Siyasət

Azərbaycan üçün yeni dövr başlayır

2 Dekabr 2020 13:15
Baxış: 2 010

Bu müharibə tək işğalda olan torpaqlarımızı yox, eyni zamanda xalq olaraq bizi bizə qaytardı. Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri, Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam və xalq-iqtidar birliyi 44 günlük Vətən Müharibəsinin 30 illik həsrətə son qoyması ilə nəticələndi. Bu tarixi qələbənin əsas memarı Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan əsgəridir. II Qarabağ savaşı itirdiyimiz torpaqlarla birlikdə, özgüvənimizi, qürurumuzu, millət olaraq birliyimizi bizə qaytardı. Artıq 30 ilə yaxın idi hər il qara təqvim kimi "qeyd etdiyimiz" tarixləri şərəfli qələbə günləri əvəz edəcək.

Haqq və Şərəf işimiz olan, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda gedən mübarizədəki Qələbəmiz qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin canı-qanı bahasına, bütövlükdə xalqımızın əzmi, iradəsi, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsi hesabına əldə edildi. Bu Qələbə bizə əsgərlərimizin canı-qanı bahasına başa gəldi. 44 günlük Vətən Müharibəsinin gedişatında azad edilmiş ərazilərdə aşkarlanan nəhəng hərbi istehkamlar, məhv edilmiş və ya alınmış hərbi texnika, silah-sursat açıq şəkildə nümayiş etdirir ki, Azərbaycan Ordusu 30 il ərzində işğal etdiyi Azərbaycan torpaqlarını bəlkə də dünyada ən güclü militarizasiya edilmiş bölgəyə çevirən, güclü artilleriya sisteminə malik, silahlı birləşmələrinin tərkibində Rusiyadan, Fransadan və digər aparıcı Avropa ölkələrindən erməni əsilli vətəndaşlar, xüsusi təyinatlılar, PKK terrorçuları, Suriyadan xeyli sayda peşəkar muzdlulara qarşı vuruşaraq Ermənistan üzərində inamlı Qələbə qazandı. Prezident, Ali Baş Komandan İlham Əliyevin dünən xalqa müraciətində dediyi kimi, Ermənistanın 30 ilə yığdığı hərbi texnika 44 günə məhv edildi.

Noyabr ayının 10-da Azərbaycan, Rusiya prezidentləri və erməni baş nazirin imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı kimi yadda qaldı. Bu sənədə əsasən ötən gün Azərbaycanın ən böyük rayonlarından biri hesab edilən Laçının (Ağdam - 20 noyabr,  Kəlbəcər- 25 noyabr) bir güllə belə atılmadan Azərbaycana təhvil verilməsi baş tutdu və ərazi bütövlüyümüz bərpa edildi. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini faktiki olaraq özü icra etmiş sayıldı. 

Azərbaycan bu tarixi Qələbə sayəsində düşmənə istəklərini diqtə etdirməyi bacardı. Belə ki, bəyanatda yer alan Zəngəzur dəhlizi tarixi nailiyyətimiz kimi hələ neçə əsrlər tarixdə öz layiqli yerini saxlayacaq. Prezident İlham Əliyev də bu dəhlizin Azərbaycan, region üçün əhəmiyyətini xüsusilə qeyd edib: "Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiyə prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir Putin buna müsbət yanaşıblar. Bax, budur bizim təklifimiz".

Azərbaycan hərbi meydanda qazandığı qələbənin davamını siyasi müstəvidə də uğurla davam etdirir. Və Naxçıvana quru yol ilə Azərbaycanın birbaşa əlaqəsi bölgədə uzunmüddətli sülh üçün geniş imkanlar açır. Bunun üçün gərək əməkdaşlıq da təhlükəsizlik tədbirləri ilə birlikdə inkişaf etsin. Azərbaycan Prezidenti bu bəndin əlavə edilməsində göstərdiyi qətiyyətlə bir daha nümayiş etdirdi ki, Azərbaycan əməkdaşlığa hazırdır. Bizim üçün yeni quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrü başlayır.

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.