Siyasət

Braziliyanın telekanalında Azərbaycan multikulturalizmindən danışılıb

19 Oktyabr 2020 17:55
Baxış: 915

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Braziliyanın Rebe TV telekanalına Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edən multikulturalizm siyasəti və Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə müsahibə verib.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, BBMM-in icraçı direktoru Rəvan Həsənov müsahibədə bildirib ki, Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Bu siyasət sülhə, mədəniyyətlərarası və dinlərarası dialoqa təşviq edir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyanın 22 ölkəsində multikulturalizm fənnini həm tədris, həm də təbliğ edir. Bu ölkələr arasında Braziliyaya xüsusilə böyük əhəmiyyət verilir. 2019-cu ildən Braziliya Federal Universitetində Azərbaycan multikulturalizmi fənninin tədrisinə başlayan Mərkəz, hazırda bu əməkdaşlığı sıx şəkildə davam etdirir. Mövcud layihələr çərçivəsində Braziliyadan bir sıra elm adamları, professorlar Azərbaycana səfər etmiş, eyni zamanda bu fənni dinləyən Braziliyalı tələbələr Beynəlxalq Multikulturalizm yay və qış məktəbləri çərçivəsində ölkəmizə dəvət olunmuşdur. Layihə çərçivəsində azərbaycanlı professor heyəti və BBMM-in əməkdaşları da Braziliyada rəsmi səfərdə olublar. Hazırda bir çox layhələr üzrə davam edən sıx əməkdaşlıq gələcəkdə daha da genişləndiriləcək. Bu layihələr, bütövlükdə multikulturalizm siyasəti xalqlarımızı bir-birinə daha çox yaxınlaşdıracaq.

Əlbətdə, Dağlıq Qarabağ münaqişəsi həm regional sülhə, həm də mədəniyyətlərarası və dinlərarası dialoqa böyük zərbədir. Azərbaycanın beynəlxalq hüquqlarla tanınmış ərazilərini Ermənistanın 30 ilə yaxındır işğal altında saxlaması cinayət faktıdır. Ancaq təəssüf ki, ermənilərin uydurma təbliğatı nəticəsində bir sıra media qurumları münaqişəyə ya dini, ya da milli don geyindirməyə çalışırlar. Sanki bu münaqişə müsəlman-xristian münaqişəsidir, yaxud iki millətin bir birinə qarşı müharibəsidir. Bu iki tezis çox mənasızdır. Çünki münaqişə teritorial münaqişədir və Azərbaycan ərazilərinin işğalı, eləcə də 1 milyona yaxın azərbaycanlının öz yaşayış yerlərindən qovulması nəticəsində ortaya çıxıb. Ermənistanın dünya mediasında dini və ya milli zəmində təbliğat aparması isə, bu münaqişəyə əlavə tərəflər cəlb etmək istəyi ilə bağlıdır.

Azərbaycan isə dövlət başçısı cənab İlham Əliyevin də vurğuladığı kimi, dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınır. Bu gün Azərbaycanda bütün dinlər sərbəst təmsil olunur. Hətta etnik erməni olan minlərlə insan da sərbəst şəkildə ölkəmizdə yaşamağa davam edir. Bakı şəhərinin mərkəzində Erməni kilsəsi qorunub saxlanılıb. Eyni zamanda, 30-dan artıq azsaylı xalq öz dilini, mədəniyyətini qoruyaraq, əsrlərdir Azərbaycanda sülh və dostluq şəraitində yaşayır. Azərbaycan Prezidenti ölkədə mövcud olan bütün mədəniyyətlərin və inancların qorunub saxlanması istiqamətində siyasət həyata keçirir, 30 ilə yaxın Ermənistanın sülh yolu ilə, danışıqlar vasitəsi ilə işğal edilən torpaqları qaytarmasına çalışdı. Mədəniyyətlərarası və dinlərarası dialoqa bu qədər töhfə verən bir xalqı dini və ya milli münaqişədə ittiham etmək sadəcə gülüncdür. Ermənistan isə monoetnik bir cəmiyyətə sahibdir. Hazırda Dağlıq Qarabağda beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən vətən müharibəsidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.