, güclü dövlət və ümumiyyətlə, dövlət vətəndaş cəmiyyətinə, insan haqlarına qarşıdır. Lakin "vətəndaş cəmiyyəti güclü dövlətə qarşı" dixotomiyası quraşdırılarkən onlar ciddi səhvlərə yol verirlər.

Siyasi ekstremizmin mülayim variantını seçən radikallar cəmiyyətə aşılamağa çalışırlar ki, güclü dövlət və dövləti idarə edən güclü şəxsiyyət mütləq totalitarizmidir. Halbuki, belə təqdimatda vətəndaş cəmiyyətinin ədalətsiz və hətta mənəviyyatsız rəqibi dövlətin istənilən fəaliyyətini qətiyyətlə pisləyən, hakimiyyəti sürəkli olaraq "bu rejim" adlandıran və sosial şəbəklərdəki aktivliyi siyasi iş sayanların Leviafan təki davranmağa çalışmalarıdır.

Etatist təsiri bağışlamağa çalışan radtikal müxalifətçilərimiz "güclü dövlət" dedikdə mütləq olaraq SSRİ-ni, Şimali Koreyanı, Almaniya Reyxini və s.-ni misal göstərirlər.

Bəs yaxşı, onda Şarl de Qoll dönəmindəki Fransanı, Ronald Reyqan vaxtındakı ABŞ-ı, Marqaret Tetçer dönəmindəki Britaniyanı, İsraili hansı dövlət tipologiyasına aid edək?! Axı məhz de Qoll, Reyqan, Tetçer və s. kimi güclü şəxsiyyətlər, cəmiyyətin rifahı üçün bəzən ilk baxışdan sərt təsir bağışlayan qərarlar qəbul edən liderlər dövlətləri inkişaf etdiriblər, nüfuz və qüdrət sahiblərinə çeviriblər.

Məhz belə güclü şəxsiyyətlərin sayəsində dövlət vətəndaşların hüquqlarını, həyatını, azadlığını və mülkiyyətini "azad həyat" aşiqlərinin xaosundan uğurla müdafiə edib.

Bütün demokratizminə, hazırda ifrata varmış siyasi korrektliyə rəğmən amerikalılar "urbi et orbi" olaraq Timoti Makveyin edamına həvəslə, şövqlə baxmadılarmı?

"Qılınc götürənlər qılıncdan da həlak olacaqlar" təki Əhdi-Cədid prinsipindən Qərbin inkişaf etmiş hansı dövləti imtina edib?!

YAP-ın yenilənməsini şərtləndirən əsas prinsiplərdən və vəsilələrdən biri də elə budur - dövlətin daha da möhkəmlənməsi. Müxtəlif tarixi dövrlərdə dövlətlərin zəifləməsi heç bir halda insanların hüquqlarının və azadlıqlarının artmasına, güclənməsinə, illah da ki, vətəndaş institutlarının formalaşıb dayanıqlı hal almasına səbəb olmayıb.

Məsələn, ərəb hücumları zamanı İranın dövlət mexanizmləri Şah İsmayıl Səfəvinin hakimiyyəti dlönəmi ilə müqayisədə daha zəif idi. Amma cənubdakılar bunun sayəsində daha azad olmuşdularmı?

1990-cı illərdə Bakıda az qala hər gün mitinq və yürüş olurdu, piketlər, aksiyalar keçirilirdi. O dönəmdəki anarxiya, dövlət qurumlarının potensialının az qala heçə enməsi prosesində vətəndaşlarımız özlərini daha təhlükəsiz, azad, sərbəst və inamlı hiss edirdilər, yoxsa indi?!

Azərbaycandakı "demokratiya aşiq"ləri hələ də anlamaq istəmirlər və anlaya bilmirlər ki, dövlətin zəifləməsi, hərc-mərcliyin yaranması hakimiyyətə ekstremistlərin, qara kütlənin gəlişi, vətəndaş cəmiyyətinin ayaqlar altına salınması ilə nəticələnir.

YAP buna qarşı çıxır, buna imkan verməyəcəyini bəyan edir və tam dürüst mövqe tutur.

YAP-ın təkamülünü şərtləndirən məqamlardan biri də dövlət-vətəndaş münasibətlərinin çağdaş dünyanın çağırışları müstəvisində yeni forma və mahiyyət kəsb etməsidir.

İlham Əliyevin yürütdüyü siyasətin əsasını təşkil edən əsas prinsip budur: dövlət cəmiyyətin iqtisadi və siyasi tənzimləycisi yox, vətəndaş cəmiyyətini anaxiyadan və oxlokratik qaragüruhdan qoruyan sistemdir.

