Siyasət

Düşmən bu dəfə "xristian səlibçiləri" yolladı - BİR HESABATIN GİZLİNLƏRİ - FOTO

26 Yanvar 2021 16:43
Baxış: 4 987

1921-ci il sentyabrın 29-da İranın Kommunist Partiyasının mənsublarından biri Cəngələ yollanaraq orada "Cəngəlilər" adlanan inqilabi hərəkatın rəhbərliyini sərt tənqid edəndə o hərəkatın lideri Mirzə Kiçik Xan demişdi: "Mazandaranda çaqqal az idi, biri də gəmi ilə gəldi".

Təxminən bir əsr əvvəl deyilmiş ifadəni xatırlamağımıza səbəb var.

İkinci Qarabağ savaşı, yaxud Vətən Müharibəsi qarabağlı ermənilərin separatizm və terrorizm üzərində qurulmuş niyətlərinə, planlarına və arzularına son qoymaqla yanaşı, dünya erməniliyinin üç əsrdən bəri inkişaf etdirdiyi, ərsəyə gətirdiyi idefiksi məhv etdi.

O idefiks Azərbaycanın işğal olunmuş ərazilərində ikinci erməni dövlətinin qurulması və bu dövlətin dünya birliyi tərəfindən rəsmən tanınması idi.

"Dağlıq Qarabağ ermənilərinin milli müqəddəratını təyin etmək hüququ" adlanan aberrasiyanı sürəkli təkrarlayan, onu az qala mantraya çevirən Ermənistan və dünya erməniliyi Qarabağı "Artsax" kimi qələmə verərək, niyyətlərinə çatacaqlarına əsla şübhə etmirdilər.

Lakin o "əsla" və "şübhə" kəlmələri arasındakı məntiqsiz bağlılığı Azərbaycan əsgəri pozdu, məhv etdi.

Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi ilə aparılan savaşda ermənilərin arzuları puç edildi, "Qarabağın statusu" məsələsi aktuallığını və mənasını, ən başlıcası isə istinad müstəvisini itirmiş məqama çevrildi.

Qarabağlı ermənilər və Ermənistan da bunu anlayırlar, lakin qəbul etmək istəmirlər.

Ermənilərin onillərdən, əsrlərdən bəri şüurlarında daşıdıqları, daşlaşdırdıqları xülyadan qısa müddətdə əl çəkmək mümkün deyil.

Dünya erməniliyi, yəni  "sprük" isə ümumiyyətlə, sakitləşən və Ermənistanın kapitulyasiyası ilə barışan deyil.

"Qarabağ problemi"ni bundan sonra da gündəmdə saxlamaq üçün onlar ən müxtəlif yollara əl atırlar ki, həmin aşkar təşviqat və təbliğat kampaniyalarının arasında fərqli beynəlxalq təşkilatların "Qarabağ Müharibəsi zamanı qarabağlı ermənilərin məruz qaldıqları əzablar" adlı vaysınmalar xüsusi yer tutur.

Azərbaycana qarşı ifrat qərəzli, subyektivimizmin ən yüksək səviyyəsini nümayiş etdirən, mövqeyi birmənalı olaraq ermənilərin açıqlamalarına və bəyanatlarına əsaslanan beynəlxalq təşkilatlar arasında tamaməm odioz, həddən ziyadə ambisiyalı qurumlar da var.

Həmin təşkilatların sırasına "International Christian Concern" ("Beynəlxalq Xristian Konserni", İCC) də qatılıb.

"The Anatomy of Genocide: Karabakh's Forty-Four Day War" ("Soyqırımın anatomiyası: Qarabağdakı 44 günlük savaş") adlı hesabatı yayan İCC Azərbaycanla Türkiyəni 44 günlük İkinci Qarabağ Savaşında "qarabağlı ermənilərə qarşı soyqırım tətbiq etmək"də suçlayıb.

"Bu savaş Qarabağdakı xristianların dini azadlıqlarının və hüquqlarının qorunması ilə bağlı ciddi narahatlıqlar yaradır ki, problem bütün dünyadakı hökumətlərlə insan haqlarının müdafiəçilərini narahat etməlidir. Türkiyə və Azərbaycan savaş zamanı kilsələri və digər dini obyektləri dağıdıb, hərbi əsirlərə qarşı zorakılıq edib, bir çox ekstremistləri, o cümlədən İŞİD terrorçularını savaşa cəlb edib. Məqsəd Dağlıq Qarabağı ələ keçirmək olub", - hesabatda belə idiotik iddialar yer alıb.

