Siyasət

Azərbaycan dünyanın diqqət mərkəzində - Növbəti uğurun astanasında

3 Dekabr 2020 14:41
Baxış: 1 418

Dünyada indiyə kimi COVİD-dən 1.5 milyondan artıq insan ölüb, 54 milyon insanın isə bu xəstəlikdən əziyyət çəkməsinə səbəb olub. Rəqəmlər hər gün artır. Məhz bunun üçün bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyasının dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələri keçiriləcək. Bu qlobal bəla, böhran ilə mübarizədə Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyası tarixi hadisədir.

Baş Assambleyanın Prezidenti Volkan Bozkır, BMT-nin Baş katibi Antonio Quterres, İqtisadi və Sosial Şuranın Prezidenti Munir Əkrəm, Təhlükəsizlik Şurasının dekabr ayında fəaliyyətdə olan sədri Jerry Matthews Matjila yanaşı Prezident İlham Əliyev də çıxış edəcək və 120 ölkənin pandemiya ilə bağlı əsas baxışlarını dünya ictimaiyyətinə çatdıracaq.

44 günlük Vətən Müharibəsindən qalib ayrılan Azərbaycan Dövlət başçısı burada da ilk 10-luqda olan dövlət başçıları sırasındadır - 155 ölkə arasında sayca 7-ci çıxış edəcək. Bütün bu sıralamaları da Azərbaycana dünyada olan böyük hörmət və etimad nümunəsi, Prezident İlham Əliyevin şəxsi nüfuzunun beynəlxalq aləmdə göstəricisi kimi də dəyərləndirə bilərik. Dünyanın 1 ildir əziyyət çəkdiyi COVİD-19 BMT yaranandan bu vaxta kimi ən böyük qlobal səhiyyə, eyni zamanda humanitar, sosial-iqtisadi, təhlükəsizlik böhranı olduğunu nəzərə alsaq, o zaman Xüsusi Sessiyanın dünya üçün nə qədər əhəmiyyətli və önəmli olduğunu anlamaq çətin deyil. Məhz bu qlobal problemə qarşı Azərbaycan Prezidentinin çevik və adekvat reaksiyası onun dünyanın BMT Baş Assambleyasının dinləməli olduğu lider kimi əhəmiyyətini önə çıxarır. 

Xüsusi Sessiyada 40-dan çox ölkənin prezident, 40-dan çox ölkənin isə baş nazir səviyyəsində iştirakı bu tədbirin önəminin göstəricisi hesab etmək olar. 

Hələ 5 ay öncə Qoşulmama Hərəkatının zirvə görüşündə Azərbaycan Prezidenti COVİD-19 pandemiyası ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsi təklifi ilə çıxış etmişdi. Dövlət başçısının bu təşəbbüsünə Qoşulmama Hərəkatının 120 üzv ölkəsi və daha sonra BMT-nin 150-dən çox üzv dövləti dəstək verdi. Bu beynəlxalq aləmin Azərbaycana bəslədiyi hörmət və inamın növbəti parlaq təzahürü idi. Bununla da Azərbaycan dövləti koronavirusla mübarizədə istər ölkə daxilində, istərsə də dünyada həyata keçirdiyi tədbirlərlə bir nümunə ortaya qoydu.

II Dünya Müharibəsindən sonra müasir dövrümüzün ən böyük qlobal təhdidi hesab olunan COVİD-19 pandemiyasına qarşı dünya miqyasında mübarizənin təmin edilməsinin məhz Azərbaycan Prezidentinin təşəbbüsü sayəsində mümkün olması, Azərbaycanın belə önəmli mövzuda qlobal liderliyi öz üzərinə götürməsi Azərbaycanın "orta güc" olduğunu sübut edir. Bu, bir daha nümayiş etdirdi ki, ərazisi və əhalisi çox böyük olmayan ölkə qlobal səviyyədə necə nəhəng işlər görə bilər.   

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.