Siyasət

Adamın gərək düşməni də mərd ola...

28 Oktyabr 2020 11:12
Baxış: 4 924

Ötən gün ermənilər azərbaycanlılara qarşı daha bir vəhşilik ediblər. Dünən Ermənistanın Bərdədə dinc əhalini atəşə tutması nəticəsində 4 nəfər ölüb, 10-dan çox insan yaralanıb. Həlak olanlardan biri 7 yaşlı uşaqdır. Yaralananlar arasında da azyaşlılar var.

Bu hücum qondarma rejimin "müdafiə naziri" Cəlal Arutyunyanın məhv edilməsi ilə bağlı görüntülər yayılandan 20-30 dəqiqə sonra baş verib. Onun ölümünü hələ də etiraf etməyən Ermənistan məğlubiyyətin hirsini mülki vətəndaşlardan çıxmağa davam edir. Ümumiyyətlə, Ermənistan hər ağır itkidən sonra dinc əhalini, mülki obyektləri atəşə tutur, Azərbaycanı təxribata çəkməyə çalışır, günahsız insanların ölümünə səbəb olur. Rəqibə gücü çatmayanda onu cırmaqlamağa çalışan "döyüşçü" kimi davranan Ermənistan Cenevrə Konvensiyasını pozmaqda, Azərbaycan xalqına qarşı növbəti xainliklər edir. Əvvəllər bu kimi hadisələr terror kimi qələmə verilsə də, əslində, hərbi cinayətdir. Hərbi cinayət isə beynəlxalq aləmdə daha ağır və böyük cinayət kimi qəbul edilir.

Baş Prokurorluğun məlumatına görə, 1 aylıq müharibə dövründə ermənilərin dinc əhalini atəşə tutması nəticəsində 69 nəfər həlak olub, 322 nəfər yaralanıb. Amma Azərbaycan onların bir mülki vətəndaşını belə hədəf almayıb. Hətta Gəncəyə edilən hücum zamanı erməni əsilli qadını dağıntılar arasından çıxaran da azərbaycanlılar olub. Üstəlik, ötən gün Hadrutda köməksiz qalan 85 yaşlı erməni qadını da azərbaycanlı hərbçilər Bakıdakı hospitalların birinə gətiriblər.

Azərbaycan qisasını, sadəcə, döyüş meydanında alır, dinc əhaliylə işi yoxdur. Bizim hərbiçilərimiz onların mülki vətəndaşlarına toxunmurlar, əksinə yardım edirlər. Bu da ermənilərlə aramızdakı dağ boyda fərqi göstərir, necə ki, Bərdə hadisəsində ölən 7 yaşlı qızın da yarımçıq qalan arzuları dağ boydaydı...

Ermənilərin hücumuları ilə bağlı bir sıra təsirli görüntülər yayılsa da, dağıntılar arasında üzərində "yaşamaq istəyirəm" sözü yazılmış kitabla uşaq ayaqqabısının yanaşı olduğu foto daha çox diqqət çəkirdi. Hətta bu olay bir müddət əvvəl Türkiyədə əri tərəfindən qətlə yetirilərkən "Yaşamaq istəyirəm" deyə qışqıraraq imdad diləyən qadın cinayətini xatırlatdı.

1 aydır ki, Azərbaycan ordusu tarix yazır və 3 şəhəri işğaldan azad edib. Məğlubiyyəti özünə sığışdırmayan düşmən isə hərbi cinayətlər törətməkdə davam edir və görünür, hələ uzun müddət təxribatlara əl atacaq. Biz qələbə qazandıqca onlar yenə mülki insanları hədəf alacaq, hirslərini dinc əhalidən, silahsız camaatdan çıxacaqlar.

Hazırda hər kəs fərqli duyğular yaşayır. Bir tərəfdən qələbə xəbərlərini oxuyub sevinirik, digər tərəfdən ölüm hadisələrini görüb kövrəlirik. Bir gözümüz ağlayır, bir gözümüz gülür. Düşmən hər fürsətdə sevincimizi qursağımızda qoymağa çalışır. Adamın gərək düşməni də mərd ola, amma mərd olsaydılar, düşmən olmazdılar...

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.