Daha sonra Bakı ilə Ankara "xristian hərbi əsirlərlə vəhşicəsinə davranmaq"da suçlanıb.

"Azərbaycanlılar erməni əsirləri dinlərindən imtina etməyə vadar edirlər. Türkiyə də bu işdə günahkardır, çünki azərbaycanlı əsgərlərə Türkiyə zabitləri təlim keçiblər", - hesabatda vurğulanır.

Amma stop!

Bu cümlə bizə çox tanış gəldi.

Coogle-da axtarış verdikdə yanılmadığımızı, sözügedən cümlənin Ermənistanın ombudsmeni Larisa Alaverdyanın 28 noyabr tarixli bəyanatında yer aldığına əmin oluruq.

Hesabatı oxumağa davam edirik: "Gerçəkdən də, müharibə günlərində azərbaycanlıların törətdikləri hərbi cinayətləri əks etdirən çoxsaylı videolarda hərbçilərin qollarında Azərbaycan və Türkiyə bayraqlarının olduqlarını görürük. Bu isə Türkiyənin hərbi əməliyyatlarda bilavasitə iştirak etdiyini göstərməklə yanaşı, həmin hərbçilərin Azərbaycan və ya Türkiyə vətəndaşları olmasını müəyyənləşdirməyi çətinləşdirir".

Bu cümlə də tanışdır: dekabrın 2-də erməni mediamaqnat Aram Qabrelyanovun "WarGonzo" layihəsindəki Semyon Peqovun öz Telegram kanalında paylaşdığı "açıqlama"da yer alıb.

Hesabatda "azərbağycanlı hərbçilərin xristian ermənilərin kilsələrini və xaçkarlarını darmadağın etmələri" ilə bağlı hissə isə nöqtə-vergülə toxunmadan, olduğu kimi Dağlıq Qarabağdakı terrorçu xuntanın "rəhbər"i Araik Harutyunyanın dekabrın 16-da yayılmış bəyanatından götürülüb.

"Sənəd" ümumiyyətlə, marazmatik məzmundadır.

Məsələn, "Azərbaycanla Türkiyə Osmanlı İmperiyasının tərkibində olublar: 1915-ci ildə məhz Osmanlı İmperiyası ermənilərə qarşı soyqırım etmişdi" iddiasını yazanda hesabat müəllifləri ümumiyyətlə, fikirləşiblərmi?

Azərbaycan axı nə zaman Osmanlı İmperiyasının tərkibində olub?!

Hesabatın sonunda vurğulanır: "Azərbaycan bütün dünyaya açıq şəkildə göstərir ki, məqsədi sadəcə, qarabağlı ermənilərin torpaqlarına nəzarət etmək yox, həm də həmin insanlar üzərində tam nəzarətə nail olmaqdır. Bir şərtlə ki, xristian ermənilər inanclarından və dinlərindən imtina etsinlər. Əks təqdirdə, Azərbaycan onları kütləvi şəkildə qırmaq, soyqırıma məruz qoymaq niyyətindədir".

Bu sərsəm iddia da hesabat müəlliflərinin "intellektual məhsulu" yox, Ermənistandakı "Sasna Srer" təşkilatının lideri Jirayr Sefilyanın 18 dekabr tarixdə İrəvandakı çıxışındadır.

Büsbütün ermənilərin, erməni təşkilatlarının və Ermənistandakı qurumların mənsublarının açıqlamarından iqtibaslar, köçürmələr və inikaslardan ibarət olan hesabatın məzmununu araşdırdıq.

Bəs yaxşı, İCC, yəni "Beynəlxalq Xristian Konserni" nədir, nə işlə məşğul olur?

ABŞ-ın Kolumbiya dairəsində, paytaxt Vaşinqtonda ofisi olan və özünü "beynəlxalq ekumenik, qeyri-hökumət, xristian təşkilat" kimi qələmə verən İCC guya "bütün dünyada istənilən formada təqiblərə məruz qalan dini azlıqların müdafiəsi ilə məşğul olduğunu" iddia edir.

1995-c ildə yaradılmış "beynəlxalq" təşkilatın saytına baxırıq.

"Bütün dini azlıqları müdafiə" etdiyini israrla vurğulayan İCC-nin saytında Myanmadakı rohincalar, İraqdakı yezidlər, İspaniyadakı koptlar, Fransadakı keltlər, İtaliyadakı veronuzlar, Çindəki uyğurlar və s. barədə bir kəlmə də yoxdur.

