Siyasət

Qarabağdakı işğalın izləri silinir - "Yeni Şafak"

1 Mart 2021 12:52
Baxış: 646

Erməni işğalından azad edilmiş Dağlıq Qarabağ 29 illik müharibənin izlərini silmək üçün böyük tikinti sahəsinə çevrilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin "Yeni Şafak" qəzetində dərc olunan məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, azərbaycanlıların bölgəyə geri dönməsi üçün işlər başlayıb:

"Ən gərgin iş Füzuli beynəlxalq hava limanının tikinti sahəsindədir. Avqust ayının sonunadək uçuşlar üçün işə salınması planlaşdırılan hava limanı turizm və logistika daşımaları sayəsində regionun inkişafına töhfə verəcək".

Müəllif qeyd edib ki, Qarabağda digər vacib layihə Füzulidən Şuşaya gedən "Zəfər" yolunun tikintisidir.

Azad edilmiş ərazilərdə, xüsusilə Kəlbəcər və Laçında su, külək və günəş elektrik stansiyaları tikiləcək. Bu layihələr başa çatdıqdan sonra Qarabağda 7 elektrik enerjisi layihəsi olacaq.

Məqalədə həmçinin qeyd olunur ki, Qarabağda minalardan təmizlənmə davam edir:

"Füzuli, demək olar ki, tamamilə minalanıb. Füzuli-Şuşa yolu minalarla doludur. 30 santimetrdən bir dağınıq şəkildə mina döşənib. 34 kilometrlik xəttin 8 ayadək təmizlənməsi planlaşdırılır. Şuşayadək 100 kilometrlik ərazi tamamilə minalanıb. Eyni zamanda Türkiyə hərbçiləri Ağdam rayonundan mina təmizləmə və təlim işləri ilə məşğul olur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.