Siyasət

Türkiyənin qisasını Azərbaycandan almaq istəyirlər - Əsas məsələni unudublar... - FOTO

18 Noyabr 2020 11:33
Baxış: 15 069

Üç həmsədr ölkədən biri olan Fransa 44 günlük müharibə zamanı olduğu kimi 10 noyabrda imzalanmış Ermənistanın məğlubiyyətini rəsmiləşdirən sənədin ardınca yenidən Azərbaycana qarşı qeyri-konstruktiv mövqeyi ilə diqqət çəkməyə başlayıb. Müharibənin gedişatında bir yandan Ermənistanı silahlandıran, digər yandan isə döyüşləri dayandırmaq üçün Azərbaycana qarşı müxtəlif formada təzyiqlər edən Emmanuel Makronun idarə etdiyi hökümət strukturları indi də sərsəm bəyanatları ilə beynəlxalq hüquq normalarını açıq şəkildə pozmaqda davam edirlər.

Belə ki, diplomatik mənbələrin məlumatına görə, Paris meriyası qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşır. Separatçı qurumun tanınması təşəbbüsünün Fransa paytaxtının meri Enn İdalqodan gəldiyi qeyd olunur. Bu proses Fransanın son dövrlər, eləcə də sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar zamanı nümayiş etdirdiyi siyasətin tərkib hissəsi kimi görünür. Ermənilərə yaxınlığı ilə tanınan E.İdalqonun bundan əvvəl də həm Ermənistanı, həm də separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən təşəbbüsləri olub. Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır, onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir. Bu, dünyanın insan hüquqları ilə əlaqədar ən son aktların qəbul edildiyi Fransa kimi bir dövlətin beynəlxalq hüquq normalarına hörmətsizliyidir.

Heç istisna edilmir ki, Paris meriyasının qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşması Fransanın nəbz yoxlamasıdır. Fransa kimi dövlətin qrumunun bu cür təşəbbüsü rəsmi Parisin mövqeyindən başqa bir şey ola bilməz.

Bir işə yarımasa da münaqişənin sülh yolu ilə həlli üçün illər öncə "Madrid prinsipləri"ni hazırlayan həmsədrlərdən biri kimi Fransanın bugünkü oyunu Türkiyənin Cənubi Qafqazda artan rolundan yaranan narahatlığa bir işarədir. Müharibə getdiyi müddətdə danışıqlar prosesində əsas Rusiya və Türkiyə iştirak edirdi. Məhz bu iki ölkənin rəsmiləri 44 gündə fəallıqları ilə seçilirdilər, vəziyyətdən çıxış yolları axtarırdılar.

İki həmsədr - ABŞ və Fransanın faktiki oyundankənar vəziyyətdə qalması rəsmi Parisin hansısa bir qurumu vasitəsi ilə Azərbaycanın və Türkiyənin gözünü qorxutmaq üçün atılan addım olduğu iddialarını artırır. Çünki Paris həm şəhər, həm də departamentdir. Parisin meri eyni zamanda Paris Şurasına rəhbərlik edir. Digər inzibati vahidlərdən fərqli olaraq, paytaxt şəhər tam inzibati azadlığa malik deyil. Paris Fransada polisin merə deyil, prezident tərəfindən təyin olunan polis prefektinə tabe olduğu yeganə şəhərdir. Paris Şurası 163 nəfərdən ibarətdir. Şura birbaşa səsvermə ilə seçilmir. Yeni seçilən şura şəhər merini və onun 40 müavinini seçir. Fransa prezidenti E.Makronun yaratdığı və rəhbərlik etdiyi "İrəli Fransa" partiyası Şurada geniş şəkildə təmsil olunur.

Aparılan qısa araşdırma göstərir ki, Fransa meri Ann İdalqo Fransa erməniləri ilə sıx münasibət saxlayır. Onun müavinlərindən biri erməni Anuş Toronyandır. Anuş Toronyan fransız ermənilərinin təşkilatı CCAF-ın rəhbəri Ara Toronyanın qızıdır. Bütün bu amillər ermənilərin nəhəng dövlətlərin əlində təzyiq vasitəsi olduğunu bir daha sübut edir. Lakin özünü demokratiyanın, insan haqlarının müdafiəsinin beşiyi adlandıran Fransa hələ də anlamır ki, olmayan bir qurumu ölkəsinin qurumu necə tanıyacaq. Artıq Dağlıq Qarabağ adında bir qurum mövcud deyil.

Ermənistanın kapitulyasiyasının rəsmiləşdirildiyi 10 noyabr sənədlərinə əsasən, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Prezident İlham Əliyev noyabrın 16-da işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı da "Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var" açıqlaması ilə bir daha bütün suallara aydınlıq gətirib.

Putin isə ötən gün ölkəsinin mediasına verdiyi müsahibə zamanı işlətdiyi "Heç kim, hətta Ermənistanın özü Qarabağı müstəqil müstəqil olaraq tanımayıb. Beynəlxalq hüquqa görə, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdaxilə edə bilməz. Heç kim Ermənistana təcavüz etmir" ifadələr ilə Fransanın həvəsinin ürəyində qalacağına işarə edib.

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.