Siyasət

Makropaşinyanizm: Paris ağır xəstəliyə yoluxub

27 Dekabr 2020 22:52
Baxış: 3 534

COVİD-19 koronavirusuna yoluxan, müalicə olunan və sağalan Fransa prezidenti Emmanuel Makron arvadı Brijit ilə birlikdə fort Breqansondakı iqamətgahındadır.

Bu ayın sonunadək o, Parisdən kənarda olacaq.

Gələn həftə isə Makron ölkənin Müdafiə və Milli Təhlükəsizlik Şurasının toplantısını keçirməli, dekabrın 31-də isə ölkə vətəndaşlarına ənənəvi Yeni İl müraciəti ilə xitab etməlidir.

Fransanın cənubunda, Yer şəhərinin yaxınlığında, dəniz sahilində iqamətgahında dincələn Emmanuel Makron sağaldığını sanır. Ola bilər - COVİD-19 müalicə olunan xəstəlikdir.

Lakin marazm, idiotizm və korafəhmliyin inadla qorunması çox çətin müalicə edilən, əksər hallarda isə müalicəsiz qalan mərəzlərdir.

Fransızların əksəriyyəti belə düşünür. Hər halda nüfuzldu BFM radiostansiyasının keçirdiyi rəy sorğusunun nəticələrinə görə, respondentlərin 71 faizi Emmanuel Makronu xarici siyasət və diplomatiya sahəsində "tam diletant" sayıblar. Rəyi soruşulanların 62,4 faizi isə Makronu Fransanın çağdaş siyasi tarixində Nikolya Sarkozidən təki uğursuz və bacarıqsız dövlət başçısı qismində gördüklərini deyiblər.

Makron belə imicini qorumaq üçün əlindən gələni edir.

Onun Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı etirafı da könüllü qalimaqal yaratmaq istəyi və ya absurdun təntənəsi kimi dəyərləndirilə bilər.

... Noyabrın 21-i, şənbə. Paris. "Hayastan" Ümumerməni Fondu Fransanın paytaxtında xeyriyyə marafonu keçirir. "Phoneton" marafonuna qatılmağa qərar verən Makron gəlir və Fransadakı erməni icmasının rəhbərləri, habelə fəalları ilə görüşür.

Görüş əsnasında E.Makron Ermənistana və ermənilərə az qala fanatik sevgisini izhar edir, "Fransa bundan sonra da Ermənistana və qarabağlı ermənilərə yardımlarla dəstəyi davam etdirəcək" deyir.

"Təbii, biz bunu etməliyik. Müharibə nəticəsində 120 min qarabağlı erməni ev-eşiklərini tərk edərək qaçqın olublar. Üstəlik, indi dözülməz şəraitdə yaşayan 1 milyon ermənini də unutmamalıyıq", - Makron söyləyib.

Fransanın Erməni Fondunun vitse-prezidenti Kristov Dossikyanın dediyinə görə, marafonda 2 milyon avro yığılıb. O pulların hamısının Ermənistana və qarabağlı ermənilərə göndəriləcəyini söyləyəndə E.Makron razılıqla başını tərpədib.

Avropada ən böyük erməni diasporunun yaşadığı, 600 min erməninin ölkə vətəndaşı pasportu daşıdığı Fransanın prezidentinin belə davranışı əslində, yolverlməzdir. Ən azı ona görə ki, Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması üçün yaradılmış Minsk Qrupunun üç həmsədr ölkəsindən biri məhz Fransadır. Fransanın dövlət başçısının aşkar ermənipərəst davranışı isə rəsmi Parisin obyektivliyinə kölgə salmır - həmin obyektivliyi məhv edərək subyektivliyə, qərəzə və aqressivliyə çevirir.

Yerli erməni icmasına yarınmaq, daha doğrusu, növbəti prezident seçkilərində erməni seçicilərin səslərini qazanmaq üçün Emmanuel Makron həmin görüşdə ermənilərdən də artıq erməni olmaq istəyində idi sanki: "Dağlıq Qarabağda mədəniyyət abidələrinin məhv edilməsinin dayandırılmasını tələb edirik. Erməni mədəni və dini irsi mütləq şəkildə qorunmalıdır. Bundan başqa, Rusiyanın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında atəşkəslə bağlı imzalanmış anlaşmaya beynəlxalq səviyyədə nəzarəti israrla tələb edirik. Rusiya və Türkiyə arasındakı diskussiya çərçivəsində həll edilməsi mümkün olmayan məsələlər hələ də qalır".

