Siyasət

"Müharibənin alternativi yoxdur, Ermənistanla başqa dildə danışmaq olmaz"

30 Sentyabr 2020 14:38
Baxış: 1 627

Azərbaycan-Ermənistan qarşıdurmasının belə şiddətli vəziyyətə keçməsinin birbaşa günahkarı elə BMT-nin özüdür, ATƏT və onun yaratdığı Minsk qrupudur. 

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, Prezident İlham Əliyevin müharibə qərarı tək Azərbaycan üçün yox, bölgəmizin gələcəyi üçün son dərəcə əhəmiyyətlidir:

"Bu təşkilatlar, bu institutlar üzərlərinə düşən məsuliyyətin öhdəsindən gələ bilmədilər. Daha doğrusu, məsuliyyətsizlik göstərib, bütün bu missiyanı yerə vurdular. BMT-nın Təhlükəsizlik Şurasının son iclasından da elə başa düşürəm ki, artıq böyük bir nəticə, böyük bir dönüş gözləmək özü sadəlövhlüyə bərabərdir. Çünki onlar, ümumiyyətlə, Qarabağ problemi ilə ciddi şəkildə məşğul olmurlar, onlarla bağlı prinsipial mövqe sərgiləmirlər və nəhayət, bu səthi yanaşmaları vəziyyəti daha da kəskinləşdiriblər.

Müharibənin alternativi yoxdur

Azərbaycan ordusunun əks-hücumu uzun illər bizim düşünüb-daşındığımız nəticədir, çünki bunun alternativi yoxdur. Ermənistan bölgədə tək Azərbaycan üçün yox, bütün ətraf ölkələr üçün problemli vəziyyət yaradır. Bu ölkənin özünün nə bir sağlam məramı var, nə də problemlərə məntiqi yanaşmaları var. Qonşu dövlətlərlə dil tapıb anlaşma şəraitində inkişaf etmək əvəzinə ermənilər başladılar silahlanıb Azərbaycanı, Türkiyəni, digər ölkələri təhdid etməyə. Ona görə hesab edirəm ki, Azərbaycanın bu addımı son dərəcə vacib, lazımi addımdır. Bölgəmizdə sabitiyin bərqərar olması üçün çox vacibdir. 

Ermənistanın ekspert camiyəsi, mediyası, onların xaricdə olan havadarları, lobbi qüvvələri hamısı çalışırlar indi Azərbaycanın adını ləkələsinlər. Bildirirlər ki, guya Azərbaycana Türkiyədən, başqa ölkələrdən könüllülər, yaraqlılar gəlib. Onlar özləri etdikləri şeyləri bu saat Azərbaycanın adına yazırlar ki, bizi bədnam etsinlər və qarşıdan gələn, qaçılmaz olan məğlubiyyətlərini nəyləsə əsaslandırsınlar. 

Ordu, xalq və hakimiyyət arasında elə bir harmoniya yaranıb ki, bunun qarşısını heç kəs ala bilməz

Bu gün hərbi xidmətə çağırış məntəqələrinin, komissarlıqların qarşısındakı böyük coşqunun, canlanmanın, fəallığın şahidi oluruq. Çoxları səfərbərlik xidməti tərəfindən hələ çağırılmadan artıq özləri könüllü olaraq Qarabağın işğaldan azad edilməsi üçün döyüşlərdə iştirak etmək məqsədilə "Biz də gedirik" deyərək cəbhəyə yollanmaq istəyirlər. Bu, nəyi göstərir? Bizim, həqiqətən də, indi vəhdətimiz ən böyük qüvvəmizdir, ən böyük potensialımızdır. Çünki ordu, xalq və hakimiyyət - İndi bu üç qüvvənin arasında elə bir harmoniya yaranıb, elə bir üzvi bağlılıq var ki, artıq bunun qarşısını heç kəs, nə ermənilər ala bilərlər, nə də digər ölkələr. 

Tovuz hadisələri də göstərdi ki, Ermənistanla başqa dildə danışmaq olmaz

Artıq düşmən öz aqibətini yaxınlaşdırır. Başa düşür, anlayır ki, onların şansı get-gedə azalır. Düzdür, müqavimət göstərirlər, ancaq onların o müqaviməti heç nəyi dəyişməyəcək. Çünki Azərbaycan ordusunun potensialı, gücü, təpəri həddindən artıq böyükdür, möhtəşəmdir. Biz neçə illərdir buna hazırlaşırdıq və Tovuz hadisələri də göstərdi ki, Ermənistanla başqa dildə danışmaq olmaz. Onların ancaq anladıqları dil güc, təzyiq dilidir. Ali Baş Komandan, Prezident İlham Əliyevin qərarı son dərəcə vacibdir. Tək Azərbaycan üçün yox, bölgəmizin gələcəyi üçün və burada gərginliyin azalması üçün də bu, son dərəcə tələb olunan gediş idi. 

Paşinyan hakimiyyəti Sorosun burada bir növ eksperimental paliqonunu yaradıb. Bir yandan onlar Azərbaycanı, Türkiyəni, digər ölkələri hədələyirlər, öz ölkələrində bu "demokratik" eksperimenti davam etdirirlər və bununla da çaşqınlıq, xaos yaratmağa çalışırlar. Amma bizə xaos yox, müəyyən olunmuş qaydalarda inkişaf edən region lazımdır. Gələcəklə bağlı planlarımız hamısı aydındır ki, nə etməliyik və nəyə görə etməliyik".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.