Siyasət

"Prezidentin mətbuat konfransı informasiya müharibəsində Azərbaycanın daha bir uğurudur"

2 Mart 2021 14:08
Baxış: 356

Azərbaycan Prezidenti cənab İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilən mətbuat konfransı Vətən müharibəsindən sonra meydana çıxan bir çox suallara aydınlıq gətirmək baxımından mühüm əhəmiyyətə malik idi. Mətbuat konfransında həm bu suallara aydınlıq gətirildi, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış kifayət qədər ciddi mesajlar verildi.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat bildirib ki, bu mətbuat konfransı informasiya müharibəsi müstəvisində Azərbaycanın daha bir uğuru kimi qiymətləndirilə bilər. Onun fikrincə, mətbuat konfransının keçirilməsi ilə bağlı vaxtın düzgün seçilməsi də xüsusi önəmə malikdir:

"Fikrimcə, xarici jurnalistlərlə ünsiyyət üçün vaxt da dəqiqliklə seçilmişdi. Bu, bir tərəfdən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının 29-cu ildönümünə təsadüf edirdi ki, bu da faciə haqqında həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, Vətən müharibəsindən sonrakı dövrdə regionda və dünyada baş verən proseslər kontekstində bir çox məsələlərin aydınlaşdırılması zərurəti yaranmışdı. Eyni zamanda, Ermənistana, Cənubi Qafqazda maraqları olan bir çox dövlətlərə müəyyən mesajlar verildi. Azərbaycanın prinsipial, qətiyyətli və beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyi bir daha ifadə olundu. Hesab edirəm ki, son dövrlər baş verən bəzi hadisə və proseslər kontekstində buna ehtiyac yaranmışdı".

Millət vəkili vurğulayıb ki, mətbuat konfransının xarici kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, müxtəlif reaksiya və şərhlərə səbəb olması nəticə etibarilə qarşıya qoyulan məqsədə nail olunduğunu deməyə əsas verir. Qeyd edib ki, Ermənistanda revanşist fantaziyalarla yaşayan bəzi siyasi qüvvələrə də kifayət qədər açıq mesajlar verildi. "Həm 2016-cı il aprel döyüşləri ilə bağlı bəzi məqamlara aydınlıq gətirildi, həm də Azərbaycanın ermənilər yaşayan ərazilərinin inteqrasiyası ilə bağlı çox önəmli mesajlar verildi. Ermənistanın bu ərazilərdə təxribat xarakterli fəaliyyətinin izlənildiyinə dair qeyd olunan məqamların hər biri isə əslində xəbərdarlıq kimi qiymətləndirilməlidir".

S.Məmmədov bildirib ki, Prezidentin mətbuat konfransında toxunduğu vacib məqamlardan biri də işğaldan azad olunmuş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün dövlət tərəfindən atılacaq addımlarla bağlı olub. Deputat qeyd edib ki, azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin, nəqliyyat-logistika planlarının reallaşdırılması ölkənin həyatında yeni bir mərhələnin başlanmasına səbəb olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.