Sonda o, Fransadakı erməni icmasının rəhbərləri ilə nahara qatılıb. Nahar əsnasında E.Makron bu ermənilərin Nikol Paşinyanla bağlı söylədiklərini diqqətlə dinləyib, sonra isə Ermənistanın baş naziri barədə "mübhəm açıqlama" verib.

"Qarabağda müharibə əsansında Paşinyanla dəfələrlə telefon əlaqəsi saxladım, ona dəstəyimi təklif etdim. Hətta SMS-lər yazdım. Doğrudur, Paşinyan o SMS-lərə tez cavab verirdi. Lakin Paşinyan bir dəfə də olsun, öz təşəbbüsü ilə mənimlə əlaqə saxlamadı, heç nə istəmədi. Məni xüsusilə təəccübləndirən məqam noyabrın 9-da imzaladığı bəyanatdan əvvəl və sonra Paşinyanın mənimlə əlaqə saxlamaması oldu. O, həmin sənədi imzalamaq məcburiyyətində qaldığını, yaxud imzalayandan sonra nəticələri necə azaltmağın yolları barədə suallarını söyləmədi.

Axı mən ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkənin prezientiyəm. Niyə sənədi imzalamazdan əvvəl və ya sonra zəng vurub dəstək istəmədi?!" - E.Makron bildirib.

Ən nəhayət, Emmanuel Makron erməni icmasının mənsubları ilə məsləhətləşmələr apararaq soruşub: "İndi nə edək?! Fransa Minsk qrupunda qalsın, yoxsa danışıqlar prosesini davam etdirsin, yaxud Minsk Qrupunu tərk edərək Dağlıq Qarabağın müstəqilliyini rəsmən tanısın?!"

... Bir görüş barədə bunca uzun-uzadı və təfərrüatlı yazmağımın səbəbi var.

Emmanuel Makron Fransanın tarixində ilk prezidentdir ki, ölkənin xarici siyasətində icra edilə biləcək proseslər, atılacaq addımlar və qəbul edilə biləcək qərarlarla bağlı hökumət üzvləri, yaxud analitiklər və ya deputatlarlarla yox, ölkədəki icmalardan birinin mənsubları ilə müzakirələr aparır.

Ciddi şəkildə, prezident seçkilərində həmin icmanın dəstəyini almaq üçün.

Belədirsə, Makron nə üçün Əlcəzairlə bağlı siyasəti əslən əlcəzairli fransalılarla, Rusiya ilə bağlı mövqeyini rus icması, Yunanıstanla davranışını isə Fransadakı yunanlarla müzakirə və təhlil etmir?!

Makronun davranışı Fransanın xarici siyasəti ilə yanaşı, rəsmi Parisin nüfuzuna zərbə və əslində təhqirdir.

Ermənistanın baş naziri Nikol Paşinyanın aqressiv siyasətçi, daha konkret olsaq, imbesil və bisavad fərd olduğu bəllidir.

Emmanuel Makronun da dünyagörüşü, intellekti, savadı və Qafqazdakı proseslərə bələdlik səviyyəsi dərin şübhələr doğurur.

Bəs Elisey Sarayına, Fransa hakimiyyətindəki intellektuallara nə olmuşdu?

Bəyəm onlar bilmirdilər ki, Ermənistanın Fransa ilə sıxz yaxınlaşmasına İrəvanın əsl sahibi olan Rusiya çox kəskin reaksiya verəcək?

Avropa Birliyi ilə assosiativ əməkdaşlıqla bağlı İrəvanın Brüssellə 2013-cü ildə apardığı danışıqların Moskvanın çəmkirməsindən sonra nə ilə başa çatdığını da yada salmaya bilərik.

Amma Emmanuel Makron əla bilir ki, noyabrın 9-dan 10-a keçən gecə N.Paşinyanın seçimi yoxdu: o, ya üçtərəfli bəyanatı imzalamalı, ya da Ermənistan Qarabağda 25 min hərbçisini itiriməli idi.

