Siyasət

"Xankəndidə erməni silahlılarının qalması barədə məlumatlar feykdir" - Polkovnik

4 Dekabr 2020 17:15
Baxış: 3 525

"Xankəndidə, Xocalıda hələ də erməni silahlılarının qalması barədə məlumatlar feyk məlumatlardır".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, Bu feyk məlumatlar Ermənistanın daxili auditoriyasını sakitləşdirmək üçün planlaşdırılıb:

"Bu feyk məlumatlar da ona görə yaradılır ki, bu gün Ermənistan artıq o bölgəni tərk etdiyini anlayır. Ona görə də təslim aktına imza atıb və tərk edib. Necə ki, Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk etdilər və bir mərmi, bir güllə belə atmadan o torpaqları azad etmiş olduq. 

Ermənistanın daxili, siyasi auditoriyasında olan gərginliyi düşünsək, hansı ki, Paşinyan öz varlığını qorumağa çalışır, görərik ki, buna görə saxta məlumatlar yayırlar. Güya, "Artsax" var, "Artsax"la bağlı müəyyən görüşlər keçirilir, guya orada hansısa hərbi birləşmələr var və s. Bu hamısı Ermənistanın daxili auditoriyasını sakitləşdirməyə planlaşdırılıb. Qaldı ki, bu barədə Rusiya mediasında məlumatların yayılmasına, rus mediasında bir çox KİV orqanları ermənipərəst şəxslərin əlindədir. Sual oluna bilər ki, bəs onlar bu saxta məlumatları niyə yayırlar? Çünki bu xəbərlər təkcə Ermənistan auditoriyasında olmuş olsaydı, sadəcə Ermənistanın daxili auditoriyası anlamış olacaqdı ki, bu, bizə dövlət tərəfindən verilən saxta, aldadıcı məlumatlardır. Rus mediasına da istinad ediləcəyi havasını yaratmaq üçün bir çox rus saytlarında da bu tip məlumatları görmüş ola bilərsiniz. Onlar feyk xarakterli məlumatlardır. 

Ermənilər artıq  o coğrafiyaya gəlib yaşamaq istəmirlər

O ərazilər də, Ali Baş Komandanımızın da qeyd etdiyi kimi artıq bütün torpaqlar birmənalı olaraq Azərbaycan torpağıdır və son qarışına qədər azad edilib. Bu gün sadəcə sülhməramlı missiya qismində Rusiya və Türkiyə qüvvələri siyasi müstəvidə bir keçidi təmin etmək üçün oradadırlar. Zamanında bizə qarşı o qədər pisliklər edən, Xocalı kimi qətliamlar törədən ermənilərin içində elə bir qorxu var ki, onlar artıq o coğrafiyaya gəlib yaşamaq istəmirlər. Ona görə yox ki, biz onlara qarşı aqressoruq, ona görə ki, onlar zamanında bizim vətəndaşlara, bizim sivil əhaliyə qarşı müxtəlif qətliamlar və cinayətlər törədiblər. Bu 44 günlük döyüşün gedişində biz onların ancaq legitim hərbi obyektlərini zərərsizləşdirdik. Amma onlar nə edirdilər? Bizim Gəncə, Bərdə, Mingəçeviri, Tərtər kimi şəhər və rayonlarımızı vuraraq sivil əhalimizə qarşı qətliamlar törədirdilər. Səbəb budur!

Biz bütün qisasımızı almış millətik

Bu gün onların Ermənistanın daxili auditoriyası üçün hesablanmış feyk məlumatlarına istinad edib, bizim daxili auditoriyanın narahat olması birmənalı olaraq gülüncdür. Artıq o torpaqlar azad olunub. Biz artıq qələbəni elan edirik, bizdə artıq 3,8-4 milyard dollarlıq əldə olunmuş qənimətlərin yaxın günlərdə zəfər paradında insanlara təqdim edilməsinin danışıqları gedir. Biz zəfər qeyd edən millətik! Biz 100 ildə ilk dəfə qələbə əldə etmiş və bütün qisasımızı almış millətik. 

Səbirli olmaq lazımdır

Baxın, bu gün biz üçtərəfli bəyanata (10 noyabr) imza atmışıqsa, burada müəyyən bir siyasi məqamlar var ki, bunlar açıqlanmır. Hər bir yerdə bayrağın sancılmasına və göstərilməsinə zərurət olsa da, o edilmir. Amma gələcəkdə mütləq və mütləq ediləcək. Sadəcə olaraq bu keçid naminə səbirli olmaq lazımdır". 

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.