Siyasət

İbrahim və İsmayıl övladlarının qardaş olduğu Azərbaycan: İsraillə münasibətlərimizin DETALLARI

3 Mart 2021 16:42
Baxış: 3 064

"Burada yaşayanların əksəriyyəti Bakıda doğulublar. Hamısı da "azərbaycanlıyıq" deyirlər. Onlar yəhudidirlər, İsrail vətəndaşlarıdır, amma inanın - İsraillə Azərbaycan arasında heç bir fərq görmürlər", - Avraam Zelman arxadakı binaları göstərərək deyir.

Təl-Əviv-Yaffo şəhərindəki "azərbaycanlı yəhudilər" Aşkelon, Hayfa və ya Nazaretdəki soydaşlarından heç nə ilə fərqlənmirlər. Onlar üçün Azərbaycan vətən, Bakı sevimli şəhərdir.

Hətta yoldakı avtomobillər arasında da seçilir "yəhudi azərbaycanlılar"ın nəqliyyat vasitələri. Belə ki, Hayfada və ya Təl-Əvivdə bir maşından Bakı yəhudisi Senya Rebayevin ifasında mahnı səslənirsə - avtomobilin sahibi mütləq əslən Azərbaycandan orlan yəhudidir.

Beş il əvvəl, 2015-ci ildə Azərbaycanda orta məktəblərdə buraxılış imtahanları idi. Bakıdakı Yəhudi Məktəbində narahatlıq vardı. Niyə də yox: şənbə günü "şabat"dır, şabatda isə yəhudi şagirdlər imtahana qatıla bilməzlər.

Məktəbin rəhbərliyi Təhsil Nazirliyi ilə əlaqə saxlayır və problem dərhal həll olunur: yəhudi məktəblilərə təyin edilmiş vaxdan iki gün əvvəl imtahana qatılmağa icazə verilir.

O vaxtdan bəri Təhsil Nazirliyi buraxılış imtahanları ərəfəsində Bakıdakı Yəhudi Məktəbi ilə əlaqə saxlayır, imtahan günü yəhudi bayramı və ya qeyri-iş günü olmadığını yəqin edir. Məqsəd yəhudi şagirdlər üçün diskomfort yaratmamaqdır.

"Başqa hansı ölkədə belə hadisə yaşana bilər? Heç bir ölkədə", - Bakı Yəhudi Məktəbinin direktoru, rebe Zamir İsayev deyib.

Əhalisinin 99 faizinin müsəlman olduğu Azərbaycanda yəhudilərin yaşamı gerçəkdən də, belədir.

Biz 1991-ci ildə dövlət müstəqilliyimizi bəyan edəndən sonra azadlıq və suverenliyimizi Türkiyədən sonra rəsmən tanıyan dövlətin İsrail olduğunu da əsla unudan deyilik.

Azərbaycanlılarla yəhudilər arasında həmişə qardaşlıq duyğuları olub, çünki yəhudilər 2 min ildən artıqdır ki, Azərbaycanda yaşayırlar.

Ərəblərin Cənubi Qafqaza İslamı gətirmələrindən əsrlər əvvəl bölgədə dağ yəhudilərinin icmaları, daimi yaşayış məntəqələri vardı.

1967-ci ildə İsraillə ərəb ölkələri arasında savaş alovlananda Bakıda rebelər gecə-gündüz yəhudi dövləti üçün dualar edirdilər. İsrail "Altıgünlük Müharibə"də qalib gələndə isə Bakıdakı yəhudilər bayram etmişdilər və ziyafətlərə azərbaycanlılar da dəvət olunmuşdu.

Halbuki həmin dönəmdə SSRİ ərəblərin müttəfiqi idi və aşkar anti-İsrail mövqeyi tutmuşdu.

Səbəblər çoxdur.

Cənubi Qafqazda müxtəlif xalqlar ənənəvi olaraq birlikdə, dost və qardaş kimi yaşayıblar, üstəlik, zəngin enerjidaşıyıcıları yataqları kəşf ediləndən sonra Azərbaycan əhalisində özünə inam daha da artmışdı.

