Siyasət

Tarixdəki Şəxsiyyət: Azərbaycan dəyişir və dəyişdirir

4 Dekabr 2020 15:47
Baxış: 1 980

"Zaman gələcək, tarixin məhvəri dəyişəcək, indi geridə və kölcədə olanlar irəli çıxacaqlar. Ola bilsin mən həmin günü görməyəcəyəm, lakin o gün mütləq olacaq".

Müasir Hindistanın banisi Mahatma Qandi son çıxışlarından birində belə deyəndə dünyanı idarə edən qlobal güclərə meydan oxuyan insan kimi danışırdı.

Mahatmadan əvvəl onlarla düha dünya siyasətindəki ədalətsizliyi, bəşər övladlarının "inkişaf etmiş" və "inkişaf etməkdə olan" dövlətlərə bölünməsinin ədalətsizliyinin, güclü və qüdrətli ölkələrin müstəmləkəçi kimi davranaraq zəifləri istismar etməsinin yolverilməz olduğunu demişdilər.

20-ci əsrin ortalarına qədər dünya iki yerə bölünmüşdü: istismar edənlər və istismar olunanlar. Əzilənlər əzənlərə qarşı çıxdılar, savaşlar apardılar, milli özünütəyin uğrunda çarpışdılar.

Və onlara ŞƏXSİYYƏTlər rəhbərlik etdilər.

Tarixdə xalqını arxasınca aparan şəxsiyyət tarixi zaman və məkanın axarında proseslər, hadisələr, faktları həyat ssenailərinə, cəmiyyətin yaşamını dəyişən olaylara çevirir və sonucda bunlar qlobal miqyasda dəyişikliklərə vəsilə olur.

600-dan artıq şəhər-dövlətin olduğu Qədim Elladada sadəcə, Aristotel bir dəstə şagirdi ilə 158 dövlətin durumunu öyrənməyə çalışmışdı.

Kiçikdi o dövlətlər, bəziləri isə mikroskopikdi.

Lakin sonradan həmin kiçik dövlətlərin mövcudluğu tarixdə ellinistik dövr kimi qaldı və dünyanın yaşamına indi də təsir edir.

Afinanın tarixi Perikllə necə bağlıdırsa, sonradan Roma imperatoru olmuş Qay Avreli Valeri Dikoletian kanonları elə dəyişmişdi.

Qay Svetoni Trankvil boşuna yazmamışdı: "Bəzən şəxs dünyanı dəyişir - dünya bunu hiss etməsə də".

Əsrlər sonra, İntibah dövründə F.Byondro, L.Valla, F.Qviççardini, N.Makiavelli tarixdə şəxsiyyətin rolundan bəs etmişdilər. Onların fikrincə, istənilən qövmün və insanların millət olması üçün tarixi şəxsiyyət gərəkdir.

Azərbaycanda dövlətin başçısı və millətin gerçək lideri İlham Əliyev kiçik dövlətlərin dünya düzənindəki rolu ilə yerinin dəyişməsinin mümkünlüyünü sübut etdiyi kimi.

Dünyada təqribən 42 milyon azərbaycanlı yaşayır və onların sadəcə, 10 milyon nəfəri Azərbaycan Respublikasını təşkil edir. Çin, ABŞ, Hindistan və ya Yaponiya kimi dövlətlərin miqyasını, demoqrafik və urbanistika xüsusiyyətlərini nəzərə alsaq, həmin ölkələrdəki şəhərlərdən biri boydayıq.

Lakin 25 illik dövrün indiki məqamında ölçülərdən böyük, sərhədlərdən ötə bir güc olmuşuq və həmin qüdrətin, gücün memarı da İlham Əliyevdir.

Pafos deyil - dövlət başçısını tərifləmək asandır, sözlər sıralanır və orta statistik mədhiyyə alınır.

Fəqət, bir anlıq olaraq özümüzü azərbaycanlı hesab etməyk - düşünək ki, holland və ya meksikalıyıq, baxaq Azərbaycana, keçilən yola və yaşananlara, ən başlıcası isə indi göz qarşısında olanlara nəzər salaq.

Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilib.

Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev sessiyada videoformatda çıxış edib.

İ.Əliyevin çıxışı əslində BMT Nizamnaməsinin və "Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi"nin təməlində duran multilateralizmə və beynəlxalq əməkdaşlıq dəyərlərinə kollektiv sadiqliyimizi yenidən nümayiş etdirilməsinin zərurətinin vurğulanması da saymaq olar.

Qoşulmama Hərəkatı tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə BMT-nin üzv dövlətlərinin böyük dəstək verməsi təbii ki, Qoşulmama Hərəkatının üzv dövlətlərinin möhtəşəm uğurudur.

Unutmayaq ki, beynəlxalq əməkdaşlığın təşviqini özündə ehtiva edən Bandunq Bəyannaməsinin qəbul olunmasının 65 illiyi bu il qeyd olunur.

COVİD-19 koronavirus pandemiyasının misli görünməmiş universal fəsadlarının aradan qaldırılması üçün qlobal səylərə töhfə vermək və Qoşulmama Hərəkatına üzv dövlətlərə operativ, adekvat və əhatəli yardımın göstərilməsi məqsədilə Azərbaycan Qoşulmama Hərəkatının Sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun onlayn Zirvə görüşünü təşkil etmişdir. Həmin toplantının praktiki nəticəsi olaraq, Hərəkata üzv dövlətlər COVID-19 ilə mübarizə və koronavirusla bağlı Qoşulmama Hərəkatının üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsi qərarına gəliblər.

