Siyasət

Bakıda feminist qeybəti alınmadı

9 Mart 2021 10:00
Baxış: 5 605

Bakıda bir dəstə qadın aksiya keçirməyə çalışdı. Dediklərinə görə, "hürr küçələr onlarındır". Özlərini feminist kimi qələmə verən və məhz feminist mövqelərindən çıxış edərək martın 8-də Bakının mərkəzi küçələrində yürüməyə çalışdılar.

Aksiya mənasız və məntiqsiz olmaqla yanaşı, qanunsuzdu və bu barədə hüquq-mühafizə orqanları əvvəlcədən xəbərdarlıq etmişdilər.

Bir dəstə xanımın, daha doğrusu kiçik qrupun sosial şəbəkələrdə "dalğa" effekti yaradaraq Azərbaycanda feminizmin ciddi ictimai və siyasi nəsnə olduğunu iddia etmələri daha maraqlı məsələdir.

Ölkəmizə və cəmiyyətimizə feminizm gərəkdirmi? Sual ritorik təsir bağışlasa da, süni şəkildə aktivləşdirilir.

Azərbaycanda kimsə "dünya kişilərə məxsus olmalıdır" demir, amma bu doktrinanın olduğunu iddia edənlər feminist olduqlarını vurğulayırlar.

Səbəb sadədir: feminizmin nə olduğunu anlamayan yerli feministlər ənənəvi dəyərlərə qarşı çıxdıqlarını deyərək yeni sosial münasibətlərin formalaşimasını tələb edirlər.

Ümumiyyətlə, feminizmin qlobal miqyasda "4-cü dalğası" 2010-cu illərdə sosial şəbəkələr və sosial media bumu ilə birlikdə formalaşdı. 2014-cü ildə Avropa Parlamentində İsveçin təşəbbüsü və inadı ilə "Feminist təşəbbüsü" keçirildi.

2017-ci ildə feminizm ABŞ-da "İlin sözü" kimi tanındı və elə həmin il dünyada "#MeToo" kampaniyası yayılaraq Qərb aləminin siyasət dilini və mədəni landşaftını dəyişdi. 2020-ci ildə ABŞ-ın Kinoakademiyası bəyan etdi ki, qadınları, LGBT-ni və digər azlıqları dəstəkləmək üçün "Ən yaxşı film" nominasiyasında "Oskar"a iddialı lentlərin seçim qaydalarını dəyişir.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da radikal feministlər ölkələrdə qadın-kişi hüquqlarının nisbəti ilə bağlı vəziyyətdən bəhs edərkən əksər hallarda Dünya İqtisadi Forumunun ekspertlərinin hazırladıqları ənənəvi "Global Gender Gap Report"a istinadən edirlər. Həmin hesabata görə, 2010-cu ildən bəri qlobal miqyasda gender bərabərsizliyi indeksi 41 faizdən 31,4 faizədək azalıb. İlk onluqda isə Skandinaviya dövlətləri ilə yanaşı, ən yoxsul və problemli ölkələr sırasınad yer alan Ruanda ilə Nikaraqua da var.

Azərbaycan bu reytinqdə 94-cü yerdədir. Yəni Bakıda küçələrə çıxmağa çalışan yerli feministlərin iddialarına görə, ölkəmizdə qadın hüquqlarının təminatı ilə bağlı vəziyyət, sən demə, Ruandadan da pis imiş.

Adambaşına düşən gündəlik gəlirin 2 dollardan artıq olmadığı, yoluxucu xəstəliklərlə yanaşı, terrorun, qanunsuzluğun, xaosun və başıpozuqluğun tüğyan etdiyi Ruandanın "Global Gender Gap Report"da ilk onluqda yer alması absurd, hətta paradoks sayıla bilər. Amma hesabatı hazırlayan ekspertlərin öz üslubla stili var.