Azərbaycandakı multikulturalizm, toleantlıq da siyasi hesab deyil. Ölkəmizdə həmişə belə olub. 19-cu əsrdə çar Rusiyasında yəhudilərə şəhərlərdə yaşamaq yasaqlanmışdı, onları kəndlərə, əyalətlərə sürgün edirdilər. Bakıda isə bu qaydaya əməl olunmurdu. Çar məmurlarının nə demələrindən asılı olmayaraq, yəhudilər tarix boyu Bakıda yaşamışdılar və hətta çar Rusiyasının ən müxtəlif yerlərindən Bakıya köçürdülər.

Yəhudilər həmişə deyiblər: "Erets İsraelin övladları İsraildən savayı heç bir ölkədə Azərbaycandakı təki rahat, yaxşı və bəxtəvər yaşamırlar".

Azərbaycan yeganə müsəlman ölkəsidir ki, şəhərlərində sinaqoqları dövlət səviyyəsində mühafizə etməyə heç bir lüzum yoxdur: qapıları ibadət zamanı həmişə açıq olan sinaqoqları qoruyan insanların dostluğu, münasibətləri və səmimiyyətidir.

Amma Azərbaycanla İsraili sadəcə birgə və müştərək tarix yox, həm də yetərincə konkret maraqlar birləşdirir.

... "İsrailin Bakıdakı səfirliyi xəbər verir ki, 44 günlük müharibədə bir gözünü itirmiş və üzü deformasiya olmuş qazi Nuralı Abdullayevə tibbi yardım göstərilib. Belə ki, Vətən müharibəsi qazisi İsraildən gətirilən protez gözlə təmin edilib". İki cümləlik, rəsmi leksika və stilistikalı bir xəbər. Amma bu iki cümlədən Azərbaycanla İsrail arasındakı münasibətləri göstərən məqamlar o qədər çoxdur ki, onları sadalamaqla bitməz.

İsrailin ölkəmizə olan münasibətini 2-ci Qarabağ Müharibəsi günlərində bir daha gördük. Əmin olduq ki, İsrail Azərbaycanın strateji tərəfdaşı, müttəfiqi və bizə dost, qardaş ölkədir.

Müharibə günlərində, ötən ilin oktyabrın 1-də Ermənistan İsrailə qarşı demarş edərək Təl-Əvivdəki səfirini geri çağırdı.

İrəvanın reaksiyası normal ölkələrdə ifrat sayılır. Amma erməniləri qıcıqlandıran və çılğına döndərən məqam İsraillə Azərbaycan arasında bütün sahələrdə sıx əməkdaşlıq və tərəfdaşlıqdır.

Bu əlaqələr hərbi-texniki sahədə xüsusilə aktivdir. Təl-Əviv Bakıya PUA-lar, reaktiv yaylım atəşi sistemləri, operativ-taktiki raket sistemləri, minaatanlar, rabitə vasitələri və s. satır. Satışların həcmi yüz milyonlarla dollardır: Təl-Əviv sözügedən sahədə əməkdaşlığı tam sürətlə davam etdirmək niyyətindədir.

İsrail ermənilərin çılğınlığını və qeyri-diplomatik isteriyasını eyninə almır. Təl-Əvivdə İrəvanın bəyanatlarını ən yaxşı halda əsassız iddialar, ən pis halda isə İsraillə Ermənistan münasibətlərinin birtərəfli sabotajı qismində qəbul edirlər.

Düynanın çox ölkələrində, beynəlxalq strukturlarda, mass-mediada illərdir eyni sual səslənir: "Azərbaycanın strateji tərəfdaşları və müttəfiqləri arasında İsrailin yer almasının səbəbləri nədir?"

İş heç də İsrailin neft tələbatının 40 faizinin Azərbaycandan nəql edilən karbohidrogen ehtiyatları hesabına ödənməsində deyil.

İsrailin sabiq müdafiə və xarici işlər naziri Aviqdor Libermanın Bakı ilə Təl-Əviv münasibətləri barədə hər hansı metaformadan uzaq açıqlaması var: "Azərbaycan üç böyük dövlətin - Rusiya, Türkiyə və İranın qovşağında yerləşir. İsrail də bu bölgədə müsəlman, müasir və sekulyar dövlət kimi Azərbaycanla mütləq şəkildə dostluq münasibətlərinə malik olmalıdır".

