Siyasət

Xocalı soyqırımı tarixdə ən amansız qətliam kimi qalacaq - Sevil Mikayılova

26 Fevral 2021 08:01
Baxış: 549

Xocalı faciəsi bəşəriyyətə qarşı ən ağır cinayət, soyqırımı əməlidir və dünya birliyi tərəfindən daha geniş miqyasda siyasi qiymət almalıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Xocalı soyqırımı tarixdə ən amansız qətliam kimi qalacaq: "İnsanlığa sığmayan vəhşiliklə törədilən bu qətliama ermənilər planlı şəkildə hazırlaşıblar. 1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alınmışdı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisinə qarşı bəşəriyyətin ən ağır cinayətlərindən birini törətdi.

Xocalı soyqırımı zamanı şəhərin 5 379 nəfər əhalisi kütləvi hücüma məruz qaldı, 1 275 insan əsir və girov götürülərək onlara işgəncələr verildi (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü".

Deputat vurğulayıb ki, ermənilərin Xocalıda törətdiyi vəhşilikləri sözlə ifadə etmək belə mümkün deyil: "Meyitlər üzərində təhqiramiz hərəkətlər etmək, insanları öldürdükdən sonra müxtəlif orqanlarını kəsmək insanlığa sığmayan bir vəhşilikdir.

Ermənilərin qatı millətçi mahiyyəti, başqa ölkələrin torpaqlarına iddiaları, "böyük Ermənistan" xülyaları onları bu cür ağılasığmaz qəddarlıqlar törətməyə sövq edir.

Hesab edirəm ki, hər birimiz bu barbar əməlin dünyaya tanıdılması istiqamətində əlimizdən gələni əsirgəməməliyik. Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən görülən işlər misilsizdir. Heydər Əliyev Fondunun fəaliyyətində Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması əsas xətt olaraq seçilmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü hər il dünyanın çox sayda ölkəsində anılır. Mərasimlərdə Fondun hazırladığı "Xocalı soyqırımı" və digər filmlər, ermənilərin törətdikləri vəhşilikləri əks etdirən audio-vizual materiallar, fotolar, sənədli kitablar təqdim edilir.

Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində görülən ən mühüm tədbirlərdən biri də "Xocalıya ədalət" kampaniyasıdır. Məhz bu kampaniya çərçivəsində Xocalı soyqırımı barədə həqiqətlər dünyaya tanıdılıb, çoxsaylı ölkələrdə geniş tədbirlər keçirilib. Görülən bu işlər nəticəsində artıq dünyanın 16 ölkəsi və ABŞ-ın 24 ştatı Xocalını soyqırımı kimi tanıyır".

S.Mikayılova bildirib ki, 2011-2016-cı illərdə Xocalı faciəsi Meksika Birləşmiş Ştatları, Pakistan İslam Respublikası, Kolumbiya Respublikası, Çex Respublikası, Bosniya və Herseqovina, İordaniya Haşimilər Krallığı, Panama Respublikası, Peru Respublikası, Honduras Respublikası, Qvatemala Respublikası, Sudan Respublikası, Sloveniya Respublikası tərəfindən soyqırımı kimi tanınıb: "Həmçinin, İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanyıb. Xüsusi qeyd etmək istəyirəm ki, bu yaxınlarda İtaliyanın bir neçə şəhəri də Xocalı soyqırımını pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib.

Düşünürəm ki, Xocalı soyqırımının tanıdılması istiqamətində tədbirlər bundan sonra da genişləndirilməlidir. Hər il Xocalı faciəsinin ildönümü ərəfəsində beynəlxalq petisiyalar açılır. Biz hər birimiz bu petisiyalarda aktiv şəkildə iştirak edərək erməni cinayətkarlarının Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri, qəddarıqları, onların əsl milliyəçi və faşist mahiyyətini daha geniş formada dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.