Həmin sistemə görə, indeks ölkədə qadınlarla kişilərin iqtisadi bərabərliyindən tutmuş, qadınların siyasətdə, səhiyyədə və təhsildə iştirak səviyyəsini də nəzərə alır. Təhsil və səhiyyə sahəsində çalışanların tam əksəriyyətinin qadın olduğu, xanımlara hüquqlarının təminatı və gerçəkləşdirilməsi ilə bağlı heç bir maneələrin yaradılmadığı Azərbaycanın reytinqdəki yerinin Ruanda və ya Nikaraquadan dəfələrlə pis olmasınının səbəbi var.

Feministlər bunu etiraf etmək istəmirlər, amma bəhs etdiyim hesabat hazırlanarkən əhalisinin tam əksəriyyəti səfil vəziyyətdə yaşayan, qadın hüquqlarının addımbaşı pozulduğu ölkələr yüksək yerlər tuta bildərlər və tuturlar da.

Çünki Ruanda və ya Nikaraqua kimi ölkələrdə qadınlarla kişilərin bərabərliyi xanımların uğurları, onların haqq və hüquqlarının təminatı səviyyəsi ilə yox, başqa amillərlə, məsələn, kişilər arasında ölüm statistikası ilə də hesablanır.

Yəni bir ölkədə qadınlara nisbətən kişilər nə qədər çox ölərsə, həmin dövlətdə, sən demə, gender bərabərliyi indeksi daha yüksəkdir.

4-cü dalğanın çağdaş liberal feminizmi, əslində, milyonlarla qadının müvəqqəti və ya qeyri-stabil məşğlulluq tələsinə düşdüyü sosial münasibətlər cəmiyyətinin ideoloji vitrinidir. Məhz bu vitrində kollektiv Qərb ölkələri, xüsusilə də Skandinaviyada "feminist parlaqlıq və liderlik" müşahidə olunur.

Həmin ölkələrdə "liberal" feminizmin ağrısını, əsasən, sosial ierarxiyanın aşağı təbəqələrindəki qadınlar çəkdisə, orta təbəqədən yuxarı olan xanımlar bütün nailiyyətlərdən bəhrələndilər. Beləcə, süni ideologiyadan başqa heç nə olmayan feminizm bazar iqtisadiyyatı və iqtisadi liberalizmi təbliğ edən, karyeranı hər şeydən üstün tutan qadınların ideologeminə çevrildi.

Qərb ölkələrinin "lider" mövqelərinin gender bərabərliyi məsələsindəki "uğur əmsal"larının kökündə gender kvotaları durur. Böyük şirkətlər və korporasiyaların "qadınların yaratdığı, qadınlar üçün və qadınlar barədə" brendlər təşkil edir. Məsələn, "The Ordinary" və "Brandless" kimi.

H&M brendi feminist sloqanlı geyim kolleksiyaları hazırlayıb satır və bununla da qadın hüquqlarının təminatı uğrunda mübarizəyə qatıldığını bəyan edir.

Halbuki həmin kolleksiyalardakı paltarlar Banqladeş kimi yoxsul ölkələrdə tikilir, çalışan qadınlar da minimal maaş alırlar və iş yerində onlarla kölə kimi davranırlar.

Amma feministlər bunu etiraf etmirlər, görmək istəmirlər. Tam tərsinə, belə bizneslər ətrafında feminist mediası və bloqlarından ibarət əlahiddə ekosistem formalaşır: belə mediada və sosial vasitələrdə feminitivlər, bodipozitiv və s. təbliğ olunur.

Elə həmin süni, saxtakar və psevdoliberal ideologiya Qərb mediasını "fahişə" kəlməsini "seks işçisi" sözü ilə dəyişməyə vadar etdi.

Feminist ideologemdən əməllicə yararlanan azsaylı, piramidanın zirvəsində olan qadınlar karyeraları ilə məşğul olaraq ideologemdən gəlir əldə edərkən feminizm yerdə qalan milyonlarla qadına ağır iş şəraitində çalışmaqla sosial şəbəkələrdə "tam azad davranmaq" arasında seçim təklif edir.

