Siyasət

RİİB-in təşəbbüsü ilə Könüllülər himni hazırlanıb - VİDEO

5 Dekabr 2020 14:03
Baxış: 706

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci il ölkəmizdə "Könüllülər ili" elan edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Regional İnkişaf" İctimai Birliyi tərəfindən "Könüllülər ili"nə töhfə vermək, gəncləri ölkəmizin sosial-ictimai həyatında fəal iştiraka, həmrəyliyə təşviq etmək məqsədilə Könüllülər himni hazırlanıb.

Tanınmış müğənnilərin, müxtəlif təşkilatlarda fəaliyyət göstərən könüllülərin ifasında, eləcə də onların müxtəlif tədbir və layihələrdə iştirakına aid görüntülərlə təqdim olunan himnin bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, sözləri mərhum şair İsmayıl Dadaşova aiddir.

Qeyd edək ki, gənclərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, onlarda humanizm və sosial məsuliyyət hislərinin möhkəmləndirilməsi, innovativ düşüncə və rəqabətədavamlı biliklərin və yaradıcılığın təşviqi, gənc nəslin ictimai həyatda fəal iştirakının dəstəklənməsində könüllülük hərəkatının rolu danılmazdır.

Azərbaycan dünyada könüllülük fəaliyyətinin inkişafı və təbliğində xüsusi yeri olan ölkələrdəndir. Ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları və digər beynəlxalq tədbirlərin təşkili və keçirilməsində minlərlə könüllü gənc əvəzsiz rol oynamış, Vətənə sevgi və bağlılıqlarını ortaya qoymuşlar.

Bu gün dünyada qlobal təhdidə çevrilən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar minlərlə könüllü Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına cavab olaraq, pandemiya ilə mübarizədə əhalinin maarifləndirilməsi, həssas kateqoriyadan olan insanlara sosial xidmətlərin göstərilməsi, Ermənistanın hərbi təcavüzü nəticəsində zərərçəkmiş soydaşlarımıza köməkliyin edilməsi, Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrinə və yaralı əsgərlərə mənəvi dəstək və digər istiqamətlərdə xidmətlər göstərir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.