Siyasət

Fransa senatorlarının erməni təəssübkeşliyinin motivləri deşifrə olundu

27 Noyabr 2020 11:06
Baxış: 858

Fransa unitar dövlətdir. 1958-ci ildə qəbul edilmiş konstitusiyasında təsbit olunan aparıcı postulat "vahid və bölünməz" Fransadır. Bu prinsipin qarantı statusunda Fransa prezidenti çıxış edir. Ölkənin təhlükəsizlik və müdafiə məsələləri üzrə "yol xəritəsi" hesab olunan "Ağ kitab"da həmin prinsipin pozulması təhlükəsi yarandıqda hərbi qüvvə tətbiqi zəruru addım kimi nəzərdə tutulur. Eyni məntiqlə Fransada etnik-milli mənsubiyyətə görə inzibati-ərazi bölgüsü yoxdur. "Millət" və "vətəndaş" məfhumları eyni məzmun kəsb edir. Fransanın 22 regionu, 96 departamenti və 36365 kommunasında yaşayan müxtəlif etnosların daşıyıcıları milli identiklik baxımından yalnız fransız hesab olunurlar. Başqa sözlə, 9,6 milyon əhalisi olan Paris və ya 1,6 milyon sakini olan Marsel şəhərləri etnik mozaika baxımından nə qədər rəngarəng olsalar da belə, milli kimliklərini yalnız ailədaxili təmaslarda nümayiş etdirə bilərlər. Bu istiqamətdə fərqli düşüncə separatizm kimi qiymətləndirilir və adekvat sərt cəza mexanizmləri işə salınır. Bu baxımdan Fransanın Yeni Kaledoniya və Korsikada separatçı hərəkatlara qarşı qeyri-mütənasib formada tətbiq etdiyi şiddətlli cəza tədbirləri təkcə keçmiş tarixi reallıqlar deyil, müasir dövrümüzün təkzibedilməz həqiqətləridir. Deməli, Fransa dövləti üçün separatizm təhlükəsi hipotetik deyil, real məzmun kəsb edir və bu baxımdan prezident Emmanuel Makronun bu ilin oktyabr ayında təqdim etdiyi "Separatizmə qarşı mübarizə haqqında" yeni qanun layihəsinin dekabrın 9-da ilkin olaraq hökumətin müzakirəsinə çıxarılması təsadüfi addım sayılmamalıdır. Yuxarıda sadalanan reallıqlar və formal məntiq kontekstində qiymətləndirmə aparsaq, hasil olan qənaət ondan ibarətdir ki, Fransa Avopada, o cümlədən dünyanın istənilən nöqtəsində separatizm təhlükəsinin qarşısının alınmasının flaqmanı kimi çıxış etməlidir. Reallıqda isə Fransa parlamentinin yuxarı palatasının qəbul etdiyi bədnam qətnamə özünü "demokratiyanın beşiyi" hesab edən bu dövlətdə parlamentarilərin öz ölkələrinin milli dövlətçilik maraqlarını ayaqlar altına atıb tapdadıqlarını, cılız və dar erməni mənafeyinə xidmət etdiklərini üzə çıxartdı. Belə ki, noyabrın 25-də Fransa Senatının qəbul etdiyi "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnamə ilk növbədə həmin bədnam sənədin lehinə səs vermiş 305 senatorun "əl-əli yuyar, əl də üzü" prinsipindən çıxış edərək korrupsiyaya bulaşdığını, ölkələrinin milli maraqlarına qarşı xəyanətkar mövqedə dayandıqlarını ortaya qoydu. Düzdur, sonralar 8 senator daha obyektiv mövqeyə keçsə də, vəziyyət dəyişməz qalır. Fransalı parlamentarilər əslində bu addımları ilə "Qərb demokratiyası"nın maskasını çırıb, önun eybəcər sifətini bütün dünyaya nümayiş etdirdilər.

