Siyasət

"Qətnamə beynəlxalq hüquq normalarını, BMT Nizamnaməsini kobud şəkildə pozur"

26 Noyabr 2020 12:24
Baxış: 835

"Fransa Senatında bir qrup qatı ermənipərəst senator "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnamə təklifi irəli sürüb. Dağlıq Qarabağın tanınması ilə bağlı qətnamə qəbul edib və Fransa hökümətinə Dağlıq Qarabağı tanımağı tövsiyə edib".

Bunu Milli.Az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, siyasi fəal Yeganə Hacıyeva deyib.

Ekspert bildirib ki, qətnamə başdan ayağa böhtan və yalandan ibarətdir​:

"Qətnamənin qəbulundan sonra isə Fransanın Avropa və Xarici İşlər üzrə Nazirliyinin Senatda keçirilən müzakirələrdə çıxış edən dövlət katibi də rəsmi mövqeyini çıxışında ifadə etdi və göründüyü kimi Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe istər ikitərəfli çərçivədə, istərsə də Avropa İttifaqı ilə imzalanan sənədlərdə öz əksini tapıb.

Qətnamə məruzəçisi, senator Bruno Retayon sənədi təqdim edərkən absurd bir təqdimat edib ki, "Dağlıq Qarabağda baş verənlər fransızlara da aiddir, çünki Türkiyə buna qarışır. Ardınca davam edib ki, Ərdoğan ekspansionist, neo-Osmanlı və islamçı siyasət yürüdür" ki, bu da Fransanın maraqlarına ziddir və dünya təhlükəsizliyi üçün bir təhdiddir və s. 

Qətnamənin detalları haqqında danışsaq, onu qeyd edim ki, qətnamə başdan ayağa böhtan və yalandan ibarətdir. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün apardığı hərbi əməliyyatlar "Türkiyə hakimiyyəti və xarici muzdluların dəstəyi ilə həyata keçirilmiş hərbi təcavüzü" kimi təqdim olunur və ardınca da "Azərbaycan silahlı qüvvələrinin və onların dəstəkləyici birləşmələrinin 27 sentyabrda döyüş əməliyyatları başladıqdan sonra işğal olunmuş ərazilərdən dərhal geri çəkilməsi tələb olunur". Ardınca Senat  Fransa hökumətindən "Qarabağ əhalisinə geniş miqyaslı dəstək verilməsi, habelə Dağlıq Qarabağda mülki əhaliyə qarşı müharibə cinayətlərinin araşdırılması" üçün beynəlxalq komissiya təşəbbüsü tələb olunur. Sonunda da senat Fransa hökumətini "1994-cü ildə müəyyən edilmiş sərhədləri təmin etməklə" danışıqlar prosesini bərpa etmək, eləcə də erməni əhalisinin təhlükəsizliyini və köçkünlərin qayıtmaq hüququnu təmin etmək üçün hər cür səy göstərməyə çağırır və s. Qətnamənin şərhi haqqında belədir ki, sənəd siyasi sənəddir,  hüquqi gücsüz, əsassız və tövsiyyə xarakterlidir. Qətnamə beynəlxalq hüquq normalarını, BMT Nizamnaməsini, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi öhdəliklərini birbaşa pozur".

Y.Hacıyeva onu da qeyd edib ki, Senatın rüşvətxor üzvləri seçki ərəfəsində varlı erməni icmasının maliyyəsini və dəstəyini əldə etmək üçün sıraya düzülüblər:

"Azərbaycan öz torpaqlarında xarici işğalçı hərbi qüvvələrə qarşı müharibə aparıb və həmin ərazilər Azərbaycanın beynəlxalq hüquqda tanınan suveren əraziləridir. Heç bir kənar  qüvvə Azərbaycanı buna görə nə ittiham edə, nə də Azərbaycanın hərbi birləşmələrinin öz ərazilərdən çıxarılmasını tələb edə bilər. Qətnaməni həm də Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi, hərbi əməliyyatlar başlayan gündən sərgilədiyi qərəzli mövqeyinin təzahürü kimi də qəbul edə bilərik. Qətnamənin sifarişiçisi erməni lobbisi olsa da, qəbulunun mənəvi yükü Fransa prezidenti Emanuel Makronun üzərindədir.

Biz Makronun 44 gün ərzində saxta olması sübuta yetirilimiş məlumatları reallıq kimi Fransa cəmiyyətinə təqdimatının dəfələrlə şahidi olduq.

Qətnamə Fransanın Azərbaycanla istər ikitərəfli çərçivədə, istərsə də Avropa İttifaqı çərçivəsində imzaladığı razılaşmalarda əksini tapan rəsmi mövqeyinə ziddir. Qətnamənin səsverməsindən bir gün öncə Fransadakı səfirimiz Senatın dinləmə proseduralarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib və qətnamə təklifi ilə bağlı, burada əks olunan birtərəfli və həqiqətə uyğun olmayan məqamlarla bağlı ətraflı məlumat və faktlar təqdim etdi. 

Amma seçkiöncəsi Fransa erməniləri münaqişə mövzusundan seçki məqsədləri üçün geniş şəkildə istifadə etməsi nəticəsini verdi və senat qətnaməni qəbul etdi. Məsələ ondadır ki, Fransada vətəndaş və miqrant qismində bir milyona yaxın etnik erməni yaşayır. Bunun 750 mini tam hüquqlu Fransa vətəndaşıdır. Ermənilər Fransanın Paris, Marsel və Leon kimi şəhərlərində varlı icma kimi tanınır, icma geniş restoranlar, gecə barları və s. kimi şəbəkələrə malikdir və maliyyə imkanları genişdir.   

Yekun olaraq, qətnamənin qəbulunu bir cümlədə belə ifadə edim ki, Fransanın tarixən ən rüşvətxor qurumu sayılan Senatının rüşvətxor üzvləri seçki ərəfəsi varlı erməni icmasının maliyyəsini və yerlərdə dəstəyini əldə etmək üçün sıraya düzülüblər".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.