Məntiqlə, Minsk Qrupunda həmsədr olan Fransanın prezidenti sentyabrın 27-də Azərbaycan ordusunun mövqelərinə hücuma keçən, kənd və şəhərlərimizi bombalamağa başlayan Ermənistanın işğalçı isteriyasının qarşısını almalı idi.

Makron isə tam əks davranış nümayiş etdirdi. 44 günlük savaş əsnasında o, Qərbin yeganə dövlət başçısı oldu ki, işğalçı Ermənistana aşkar dəstək verdi.

Fransadan muzdluların Ermənistana yollanmasına mane olmadı, üstəlik Fransanın xüsusi xidmət və kəşfiyyat strukturlarının Qarabağda əməliyyatlar keçirməsinə göstəriş verdi.

Məşz bu strukturlar, yəni Fransanın xüsusi xidmət və kəşfiyyat qurumları Suriyadan və Livandan ərəb muzdluların, PKK terrorçularının, erməni yaraqlıların Qarabağa daşınmasını təşkil etmişdilər.

Bütün bunlar bir yana - Makronun "O, həmin sənədi imzalamaq məcburiyyətində qaldığını, yaxud imzalayandan sonra nəticələri necə azaltmağın yolları barədə suallarını söyləmədi" açıqlaması nə deməkdir, nə məna verir?

Olmaya Yelisey Sarayının sahibi N.Paşinyana həmin üçtərəfli bəyanatın şərtlərinə necə əməl etməmək, öhdəliklərdən boyun qaçırmaqla bağlı məsləhətlər verəcəkdi?

Emmanuel Makron bəlkə Rusiya prezidenti Vladimir Putinin "Bu anlaşmaya əməl etməmək Ermənistan üçün intihara bərabərdir" bəyanatından xəbərsizdir?

İmzalanan sənədə əməl etməməklə bağl məsləhət Afrikadakı diktatorlardan, yaxud Okeaniyadakı cırtdan ada-dövlətlərdən birinin rəhbərinin açıqlaması olsaydı, təəccüb doğurmazdı.

Amma özünü Avropa Birliyinin lokomotivi, dünya miqyasında demokratiyanın və beynəlxalq hüququn müdafiəçilərindən biri bəyan etmiş Fransanın dövlət başçısının belə idiotik bəyanatı anlaşılmazdır.

E.Makronun son açıqlamaları artıq aşkar şəkildə göstərirk i, onun Fransadakı erməni icmasının rəhbərliyi ilə "məhrəmanə" münasibətləri artıq normal siyasət məcrasından çoxdan çıxıb.

Ermənilərə yarınmaq və prezident seçkilərində Fransadakı erməni icmasının səslərini qazanmaq, habelə düşmən gözündə gördüyü Türkiyəyə məhz Qarabağ problematikası müstəvisində zərbə vurmaq istəyində olan Emmanuel Makron Minsk Qrupundak həmsədr ölkə mandatı ilə yanaşı, beynəlxalq hüqunun normalarını, ən nəhayət diplomatik etika və siyasi davranış qaydalarını qulaqardına vurur.

Beləliklə o, əyani şəkildə sübut edir ki, Fransanın Minsk Qrupundakı mandatından Qarabağ münaqişəsini çözmək üçün yox, Ermənistana hər formada və formatda dəstək vermək üçün istifadə edirmiş.

Məğlub olmuş, ordusu darmadağın edilərək çrox ağır siyasi-iqtisadi və psixoloji böhrana yuvarlanmış Ermənistanı dəstəkləmək üçün Fransanın Cənubi Qafqazdakı maraqlarının, xüsusilə də Azərbaycanla münasibətlərinin üstündən xətt çəkməyə hazır olan E.Makronun ermənilərə vəkillik cəhdləri çox acınacaqlı görünür.

Fransa anlamalıdır ki, belə marazmatik prezident Azərbaycan və Türkiyə üçün yox, ilk əvvəl fransızların özləri üçün ciddi problemdir.

MakroPaşinyanizm bəlası ağır dərddir çünki...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.