Siyasət

Azərbaycanın növbəti tarixi uğuru

22 Yanvar 2021 14:51
Baxış: 529

21 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla vidiokonfrans formatda keçirilən görüşdə Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb.

Bu Anlaşma Memorandumunun imzalanması, iki dost, qardaş türk dövləti arasında qarşılıqlı əməkdaşlığın və əlaqələrin yüksək səviyyədə inkişafının bariz mümunəsidir. Bu mühüm tarixi əhəmiyyətə malik sənədin imzalanmasına qədər uzun bir müddət ikitərəfli və çoxtərəfli danışıqlar prosesi getmişdir.

Keçmiş sovet respublikaları müstəqilllik qazandıqdan sonra Xəzər dənizi ətrafında yeni yaranmış müstəqil dövlətlərin qarşısında duran əsas məsələlərdən biri Xəzərin statusunun müəyyən edilməsi ilə bağlı idi. Uzun illər ərzində 5 Xəzəryanı dövlətin - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran arasında Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı 1992-ci ildən başlayaraq uzun müddət danışıqlar prosesinin davam etmişdir. Nəhayət 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalanmışdır. Bu Konvevsiyanın qəbul edilməsi Xəzəryanı dövlətlər arasında Xəzərlə bağlı problemlərin qarşılıqlı surətdə iki tərəfli qaydada həll edilməsi üçün imkanları genişləndirdi və əməkdaşlığın inkişafına təkan verdi.

Azərbaycan neft-qaz strategiyasının inkişafında mühüm addım olan bu anlaşma Azərbaycanın neft və qaz ixracatcısı kimi potensialını genişləndirəcək həm də tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq. Bundan başqa, bu sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat kommunikasiya sahəsində əməkdaşlığın yeni mərhələyə daxil olması da çox böyük əhəmiyyət daşıyır.

Bu sənədin imzalanması eyni zamanda Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə, xarici investorların bu layihələrə cəlb olunmasına, Azərbaycan nəqliyyat tranzit potensialının gücləndirilməsinə və Xəzər dənizində əməkdaşlıq və qarşılıqlı etimad mühitinin artırılmasını yeni imkanlar açacaq.

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Anlaşma Memorandumunun imzalanma mərasimində çıxışı zamanı qeyd etmişdir: "Bu anlaşma Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə aşır. Bu layihə ölkəlrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq".

Rauf Əliyev
Milli Məclisin deputatı
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.