Həmin sifətə baxanda ilk görünən odur ki, Fransa məlum münaqişənin tənzimlənməsi prosesində sıravi üzv deyil, ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir. Beynəlxalq hüquqa görə, həmsədr dövlət neytral, tərəfsiz, qərəzsiz və obyektiv olmalıdır. Fransa həmsədr olduğu bütün dövrlərdə, xüsusən də 44 günlük müharibə və ondan sonrakı mərhələdə birmənalı şəkildə təcavüzkar və separatçının yanında yer aldı. Fransanın ali rəhbərliyi səviyyəsində bu reallıq dəfələrlə öz təsdiqini tapdı. Noyabrın 22-si və 27-də Fransadan 2 təyyarə ilə Ermənistana humanitar yardım həyata keçirilmişdir. Məbləğinin 2 milyon dollar olduğu qeyd olunur. Aksiyanın təşkilində Fransa prezidenti Emmanuel Makron yaxından iştirak etmiş, bu məqsədlə noyabrın 21-də müvafiq erməni fondunun təmsilçiləri ilə görüş keçirmişdir. Prinsip etibarilə, hər bir dövlətin dostu və ya müttəfiqi ola bilər. Milli səviyyədə hər bir dövlət digərinə münasibətdə rəgbətini istənilən formada həyata keçirməkdə sərbəstdir. Həmsədr dövlət isə bunu edə bilməz. Statusuna ziddir. Doğrudan da, Fransa Ermənistana münasibətdə sevdasını reallaşdırmaq üçün hüquqi məhdudiyətlərlə üzləşirsə, bunu doğuran səbəbi aradan qaldırsın, yəni Minsk qrupundan könüllü istefa versin.

Fransa unutmamalıdır ki, o, BMT TŞ-nın daimi üzvlərindən biridir. O üzvlərindən ki, düz 27 il öncə məlum münaqişənin həlli ilə bağlı 4 qətnamənin qəbulunun lehinə səs vermişdir. Həmi qətnamələtdə açıq mətnlə qeyd olunub ki, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü, suverenıiyini və sərhədlərinin toxunulmazlığını qəbil edir və təsdiqləyir. Eyni zamnada sözügedən qətnamələrdə aydın şəkildə vurğulanır ki, erməni silahlı birləşmələri işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmalıdır. Fransa BMT TŞ-ın daimi üzvü olaraq fərqindədir ki. bu beynəlxalq universal təşkilatın 19 fəsil 111 maddədən ibarət olan Nizamnaməsinin 5-ci fəsil 25-ci maddəsində aydın şəkildə göstərilmişdir ki, TŞ-nın qəbul etdiyi qətnamələrin icrası məcburidir, icbaridir. Bəs onda özünü beynəlxalq hüququn əsas hamilərindən biri hesab edən Fransa nədən həmin hüquqa qarşı bu qədər hörmətsizlik edir? Necə ola bilir ki, 2011-ci ildə BMT TŞ-sı Liviyaya qarşı güc tətbiqi ilə bağlı qəbul etdiyi qətnamənin mürəkkəbi qurumamış Fransanın hərbi hava qüvvələri Tripolini bombalaya bilir, lakin 30 ilə yaxın bir müddətdə lehinə imza atdığı məlum 4 qətnamənin nəinki icrası ilə maraqlanmır, əksinə onların həyata keçirilməsinin qarşısını almaq üçün bütün imkanlarını səfərbər edib, işğalçının və separatçının yanında yer alır. Həm də bunu utanmadan, çəkinmədən açıq şəkildə reallaşdırır.

Nəhayət, niyə bu ermənipərəst senatorlar Dağlıq Qarabağdakı separatçı rejimi tanımaqla onun legitimləşdirilməsi niyyətlərini məhz indi, Ermənistanın kapitulyasiya aktına imza atdığı, məğlub və rəzil bir vəziyyətdə olduğu zamanda həyata keçirmək istəyinə düşüblər? Təhlil edək.

