Siyasət

"Açıqlanmayan bir çox məsələlər var, tələsmək lazım deyil"

2 Mart 2021 11:20
Baxış: 2 061

Bundan qabaq da 10 Noyabr bəyanatının müddəaları ilə bağlı danışanda deyirdim ki, burda həssas məsələlər çoxdur, tələsmək lazım deyil, yaxud da tələsik nəticə çıxarmaq lazım deyil.

Bunu Milli.Az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, cərəyan edən proseslərə dərhal reaksiya vermək, burada Azərbaycanın əleyhinə hansısa proseslərin getdiyini düşünmək düzgün deyil:

"Dediklərim Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgələrə aiddir. Hazırda bölgə üçün bir keçid dövrüdür. Keçid dövründə də müxtəlif hadisələr ola bilər, müxtəlif proseslər cərəyan edə bilər. Ona dərhal reaksiya vermək, dərhal düşünmək ki, burada Azərbaycanın əleyhinə hansısa proseslər gedir, düzgün deyil. Prezident elə onu demək istəyir ki, cəmiyyətdə müəyyən çaşqınlıq yaranmasın, spekulyasiyalar üçün əsas yaranmasın. Bununla bağlı sizə bir nümunə göstərim: Bir neçə müddət öncə belə bir xəbər yayılmışdı ki, guya Arayik Arutyunyan Rusiya tərəfinin vasitəçiliyi ilə bizim rəsmilərimizlə görüş keçirib. Bu, Ermənistan mətbuatında üçtərəfli görüş kimi qələmə verilib. Təəssüflər olsun ki, bizim sosial şəbəkələrdə də, mətbuat orqanlarının bəzilərində də bununla bağlı fərziyyələr irəli sürülüb. Bu görüşü bizdə üçtərəfli görüş kimi təqdim edənlər də var. Bu, əsla belə deyil. Heç vaxt bu formatda görüşlər keçirilə bilməz. Burada açıqlanmayan bir çox məsələlər var. O görüşlər hansı məqamda baş tutub, hansı məsələlər müzakirə olunub, bizim nümayəndəmiz qondarma rejimin qalıqları ilə görüşüb-görüşməyib, bu məsələlər məlum deyil. Belə vəziyyətdə nəticə çıxartmaq da düzgün olmaz". 

İ.Vəlizadə ictimaiyyətimizin Prezidentin sözlərindən düzgün nəticələr çıxaracağını düşünür.

"Əgər təmaslar qurulursa, məsələlər müzakirə olunursa, həssas məsələlər var. Ona görə rəsmi mənbələr bunu açıqlamaq istəmirlər. Mən belə bir qeyri-rəsmi bir informasiya deyim, yəqin ki yerinə düşər: Çoxlarına sirr deyil ki, müharibə dövründə Azərbaycan işğaldan azad edilən torpaqlarda külli sayda erməni cəsədləri vardı. Təəssüflər olsun ki, erməni tərəfi bu cəsədləri götürməyə tələsmirdilər. Azərbaycan tərəfi təkidlə onlara deyirdi ki, gəlin cəsədlərinizi götürün. Hətta Qırmızı Xaç Komitəsi vasitəsilə belə bir təkliflər oldu. Bir müddət sonra erməni tərəfi ayılıb, bu məsələyə baxmağa cəhd göstərib. Bu mənada müəyyən təmaslar ola bilər. Burada da humanitar məsələlərlə bağlı olan təmaslardır. Yəni, Azərbaycan tərəfi öz öhdəliyini tam mənada həyata keçirir. Amma Ermənistan tərəfi bir çox hallarda bunu etmir. Sülhməramlılar, Qırmızı Xaç Komitəsi və digər vasitəçilərin köməyi ilə bəzi məsələlər həll olunur. Amma təəssüflər olsun ki, bu məsələlər təhrif olunur, başqa cür yozulur. Onları açıqlamaq da olmur. Ona görə də düşünürəm ki, Prezidentin sözlərində məhz buna dəlalət olunur. Ümid edirəm ki, ictimiyyətimiz də düzgün nəticələr çıxaracaq".

Xatırladaq ki, Prezident fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında sualları cavablandırarkən "İndi müharibədən heç dörd ay keçməmiş artıq rəsmi şəxslər - Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında təmaslar qurulur, görüşlər keçirilir, bəzən açıq formatda, bəzən qeyri-rəsmi formatda. Amma bu proses gedir və bu proses müsbət istiqamətdə gedir. Ona görə burada bütün bu həssaslığı başa düşərək bir daha demək istəyirəm ki, biz istədiyimizə tam nail olmaq üçün müdrik olmalıyıq və bütün addımları vaxtında atmalıyıq. Necə ki, İkinci Qarabağ müharibəsində vaxtında atılmış addımlar səmərəsini vermişdir" deməklə Azərbaycan ictimiyyətinə mesajı ilə diqqət çəkdi.

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.