Siyasət

Kiyevin abadlaşdırılmasında Bakının ən yaxşı təcrübəsi tətbiq edilir - Vitali Kliçko - FOTO

9 Dekabr 2020 15:01
Baxış: 800

Kiyev şəhərinin abadlaşdırılması, müasir infrastrukturun qurulmasında Bakı şəhərinin ən yaxşı təcrübəsi tətbiq edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu fikri Kiyev şəhər meri Vitali Kliçko Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova ilə görüşündə deyib.

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən xoş xatirələr danışan mer bildirib ki, Bakı şəhərində bir neçə dəfə olub və paytaxtın necə inkişaf etdiyinin şahidi olub. "Bakının ən yaxşı təcrübəsini Kiyevdə tətbiq etmişəm, xüsusilə Ukrayna paytaxtında bayraq meydanının yaradılması ideyasını Bakıdan götürmüşəm", - deyə Vitali Kliçko əlavə edib.

Azərbaycan şirkətlərini Kiyevin yollarının bərpası və müasir infrastruktur tikintisi işlərinə investisiya qoyuluşuna çağıran mer bildirib ki, bu işdə dəstək verməyə həmişə hazırdır.

Yenidən Kiyev şəhərinin meri seçilməsi münasibətilə Vitali Kliçkonu təbrik edən səfir Elmira Axundova bildirib ki, Bakı və Kiyev qardaşlaşmış şəhərlər arasında yaxın əməkdaşlıq mövcuddur, lakin bu əlaqələr daha da dərinləşdirilməlidir. Xüsusilə birgə mədəni layihələrin gerçəkləşdirilməsi olduqca önəmlidir.

Səfir Bakı və Kiyevdə mədəniyyət günlərinin keçirilməsini təklif edib. Bu tədbirlər çərçivəsində Kiyevin Opera və Balet Teatrında Azərbaycanın "Yeddi gözəl" baletinin tamaşaya qoyulmasını qeyd edib.

Elmira Axundova, həmçinin vurğulayıb ki, çoxlu sayda Azərbaycan şirkəti Kiyevdə müxtəlif sahələrdə işləməyə hazırdır. Azərbaycan şirkətlərinin Kiyevdəki layihələrə investisiya qoyuluşunu artırması üçün birgə əməkdaşlığın gücləndirilməsi zəruridir.

Görüşün sonunda Elmira Axundova müəllifi olduğu "Heydər Əliyev: şəxsiyyət və zaman adlı" üçcildlik, həmçinin Birinci xanım Mehriban Əliyeva haqqında miniatür və digər kitablarını Kiyev merinə hədiyyə edib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.