İsrail üçün Azərbaycan strateji tərəfaşdır və Təl-Əviv eyni zamanda Azərbaycanın qonşu İranla da mehriban qonşuluq, dostluq əlaqələrini nəzərə alır.

Eyni zamanda, İsrail formal olaraq çox sərin və gərgin münasibətlərdə olduğu Türkiyənin Azərbaycanın ən yaxın müttəfiqi olduğunu, Bakı-Ankara əlaqələrinin "iki millət, bir dövlət" prinsipinə əsasən inkişaf etdiyini də anlayır.

2-ci Qarabağ Müharibəsində Azərbaycanın qələbəsi və Ermənistanın kapitulyasiyası da Təl-Əvivin maraqları kontekstindədir.

Belə ki, Ankara və Tehranla münasibətlərdə mövcud gərginliyin nisbətən də olsa, səngiməsində Bakı vasitəçi, moderator və geosiyasi körpü rolunu oynaya bilər.

İsraillə Azərbaycan siyasi, maliyyə və hərbi-strateji sahələrdə region ölkələrinə effektiv, siyasi entrizmdən kənar nümunə sərgiləyir.

Azərbaycanın İsraildə səfirliyi olmasa da, əslən Azərbaycandan olan İsrail vətəndaşları faktik olaraq xalq diplomatiyası nümayəndələri qismində əlaqələr volontyorları təki çalışır, İsraildə ölkəmizi, mədəniyyətimizi və siyasətimizi, ən başlıcası isə müxtəlif sahələrdəki uğurlarımızı təbliğ edirlər.

Bu sahədə İsraildəki Azərbaycan Evi və "Azİz" (Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası) böyük rol oynayırlar. Belə ki, həmin təşkilatların rəhbərlərini İsraildə artıq "Azərbaycanın qeyri-rəsmi konsulları" adlandırırlar.

İsraillə təmasların inkişafında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin də xüsusi rolunu qeyd etməmək mümkün deyil.

Azərbaycanın hökumət və ictimai strukturlarının dəstəyi sayəsində merlər və vitse-merlər, görkəmli ictimai xadimlər, sənətçilər və jurnalistlərdən ibarət nümayəndə heyətlərinin mübadilələrinin sayı da artıb. Quba ilə Maalot İsraillə Azərbaycanın artıq 5-ci qardaşlalmış şəhərləridir.

Həmin siyahıda Şamaxı və Tirad xa Karmel, Mingəçevir və Afulı, İsmayıllı və Kiryat Byalik, Qəbələ və Yoknam da var.

İsraildə Azərbaycana turizm müstəvisində də maraq dəfələrlə artıb. Bakı-Təl-Əviv aviareysi ilə ölkəmizə gələn israilli turistlərin sayı qlobal fəlakətə çevrilmiş COVİD-19 koronavirus pandemiyasına qədər fasiləsiz artırdı.

Bütün bunlarla yanaşı, Azərbaycanla İsrailin qarşılıqlı mənfəət kəsb edən əlaqələrinin böyük inkişaf potensialı var. İlkin dövrlərdə energetika, kənd təsərrüfatı və sənaye istehsalı sektorlarında ciddi irəliləyişə nail olmaq mümkündür. Dövlətlərimiz arasında ikiqat vergitutmanın ləğv edilməsi, nazirlər səviyyəsində yaradılan birgə komissiyalar ticari-iqtisadi təmasların bütün spektri üzrə biznes-tərəfdaşlığın intensivləşdirilməsinə xidmət edir.

İsrailin dəniz şelfində nəhəng təbii qaz eştiyatları aşkarlanandan sonra təbii ki, Təl-Əviv "mavi yanacaq"ı satmaq üçün beynəlxalq bazarlara çıxış arayır.

