Siyasət

"Qələbəmizin kökündə duran əsas məqamlardan biri gənclərimizin vətən sevgisi idi"

18 Yanvar 2021 16:31
Baxış: 937

Sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun başladığı hərbi əməliyyatlar sonda torpaqlarımızın azad olunması və düşmənin kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Heç şübhəsiz Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinın əsas qəhrəmanı cənab Ali Baş Komandan İlham Əliyevdir. Məhz cənab Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 günlük müharibənin hər bir gününü tariximizə qələbə günü kimi yazdı.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, bu müharibə bir sıra məqamları ilə yadda qaldı. Əvvəlla bütün dünya bir daha Azərbaycanın gücünü gördü, ölkəmizdəki Prezident-Ordu-Xalq birliyinin şahidi oldu. Eyni zamanda həm düşmənlərimiz, həm də onların havadarları Azərbaycanın qüdrətli, yenilməz orduya sahib olduğunu gördü: "44 günlük Vətən müharibəsində ordumuzun misilsiz qalibiyyətinin, o cümlədən Şuşa qələbəsinin kökündə duran əsas məqamlardan biri ordu sıralarında olan gənclərimizin vətən sevgisi ilə bağlı idi. Cənab Prezidentin bu günlərdə Şuşaya səfəri zamanı bəyan etdiyi kimi Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi".

Açıqlamasında bütün nəsillərdən olan vətəndaşların bu Qələbədə böyük zəhmətinin olduğunu deyən deputat əlavə edib ki, ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi: "Bu haqq savaşımız bir daha sübut etdi ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış, öz torpağı, vətəni uğrunda qanından keçməyə belə hazır olan gənclər var. Bunu da birmənalı olaraq vurğulayım ki, 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Yəni, tarixi qələbəmizin əldə edilməsində əsas yükü, əsas vəzifəni məhz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 17 il ərzində yetişən gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların ötən 17 il ərzində məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi".

44 günlük Vətən müharibəsuində ölkəmizdəki bütün etnik qrupların nümayəndələrinin, bütün dinlərin nümayəndələrinin bir yumruqtək birləşdiyini də deyən Vüqar İskəndərov onu da əlavə edib ki, bu haqq savaşında qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib: "Cənab Prezidentin Cıdır düzündə bir daha bəyan etdiyi kimi bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.