Misallar üçün uzağa getməyə dəyməz. Qərb dəyərlərinin, demokratiyanın və insan haqlarının mətin, dönməz və az qala əbədi müdafiəçiləri, daşıyıcıları və təbliğatçısı olduqlarını bəlağətlə söyləyən müxalifət liderlərinin bəzilərinin sosial şəbəkələrdəki səhifələri ilə profillərinə baxmaq yetər.

"Biz gələcəyik!", "Onlar getməlidir!" kimi şüarlar məmurların linç edilməsi, hakimiyyət mənsublarına ən ağır cəzaların tətbiq olunması, şiddət və vakxanaliya çağırışlarına bürünüb.

Hüquq müdafiəçiləri birdəfəlik dərk etməlidirlər ki, radikallarla ekstremistlərin qarşısının alınması heç bir halda vətəndaş mövqeyini izhar etmək istəyənlərə maneələr yaradılması, onların saxlanması və həbsi vətəndaş cəmiyyətinin dağılması, insan hüquqlarının pozulması və ya totalitarizm nümunələri deyil, ola da bilməz.

YAP hakimiyyət partiyası olaraq vətəndaş cəmiyyətinin haqq və hüquq muxtariyyətini qaragüruh Leviafanından qorumalı, kollektiv antietatitzmin küçələri başına almasına yol verməməli, dövlətin rolunu "gecə gözətçisi" funksiyalarınadək daraltmağa çalışanların eqoizminə qarşı mübarizə aparmalıdır.

Həmin mübarizə isə yeni, gənc kadrların prosesə cəlb olunması, YAP-ın dövlət strukturları üçün kadr hazırlığı məkanlarından birinə çevrilməsi və bununla da rəsmi qurumları bürokratik ekzersislərdən xilas etməsini ehtiva edir.

Şəbəkələşməyən, amma sosial şəbəkələrdə özünü zəiflədərək siyasi məhvə sürükləyən radikalların "vətəndaş cəmiyyəti güclü dövlətə qarşı" dixotomiyasının özü tamamən paradoksal və yanlışdır. Güclü vətəndaş cəmiyyəti olmayan güclü dövlət, əslində, zəifdir, amma zəif və efemer hakimiyyət də azadlıqla demokratiyanın göstəricisi deyil. Dövlətdən savayı, heç bir nəsnənin yerinə yetirə bilməycəyi funksiyalar var: milli suverenliyin və müstəqilliyin təminatı, xarici siyasətin gerçəkləşdirilməsi, vergilərin yığılması, sərhədlərin mühafizəsi və s. İstənilən liberal üçün hədsiz önəmli olan "azadlıq", "mülkiyyət", "qanunçuluq" anlayışlarını da dövlətin əsas qanunu olan Konstitusiya bəyan və təmin edir.

Güclü dövlət olmadan nə azadlıq, nə də insan haqları yoxdur.

Dövlət qurumlarının şəffaflığı, Konstitusiyada bəyan edilən prinsiplərin reallıq səviyyəsi isə ilk əvvəl vətəndaş cəmiyyətinin hakimiyyətlə dialoqundan asılıdır.

Radikal antietatist mövqelər, demaqogiya heç bir halda siyasət və ya demokratiklik sayıla bilməz.

Yeni və yenilənən reallıqda əvvəlki nimdaş təfəkkürə, sümükləşmiş şüura və Azərbaycanın geosiyasi çəkisini anlamamaq qədər dar olan düşüncəyə yer yoxdur.

21-ci əsrdə özlərini orta əsrlərin məxluqatı kimi hiss edən və ən yaxşı halda arzuları 19-cu əsrin prinsiplərinə çatmaq olan adamların siyasi qüvvə formatındakı iddiaları artıq gülünc deyil - tragikomik olaydır.

Dördüncü sənaye inqilabını yaşadığımız bir dövrdə yaşaya bilmədiklərini deyərək yaşam kolliziyaları çəkən insanlar gec də olsa, bacardıqları işlə məşğul olmalıdır. Onların inadkarlığı, absurd qətiyyəti heç bir halda hakimiyyət-müxalifət münasibətlərinin konfiqurasiyasını bəlirləmir.

Kliniki koma vəziyyətindəki qüvvə marginallaşmış dünyagörüşü liberalizm və ya demokratiya müştaqlığı olduğunu deyirsə, deməli, illərdən bəri yazmağa cəhd göstərdiyi kitabını özü bağlayıb.

Yeni Azərbaycan Partiyası isə yenilənməyə, inkişafa davam edir.

Cəmiyyət və dövlət kimi.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.