Siyasət

"Bu, axmaqlıq və sarsaqlıqdır!"

18 Noyabr 2020 11:00
Baxış: 2 137

"Paris meriyasının qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşması hüquqi nihilizmdir".

Bunu Milli.Az-a açıqlamasında hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib.

Hüquqşünas bildirib ki, hər hansı bir meriyanın, qurumun qondarma Dağlıq Qarabağı tanıması artıq sərsəmlikdir:

"Tanımaq dövlət hüquq nəzəriyyəsində iki aspektdən müəyyənləşdirilir:

I. BMT-nin üzvü olan dövlət tərəfindən BMT üzvü olan dövlətin tanınması

- Bunun üçün həm tanıyan dövlət, həm də tanınan dövlət müstəqil dövlət kimi BMT tərəfindən tanınmalıdır.

II. Hər hansı dövlətin ərazisində və ya onun ərazisinin bir hissəsinin işğal olunması ilə əlaqədar  yaranan hər hansı bir qurumun tanınması

- Bu qurumun hər hansı bir dövlət tərəfindən tanınması şübhəsiz qanunsuzdur. Lakin hətta tanısa belə o zaman o tanıma həmin qurumu hər hansı bir dövlətin nümayəndəliyi kimi tanıyır. Bu, beynəlxaq subyekt deyil artıq.

Hər hansı bir meriyanın qondarma Dağlıq Qarabağı tanıması, hər hansı bir şəhəri tanıması artıq sərsəmlikdir, axmaqlıqdır, sarsaqlıqdır. Bu, dünyanın insan hüquqları ilə əlaqədar ən son aktların qəbul edildiyi Fransa kimi bir dövlətin beynəlxalq hüquq normalarına hörmətsizliyidir və yaxud da bu yaramazlıqdır, hüquqi savadsızlıqdır. İndi biz duraq deyək ki, "Fransanı işğalçı dövlət elan edirik", nə düşünərlər bizim haqqımızda?! Onda hamı düşünər ki, belə bir müqavilənin heç bir etibarı və qüvvəsi yoxdur". 

İ.Vəliyev onu da qeyd edib ki, Paris meriyanın belə bir addım atacağı mümkün olan bir şey deyil:

"Mən əslində bunu mətbuatın şousu hesab edirəm. İnanmıram ki, Fransa kimi bir dövlətin paytaxtı belə bir təşəbbüslə çıxış etsin. Mənim ağlıma sığışmır bu. Fransızların ağlına necə sığışacaq, onu təsəvvür edə bilmirəm. Onda mənim Fransa xalqı qarşısında düşüncələrim dəyişər. Mən o dövlətin elm camiyyəsini yaxşı tanıyıram. Mən özüm Fransanın Nitsa şəhərinin "Sofiya Antipolis" universitetinin fəxri doktoruyam. Yəni, Paris meriyasının qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşması mənim üçün ağılasığmaz və gözəgörünməz olar. Fransa xalqının bunu necə qəbul edəcəyi, Makronun buna necə reaksiya verəcəyi onun beynəlxaq cəmiyyətdəki çəkisindən, hörmətindən, avtoritetindən asılıdır.

Bu, yaramaz bir hərəkətdir. Beynəlxalq hüququn normalarına sığmayan, heç bir sağlam düşüncənin qəbul etmədiyi bir hərəkətdir. Mən inanmıram ki, Makron bu məsələyə münasibət bildirmədən qalsın. Əgər onların dövlət mexanizmində belə tanımanı ləğv etmək nəzərdə tutulubsa, Makronun mütləq bundan istifadə edəcəyinə mən əminəm. Etməsə, o, onsuz da beynəlxaq aləmdə həndəsi silsilə ilə itiməkdə olan avtoritetini daha da itirəcək. Bu, mümkün olan şey deyil. 

Axı olmayan qurumu necə tanımaq olar? Dağlıq Qarabağ adında bir qurum artıq mövcud deyil. Bu olmayan qurumu, ləğv edilmiş qurumu necə tanıya bilərlər? Azərbaycan dövləti tərəfindən bu qurum artıq ləğv olunub. Muxtariyyət məsələsi yoxdur. Olmayan qurumu nə adla tanıyır. Olmayan qurumu beynəlxalq hüquqi subyekti olmayan bir qurum (Paris meriyası) tanıyır, nə deməkdir bu? Bu, hüquqi nihilizmdir, hüquqi savadsızlıqdır, dünya təcrübəsində olmayan bir şeydir və heç bir hüquqi nəticəsi yoxdur".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.