Həmin müstəvidə israilliləri daha çox maraqlandıran Avropa Birliyidir və onlar sualtı boru kəməri marşrutunun inşası layihəsini nəzərdən keçirirlər. Lakin İsraildən Avropaya ən qısa yol Türkiyədən keçdiyindən, həm Təl-Əvivlə Ankara arasındakı danışıqlarda, həm də İsrailin Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə qoşulmasında Bakı vasitəçi rolunu oynaya bilər.

İsraildəki Aşkelon və Eylat limanları arasındakı boru kəməri isə Xəzərdə hasil edilən neftin Asiya və Sakit Okean hövzəsi ölkələrinə satışı üçün bəlli səviyyədə cazibədardır.

İsraillə Azərbaycanın dostluğu vətərəfdaşlığı bütün Yaxın Şərq ölkələrinə yəhdi və müsəlman dövlətlərinin sülh, əmin-amanlıq və dostluq şəraitində yaşaya biləcəkləri ilə bağlı konseptual, strateji messicdir.

Təl-Əvivlə Bakı arasındakı münasibətlər sadəcə dostluq yox, həm də strateji tərəfdaşlıqdır.

Azərbaycan həm də yerli yəhudilər üçün doğma Vətən, müqəddəs məkandır. Birinci Qarabağ Savaşında yəhudi Albert Aqarunov həyatını qurban verərək şəhidliyə ucaldısa və Milli Qəhrəman oldusa, İkinci Qarabağ Müharibəsində onlarla Azərbaycan yəhudisi cəbhəyə yollandı, düşmənə qarşı vuruşdu.

Onlar "Vətən sağ olsun!" dedilər və Vətən üçün döyüşdülər: Azərbaycan vətəndaşı kimi.

Nasizm, faşizm və antisemitizmin dövlət siyasətinə çevrildiyi, ABŞ-dakı Antidiffamasiya Liqasının son hesabatına görə, postsovet məkanında ən antisemit ölkəyə çevrilmiş Ermənistandan fərqli olaraq, Azərbaycanda yəhudilər özlərini tam normal hiss edirlər.

İrəvanda Xolokost qurbanlarının xatirəsinə ucaldılmış abidə təhqir olunur, yəhudilər təqiblərə məruz qalır, küçələrdə İsrail bayraqları yandırılır, millətçi ermənilər yəhudiləri "məhv edilməsi gərəkən siçovul" adlandırırlar - bir ölkənin antisemitizm vəbasına yoluxduğuna dəlalət edən başqa hansı dəlillər gərək ki...

Azərbaycan isə İsraillə münasibətlərinə əlahiddə önəm verir, lakin Təl-Əvivin diqqətinə çatdırır ki, İranla qonşuluq, dostluq münasibətlərində dəyişikliklər etmək niyyətində deyil.

Təl-Əviv də bəhs etdiyimiz nüansı anlayışla qarşılayır.

Buna dəlalət edən misallar çoxdur. Məsələn, uzun müddətdir ki, İsraildə daxili siyasi böhran davam edir, partiyalar arasında hakimiyyət koalisiyasının formalaşdırılması ilə bağlı müzakirələr məntiqi sonuca çatmayıb. Lakin belə çətin dönəmdə belə, İsrailin Azərbaycanla münasibətlərində heç nə dəyişməyib.

İki ölkə arasında münasibətlər, dostluq və qardaşlıq əlaqələri elə bir səviyyədədir ki, Təl-Əvivdə iqtidarda solçu və ya sağçı koalisiyanın varlığından asılı olmayaraq heç bir siyasi kataklizm İsrailin xarici siyasətində Azərbaycan paradiqmasına təsir edə bilməz.

Dostluğumuzun 29-cu ilin yaşayırıq və bu dövr xalqlarımızın tarixində sadəcə, bir andır.

Lakin həmin an gözəldir, gələcəyə nikbinliklə və ümidlə baxmağa əsas verir.

Yəhudilər əsrlər, illər boyu deyərdilər: "Yerusəlimdə görüşənədək", azərbaycanlılar isə tam 28 il "Şuşada görüşənədək!" söylədilər. İndi hər iki xalqın arzuları çin olub.

Və heç şübhə yoxdur ki, məhz dostluq, sülh və əməkdaşlıq regionun rifahına, inkişafına və tərəqqisinə səbəb olacaq.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.