Birincisi, qəhrəman Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu Ermənistanın quldur silahlı qüvvələrini məhv etməklə, ərazilərimizi işğaldan azad etmiş, düşmənin siyasi-hərbi rəhbərliyini dizi üstə qoymuş, biyabırçı məglubiyyət sənədinə imza atmağa məcbur etmişdir. Prezident İlham Əliyev Nikol Paşinyanın sərsəm düşüncələrinin məhsulu olan 7 şərtini rədd edərək, tarixin zibilliyinə tullamış və yegənə şərtini diqtə etmişdir. Həmin şərtə görə, erməni silahlı qüvvələri konkret vaxt qrafiki müddətində işğal etdikləri ərazilərimizdən rədd olub çıxmalıdırlar. Rəzil durumda olan Nikol Paşinyan həmin şərti qəbul etmək məcburuyyətində qalmışdır Artıq noyabrın 20-də Ağdam, noyabrın 25-də isə Kəlbəcər məlum üçtərəfli bəyanatın tələblərinə uyğun olaraq, bir güllə belə atılmadan, bir şəhid belə verilmədən düşmən tapdağından azad olmuşdur. Dekabrın 1-də Laçın rayonu da dinc yolla azadlığına qovuşacaqdır. Bütün bu reallıqlar, heç şübhəsiz, Fransa parlamentarilərinin şəxsi maraq və ambisiyaları ilə tərs mütənasiblik kəsb etmişdir. İsti senator kreslosunda əyləşib, münaqişənin dondurulması və status-kvo vəziyyətinin qorunub saxlanması üçün 30 il ərzində göstərdikləri izafi canfəşanlığın qarşılığında erməni lobbisi və diasporunun "ənam"ları ilə mükafatlandırılan bu senatorlar siyasi perspektivlərini milli dövlətçilik maraqlarının müdafiəsində deyil, "mədələrinin gözü" ilə müəyyən etdiklərindən heç bir vəchlə Azərbaycan ordusunun "ildırım sürətli" müharibədə qazandığı zəfəri "həzm" edə bilmirlər. Nəticədə 25 noyabr təxribatlarına rəvac vermış oldular. Bu yerdə bir el misalını xatırlatmaq yerinə düşər: "Daldan atılan daş topuğa dəyər".

Fransa senatorlarının erməni sevdası ilə bağlı yuxarıda səsləndirdiyimiz nəzəri mülahizələri emprik yanaşmarımız ilə əsaslandırmağa çalışaq. Əvvala, onu qeyd edək ki, Fransa parlamentində hal-hazırda 925 deputat vardır. Aşağı palatada-Milli Assambleyda onların sayı 577 nəfərdir. Yuxarı palatda-Senatda isə 348-ə bərabərdir. Emmanuel Makron 2017-ci ildə prezidentliyə namizədliyini irəli sürərkən seçki platformasının əsas müddəlarından biri məhz parlamentarilərin say tərkibinin məhdudlaşdırılması ilə bağlı idi. O, prezident seçildikdən sonra bu istiqamətdə qanunvericilik təçəbbüsü ilə çıxış edərək istəyinə nail olmuşdur. Belə ki, 2022-ci ildə keçiriləcək parlament seçkilərinin (həm də prezident) nəticəsi olaraq aşağı palatada daha 577 deyil, 404 deputat, yuxarı palatda isə 348 deyil, 244 senator təmsil olunacaqdır. Başqa sözlə, növbəti parlamentdə 104 senator yeri ixtisara düşəcəkdir. Deməli, senator seçilmək uğrunda mübarizə daha çətin və mürəkkəb prosesə çevriləcəkdir. Belə vəziyyətdə Fransanın geniş təsir imkanlarına malik erməni diaspor və lobbisinin hüsn-rəğbətini qazanmaq yenidən senator olmaq arzusuna düşən indiki senatorlar üçün xüsusi məna və əhəmiyət kəsb edir. Deməli, Fransanın dövlət maraqları deyil, dar erməni maraqlarının təminatı naminə "ermənidən çox erməni olmağı" bacaran fransızların yenidən parlamentari olmaq şansları xeyli dərəcədə artmış olur. Deməli, fransız senatorların, necə deyərlər, "dərdi varmış..."

Elman Nəsirov
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor

Trend.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.