Siyasət

Cənubi Qafqazda geosiyasi gərginlik: risk faktoru kimi Ermənistan təhlükəsi

11 Sentyabr 2020 17:09
Baxış: 1 229

Milli.Az newtimes.az-a istinadəön yazını təqdim edir.

Ekspertlər Cənubi Qafqazdakı geosiyasi mənzərəni analiz edərkən mövcud riskləri də vurğulayırlar. Bu zaman əksəriyyət Ermənistan hakimiyyətinin təxribatçı və təhrikedici davranışlarını xüsusi qeyd edir. Belə bir fikir mövcuddur ki, əslində, havadarlarının davam edən dəstəyi Ermənistanı qanunları tapdalamağa şirnikləndirir. Onlar təcavüzkarı silah-sursatla təmin edir, ideoloji, siyasi və diplomatik yardımlar göstərirlər. Hətta böyük həcmdə maliyyə yardımları da ayrılır. Bütün bunların fonunda Cənubi Qafqazda geosiyasi dinamika ən kiçik risklərə belə həssas hala gəlməkdədir. Proseslərin bu məntiqlə davam edəcəyi təqdirdə regionda bütövlükdə vəziyyət necə ola bilər? Risklərin artması və sabitliyin pozulması hansı mənfi fəsadlar verə bilər?

Forpost ölkənin təcavüzkarlığı: havadarlığın geosiyasi fəsadları

Şübhə yoxdur ki, bütün dünyada geosiyasi dinamikanın dəyişməsinə koronavirus pandemiyasının təsiri az olmayıb. Bir sıra dövlətlər bu məqamdan süni surətdə öz maraqları üçün istifadə etməyə çalışırlar. Onların sırasında yaranmış qeyri-müəyyənlikdən yararlanmağa çalışanlar da mövcuddur. Ermənistan Cənubi Qafqazın geosiyasi dinamikası kontekstində məhz bu cür davranan ölkədir. Hər bir dövlət böhran vəziyyətinə öz xarakteri, missiyası və konkret məqsədinə uyğun reaksiya verir. Ermənistan da növbəti dəfə nümayiş etdirdi ki, o, destruktiv, dağıdıcı, iftiraçı, siyasi təfəkkürü kölə olan, forpost və barbar xislətli dövlətdir. Daha doğrusu, onu hələlik müstəqil dövlətçiliyi baş tutmuş dövlət adlandırmaq mümkün deyildir. Bunu konkret misallar sübut edir.

Pandemiya dövründə Ermənistan iki hadisə ilə yadda qaldı. Birincisi, rəsmi İrəvan koronavirusla mübarizədə heyrətedici acizlik göstərdi, ikincisi, qəfil Azərbaycanın Tovuz bölgəsinə hücum etdi. Ekspertlərin fikrinə görə isə, hər iki hadisə bütövlükdə Ermənistanda sosial-iqtisadi və psixoloji vəziyyətin daha da ağırlaşması fonunda meydana gəlib. Nəticədə, Nikol Paşinyan hökuməti düşdüyü dalandan çıxmaq üçün məntiqsiz və təhlükəli addımlar atmağa başladı. Bununla da o, növbəti dəfə ümumən Cənubi Qafqaz üçün dağıdıcı faktor olduğunu ortaya qoydu.

Öncə İrəvanın pandemiya ilə uğursuz mübarizəsinə diqqət yetirək. Ermənistan rəhbərliyi, faktiki olaraq, virusla mübarizədə müstəqil, təsirli və sistemli addım atmadı. Dünya Ermənistanın ancaq ondan-bundan yardım dilənməsini eşitdi. Özünə hörmət edən hər bir dövlət pandemiya ilə mübarizədə strategiya və taktikasını açıqlayanda, Ermənistan rəhbərlərindən səs çıxmadı. Əksinə, baş nazirdən tutmuş deputatlara qədər bu virusa yoluxmadan danışdılar. Virusa yoluxanların sayı, yoluxmanın sürəti və ölüm səviyyəsinə görə isə Ermənistan Cənubi Qafqazda birinci yerdədir. Gürcüstan sərt tədbirlərdən bəhs edir, Azərbaycan sistemli, davamlı və səmərəli addımlar haqqında danışır, Ermənistan isə ancaq ölüm statistikasını yaymaqla məşğuldur. Qısa müqayisə aparaq.