Çünki İCC sırf xristian təşkilatıdır, "dini azlıq" qismində də hədəfə aldığı ölkədəyə təzyiq etməyə cəhd göstərmək üçün seçdiyi qrupu anlayır.

İCC-nin maliyyə mənbələri də çox maraqlıdır.

Belə ki, apardığımız ilkin araşdırmalar göstərir ki, son 3 ildə İCC-nin ən böyük maliyyə donorları arasında "Amerika Erməni Assambleyası" (Armenian Assembly of America, AAA), Demokratik Partiyada Erməni Komitəsi (Armenian-American Democratic Leadership Council), Respublikaçılar Partiyasında Erməni Komitəsi (Armenian-American Republican Council), Erməni Milli İnstitutu (ANİ), Zoryan institutu (Zoryan Institute) var.

İCC hesabatlarının daim, sürəkli dərc olunduğu media strukturları arasında ABŞ-dakı ermənilərin "Hairenik", "Armenian weekly", "Massis Weekly", "Armenian Liberty", "Snark New Agency", "Armenian News" və "Azbarez" nəşrləri ən fəallar arasındadır.

"Beynəlxalq Xristian Həmrəyliyi" (Christian Solidarity International) təşkilatından ayrılan və özü ilə apardığı bir dəstə "həmrəy"lə birlikdə yeni təşkilat qurmağa qərar vermiş ifrat radikal irqçi, "xristian üstünlüyü" ideyasının daşıyıcılarından olan Stiv Snayderin yaratdığı İCC-yə artıq 18 ildir ki, Ceff Kinq başçılıq edir.

Əvvəllər 11 il "İsa Məsih uğrunda Səlibçilər Düşərgəsi" (Campus Crusade for Christ, CCC) adlı şovinist, irqçi, Ku-Kluks-Klan hərəkatının "mənəvi övladı" sayılan quruma rəhbərlik etmiş Ceff Kinq aşkar irqçidir.

Merilend Universitetini 1985-ci ildə güc-bəla ilə bitirən, ixtisasca marketoloq olan Ceff Kinq dinə də biznes vasitəsi, gəlir əldə etmək imkanı kimi baxır.

Özü haqqında o, belə demişdi: "Atam ateist, anam aqnostik idi. Mən də Tanrıya inanmırdım. 23 yaşımda bardan bara gəzəndə, sərxoş vəziyyətdə anladım ki, həyatımı dəyişməliyəm. Dəyişdim də. İndi xristianlıq dünyasındayam".

Korporativ və ipoteka bankinqdə çalışmış Ceff Kinq İCC-yə başçılıq etməyə başlayan kimi bu ifrat sağçı-radikal xristian təşkilatı da biznes strukturuna çevirib.

Onun "Linkedin" şəbəkəsindəki profilində isə maraqlı elan var: "Əgər siz Ceff Kinqi konfransa, toplantıya və ya xüsusi tədbirə dəvət etmək istəyirsinizsə, müraciət edin. Ceff Kinqin dəvət edilməsi pulludur".

ABŞ-dakı "Charity Navigator"un məlumatlarına görə, İCC rəhbəri Ceff Kinqin son 4 ayda ən çox yollandığı şəhər Kaliforniya ştatındakı Qlendeyl olub. Ermənilərin kompakt yaşadıqları Amerika şəhərləri arasında ilk yeri tutan Qlendeylin meri Vrej Ağacanyanla Ceff Kinq arasında "sıx və səmimi dostluq" əlaqələri var.

Üstəlik, Ceff Kinq şəhərin sabiq meri Ara Nacaryanın "ESTAR Prosperity" hec-fondunun ən iri səhmdarlarından biri, Qleyndeyldəki ermənilərin "Nash Business Services", "Glendale Gateway" və "Dispensary Glendale Doorstep Delivery" şirkətlərinin sürəkli olaraq "könüllü ianələr verdiyi" şəxsdir.

Yaydığı "hesabat"ın mətni ermənilərin açıqlamaları, özü aşkar irqçi və radikal "dini sağçı", rəhbəri isə ABŞ-dakı erməni diaspor mənsublarından "yemlənən" şəxs olan "Beynəlxalq Xristian Konserni"nin Qarabağdakı savaşa "marağı" sırf merkantil istəklərlə bağlıdır.

Ceff Kinq "Senzurasız İslam" (İslam Uncensored) adlı kitabın da müəllifidir. Bu "əsər"də Quran, İslam və müsəlmanlar aşağılanır, İslam dini "terror mənbəyi" kimir göstərilir.

Ceff Kinq bunu etiraf etməsə də...

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.