Pandemiya istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirmiş, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırıb. Pandemiya ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurub. Qoşulmama Hərəkatı böhranın davam edən fəsadlarının böyük çətinliklə əldə olunmuş nailiyyətləri geri atacağından və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində tərəqqiyə mane olacağından dərin narahatlıq keçirir.

Pandemiya ədalətli və bərabərhüquqlu dünya nizamına nail olmaq üçün mövcud fundamental problemlərin daha da artmasına səbəb olub. Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında da müzakirə edilmiş bu problemlər qlobal maliyyə və iqtisadi böhranın təsirləri, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində resurs qıtlığı və iqtisadi-sosial gerilik, qeyri-bərabər ticarət şərtləri və inkişaf etmiş ölkələrin kifayət qədər əməkdaşlıq etməməsi, onların bəziləri tərəfindən birtərəfli və məcburedici tədbirlərin tətbiqi, habelə gücdən istifadə və ya gücdən istifadə ilə hədələmə və digərlərindən ibarətdir.

"Qoşulmama Hərəkatı bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayır", - İlham Əliyev deyib.

Yeni tarixin yaranmasının, yeni dünya düzəninin formalaşmasının şahidiyik. Birqütblü geosiyasi məkan dəyişir, regional liderlər formalaşır və Cənubi Qafqazın da gerçək liderinin Azərbaycan olduğunu həm qonşu dövlətlər, həm də uzaqdakı ölkələr anlayırlar.

İl başlayandan bəri artıq ikinci dəfədir ki, İlham Əliyev son 40 ildəki geosiyasi proseslərin sonuclarına təsir edən və onları dəyişən Şəxsiyyət kimi sözü, əməli və mövqeyi ilə ciddi təsir imkanlarına malik dövlət başçısı, siyasətçi olduğunu nümayiş edir.

Məsələ heç də Vətən Müharibəsində deyil: doğrudur 44 gün ərzində Ermənistanın Qarabağdakı hərbi birləşmələri darmadağın edildi, İrəvan kapitulyasiya etmək məcburiyyətində qaldı, 28 illik işğal bitdi.

Azərbaycan dövlət müstəqilliyi qazanandan sonra ilk dəfə ərazi bütövlüyünü tam bərpa etdi. Bayrağımız indi bütün sərhədimiz boyunca dalğalanır.

Məsələ Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun bölgədə yeni reallığı formalaşdırmasıdır.

Əvvəlki modellər, klassik və situativ proseslər artıq işlək deyil.

Cənubi Qafqazda gerçək regional güc təsbitlənib təsdiqlənməklə yanaşı, bölgənin siması və ən başlıcası, geosiyasi qüvvələrin bölgəyə münasibəti dəyişib.

Bu miqyaslı və köklü transformasiyanın memarı da məhz İlham Əliyevdir.

İki geosiyasi rəqibi - Rusiya və Türkiyəni tərəfdaşa çevirən, Xəzəryanı dövlətlərlə münasibətləri sürətlə inkişaf etdirən, İranda mehriban dostluq əlaqələrinin güclənməsinə nail olan, Gürcüstanı strateji müttəfiqə çevirən də Azərbaycan prezidentidir.

Məhz onun siyasəti, qərarları və mövqeyi sayəsində Azərbaycan həm də Yaxın Şərqdə aktiv siyasi fiqura çevrilib. Suriya ilə bağlı Rusiya-NATO danışıqlarının Bakıda keçirilməsi, Fələstin-İsrail münaqişəsinin çözülməsi istiqamətində müzakirələrdə Azərbaycanın da vasitəçi olması və s. kimi proseslər regional geosiyasi sistemdə ölkəmizin tutduğu yeri göstərir.

Habelə, dünya erməniliyinin və erməni lobbiçiliyinin bütün səylərinə rəğmən, Azərbaycanın sürəkli irəliləyişi də Ali Baş Komandanın yürütdüyü siyasətin nəticəsidir.

O siyasət milli-dövlət maraqlarının ən ümdə prinsip sayılması, suverenitet və ərazi bütövlüyünün dominant hala gətirilməsi, yeni geosiyasi formasiyalarda beynəlxalq hüququn və ədalətin ümdə məsələ sayılmasıdır.

İlham Əliyev qlobal hegemonluğa, neoimper və neoşovinist təmayüllərə qarşı çıxdı, Qoşulmama Hərəkatını anti-Qərb strukturdan dünya siyasətinə real təsir imkanlarına malik olan nəhəng təşkilata transformasiya etmək istiqamətində real addımlar atdı.

Vətən Müharibəsində qələbə, BMT Baş Assambleyasının xüsusi sessiyasının məhz Azərbaycanın təşəbbüsü ilə çağırılması və orada dövlət başçımızın tarixi çxıışı... Biz, artıq postsovet məkanında sıradan bir dövlət, 28 il əvvəl parçalanmaq və məhv olmaq təhlükəsindən qurtulan ölkə yox, hərbi, siyasi və iqtisadi baxımdan yeni dünya düzəninin formalaşmasında fəal iştirak edən Azərbaycanıq.

Bu isə tarixdə və cəmiyyətin qanunauyğun inkişafında şəxsiyyətin rolunun nə qədər önəmli olmasının daha bir göstəricisidir.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.