Siyasət

"Prezident Ermənistanın və havadarlarının bu planının qarşısını aldı"

3 Dekabr 2020 16:01
Baxış: 1 652

Prezident İlham Əliyevin Azərbaycanın rayonlarının həm hərbi yolla, həm də siyasi-diplomatik yolla işğaldan azad edilməsindən sonra hər birinə uyğun xalqa müraciəti bizim son 30 illik ən populyar tariximizin konkret faktlarla zənginləşdirilməsində və faktların ictimailəşdirilməsində böyük rolu var.

Bunu Milli.Az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev dekabrın 1-i Laçının Azərbaycana təhvil verilməsi (10 noyabr sənədlərinə görə güllə atılmadan, qan tökülmədən Ağdam, Kəlbəcər və Laçın Azərbaycana təhvil verildi) ilə bağlı xalqa təbrik müraciətini şərh edərkən deyib.

Ekspert bildirib ki, prezidentin Azərbaycanın hər qarışı uğrunda mübarizədə nə qədər prinsipiallıq nümayiş etdirdiyini bu çıxışda bir daha gördük:

"Xalqa müraciəti zamanı prezidentin təbriklərinin hər birində bizim ən yeni tariximizə, xüsusilə də Qarabağa aid olan yeni və maraqlı məlumatlar var. Hansılar ki, onlar diplomatiyamızın, dövlətimizin tarixində çox əhəmiyyətli məzmuna malikdir. O cümlədən də Laçının azad olunması ilə bağlı cənab prezidentin xalqa təbrik müraciətində diqqət çəkən bir sıra məqamlar var. Bunlardan, ilk növbədə, Azərbaycan diplomatiyasının Laçın uğrunda mübarizəsində nə qədər çətin və mürəkkəb yollardan keçdiyini, eləcə də bu yollarda hansı beynəlxalq dairələrin Azərbaycana necə çətinliklər yaratmaq istədiklərini biz bir daha gördük. Prezident konkret faktlarla sübut etdi ki, xüsusilə də Laçınla bağlı Azərbaycan diplomatiyası bir sıra çətin həmlələri və tələbləri aradan qaldırıb. Biz Azərbaycan dövlətinin, onun başçısının, şəxsən prezidentin özünün Azərbaycanın hər qarışı uğrunda mübarizədə nə qədər dönməzlik və prinsipiallıq nümayiş etdirdiyini bu çıxışda bir daha gördük".

A.Quliyev bildirib ki, Azərbaycan dövlətinin hərbi həmləsi olmasaydı, biz nə Laçını, nə də Ağdam və Kəlbəcəri belə asanlıqla və dincliklə əldə edə bilməzdik:

Ermənilər illər boyu Laçını necə aldadıcı, yanıldıcı müəyyən layihələr irəli sürməklə əldə saxlamağa cəhd göstərdiklərini, müəyyən beynəlxalq təşkilatların 5+2 formatı əsasında Azərbaycanı yola vermək cəhdləri, əslində, 5 rayonu qaytarıb, sonda Kəlbəcəri və Laçını öz əllərində saxlamaq planları qurduqlarını, amma Azərbaycan Prezidentinin sona qədər böyük prinsipiallıq nümayiş etdirərək bu planların qarşısını necə aldığını faktlarla gördük. Məsələn, bizim üçün çox maraqlıdır ki, Azərbaycanın böyük neft kəmərinin Ermənistandan keçirilməsi üçün hətta Dünya Bankı səviyyəsində Azərbaycana nə qədər təzyiqlər göstərildi. Biz bunu eşitmişdik, amma konkret faktla bilmirdik ki, Dünya Bankı məhz həmin kəmərin Ermənistandan keçməsinə nail olmaq üçün bu kəmərin maliyyələşdirilməsini uzun müddət gecikdirib. Və yaxud da ki, Laçın dəhlizinin hansı ölçülərdə saxlanılması ilə bağlı məsələ də bizim üçün çox maraqlıdır. Azərbaycan ictimaiyyəti bildi ki, Ermənistan, ilk öncə, öz havadarlarının köməyi ilə bu dəhlizin nə qədər böyük həcmdə, ölçüdə öz əlində saxlanmasında maraqlı olsa da, amma hakimiyyəti və şəxsən prezident bu planların qarşısını aldı. Çox maraqlıdır ki, Azərbaycan torpaqlarının, xüsusilə də Kəlbəcərin işğaldan azad edilməsində Azərbaycan dinc üsullardan istifadə ilə nələr əldə edib?! Azərbaycan dövlətinin hərbi həmləsi olmasaydı, biz nə Laçını, nə də Ağdam və Kəlbəcəri belə asanlıqla və dincliklə əldə edə bilməzdik. Məhz Füzulinin, Hadrutun, Zəngilanın, Cəbrayılın, Qubadlının hərbi yolla azad edilməsində Azərbaycan dövlətinin göstərdiyi səylərin nəticəsi idi ki, biz o əraziləri itkisiz, qansız-qadasız, güllə atmadan işğaldan azad etdik. Prezidentin xüsusilə də Laçınla bağlı təbrik nitqi ən yeni tariximizdəki bir sıra maraqlı faktların ictimailəşdirilməsində böyük əhəmiyyətə malikdir".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.