Küçədə də ənənəvi əxlaqi və mənəvi dəyərləri heçə saymaq olar: təki feminizm puçluğu onlara seçimlərindən qürur hissi keçirməyə imkan versin.

Feministlər və gender bərabərliyini şüarçılığa çevirənlər anlamaq istəmirlər ki, bütün normal ölkələrdə qadınların işləməsi məqbul bilinməyən peşələr var. Məsələn, Kanadada ağac köklərini qazıyan, Fransada qranit yonan, Yaponiyada yüksək gərginlikli xətlərdəki qüllələrdə elektrik və s.

Potensial zərərli və təhlükəli əmək fəaliyyəti qadının reproduktiv funksiyasına zərər vura bilər. Bəşər nəslini davam etdirmək isə qadının, sadəcə, funksiyası yox, həm də amalıdır: təbii, bu qadın "child-free" deyilsə, ana olmaq istəmirsə və analığa nifrət etmirsə.

Normal, sivil cəmiyyətdə qanunlarda təsbit olunmasına zərurət duyulmayan davranış modeli var.

Həmin modelə görə, məişət zorakılığı, həddi-buluğa çatmamış qızların ərə verilməsi, erkən nikahlar, qadın hüquqlarının pozulması, qadına ailə-nəsil-məhəllə təzyiqi və s. yolverilməzdir.

Qadın peşəsini və ixtisasını özü seçməli, həyatını özü müəyyənləşdirilməli, dünyaya gətirdiyi övlada əlavə sayılmamalı, sadəcə, "ailə ocağının qoruyan" və ya "kollektivin bəzəyi" bilinməməlidir.

Tanrı qadınla kişini bərabər yaradıb.

Hüquqlar da təndir.

Feminizmin bunu israrla təkrarlamasına hər halda Azərbaycanda zərurət yoxdur.

Qadınla kişi bərabərliyinin bütün sahələrdə, hədsiz və hüdudsuz olması isə, sadəcə, mümkün deyil.

Məsələn, ən qatı feminist xanım piano alarsa, onu mənzilə kimlər qaldıracaq? Təbii ki, həmin xanım yox - muzdla tutulmuş kişi fəhlələr.

Avropanı da misal və ya ideal nümunə göstərməyə dəyməz. Elə həmin kurtuaz Fransada qadınlar səsvermə hüququnu yalnız 1944-cü ildə aldılar. İsveçrədə isə qadınlara səs vermək və seçilmək hüququ 1971-ci ildə verilib.

Əməyin ödənilməsi meyarlarına gəldikdə - burada tam bərabərlik olmalıdır.

Amma...

Unutmayaq ki, biz fərqliyik. Təbiət bizi belə yaradıb və təkamülün milyonlarla ili ərzində daha mükəmməl başqa formasiya yoxdur. Tam fərqliyik və bu, əslində, uğurdur.

Fiziki kondisiyalar da əsas deyil - şüur əsasdır.

İntellektlərimiz fərqlidir. Az və ya çox məsələsi deyil - düşünmə, təhlil və s. kimi beyin fəaliyyəti fərqli məcralardadır.

Feministlər isə həmişə narazıdırlar.

Milli Məclis və Nazirlər Kabineti bütünlüklə xanımlardan ibarət olsa belə, "gərəkli olanları seçmədiniz" deyərək narazılıq edəcəklər.

Yerli feministlər əbədi narazı, komik və çılğın insanlardır.

Onlara, deyəsən, yalnız mübarizə görüntüsü gərəkdir.

... Bakıdakı psevdofeminsitlərdən biri uğursuz aksiyada əlində "Qorxdular azad qadın deməyə, döndülər əxlaqsız dedilər" yazılmış plakat tutmuşdu.

Belə aberrasiyalı, özünü təqibolunan fərd kimi qələmə verməyə çalışan "mübariz"lərin tələbləri də infantilizm təsiri bağışlayır.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.