Gürcüstanda virusa yoluxanlar Cənubi Qafqazda ən az saydadırlar - hazırda 1700 civarındadır. Tbilisi daim sərt tədbirlər görür. Beynəlxalq maliyyə təşkilatlarından borc alaraq vətəndaşlarına yardım edir. Azərbaycan daha mükəmməl və səmərəli davranır. Azərbaycanın xarici əlaqələri Cənubi Qafqazda ən yüksək səviyyədədir. Bundan başqa, İranla onun sərhədi uzundur. Buna görə də virusa yoluxma ehtimalı daha çoxdur. Ancaq Azərbaycan koronavirusla məsuliyyətli və ciddi müstəqil dövlət kimi mübarizə aparır. Atılan sistemli və mərhələli addımlar, görülən sərt tədbirlər burada pandemiyanı cilovlamağa imkan verdi. Hazırda Azərbaycanda bu istiqamətdə vəziyyət sabitdir və getdikcə daha yaxşı durum yaranır. Ermənistana gəldikdə isə, burada heç bir dəyişiklik gözə dəymir. Sanki burada, ümumiyyətlə, dövlət strukturları yoxdur. Onların pandemiyaya qarşı hər hansı siyasət yeritdiyindən bəhs edən də gözə dəymir. Nəticədə, insanların psixoloji vəziyyəti qeyri-müəyyən olaraq qalır. Təsadüfi deyildir ki, erməni vətəndaşları pandemiya dövründə tələb edirlər ki, Rusiyaya getmələrinə icazə versinlər. Cənubi Qafqazda heç bir dövlətin vətəndaşları bu sayaq müraciət etməyiblər. Azərbaycanlılar Azərbaycana, gürcülər isə Gürcüstana qayıdırlar. Onlar öz ölkələrinə gəlməyə can atırlar. Rəsmi Bakı davamlı olaraq müxtəlif ölkələrdən azərbaycanlıları təyyarə ilə ölkəyə gətirir.

Ermənistanda isə insanlar vətən adlandırdıqları yerdən qaçmaq üçün rəsmi orqanlara müraciət edirlər. Onlar Rusiyadan Ermənistana gəlməyə yox, əksinə, Ermənistandan Rusiyaya getməyə icazə tələb edirlər. Çünki Ermənistan dövlət olaraq öz vətəndaşlarının qayğısına qalmır, onların sosial problemlərini həll edə bilmir. Ümumiyyətlə, rəsmi İrəvanın heç bir daxili sosial-iqtisadi və mədəni problemləri həll etmək üçün sistemli, real və praqmatik proqramı yoxdur. Bu kvaziölkənin siyasi rəhbərliyi zaman-zaman çıxıb radikal, təcavüzkar və başqalarına şər-böhranla dolu bəyanatlar verməkdən başqa bir iş görə bilmir. Bu səbəbdən də sadə ermənilər Ermənistanı cəhənnəm adlandırır və oranı tərk etmək üçün hər cür üsula əl atırlar.

Sabitliyə təhdid: Azərbaycan-Türkiyə əməkdaşlığı olmasa...

Bu vəziyyətin fonunda Ermənistanın Tovuza hücum cəhdinin səbəbi aydın olur. Birincisi, rəsmi İrəvan öz vətəndaşlarının diqqətini ölkədaxili problemlərdən yayındırıb, xəyali xarici təhlükəyə yönəltməyə çalışdı. İkincisi, özü regional əməkdaşlıq üçün heç bir töhfə verə bilmədiyi şəraitdə Azərbaycanın bu istiqamətdəki uğurlarına kölgə salmağa və imkan olarsa, ona mane olmağa cəhd göstərdi. Yəni, faktiki olaraq, regionda geosiyasi tarazlığı pozmağa çalışdı. Təbii ki, zəif bir forpostun cəhdi uğursuz olacaqdı. Azərbaycan və Türkiyənin qətiyyətli mövqeyi və güclü əks-zərbələr Ermənistan rəhbərliyini də, onun havadarlarını da yerində oturtdu.

Ancaq tamamilə aydındır ki, Ermənistan Cənubi Qafqazda geosiyasi balansa ən böyük təhlükə olaraq qalır. Bu riskin aradan qaldırılması ilə bağlı böyük dövlətlərin heç bir addım atmaması isə yeni təhdidlər yaradır. Konkret olaraq, regionun böyük dövlətləri olan Rusiya və İran sanki Ermənistanı müxtəlif bəhanələrlə müdafiə edirlər. Onlar sözdə Azərbaycanla dost olduqlarından bəhs edirlər. Lakin əməldə fərqli mənzərə yaranır. Rusiyanın Ermənistana silah göndərməsi ilə bağlı Prezident İlham Əliyev faktlar əsasında fikir bildirib. Yunanıstanın yeni təyin olunmuş səfirini qəbul edəndə də ölkə başçısı açıq dedi ki, iyul ayının 16-dan bu yana Rusiya davamlı olaraq Ermənistana Xəzəryanı ölkələrin hava məkanından istifadə edərək hərbi sursat göndərir. Bundan bir neçə gün sonra isə rəsmi Tehran bəyan etdi ki, "Ermənistana Rusiya silah göndərmir". Bu informasiya onu göstərir ki, İranda bəzi dairələr də təcavüzkarı müəyyən məqamlardan müdafiə etməyə çalışırlar.

Bu şərtlər daxilində Qərbdən də Ermənistana irad tutan yoxdur. Məsələn, Rusiya Suriyaya və ya Livana silah göndərəndə Vaşinqton, Paris, London, Berlin hay-küy salır. İndi isə Azərbaycan faktlarla sübut edir ki, Rusiya son 1-2 ayda Ermənistana milyonlarla dəyəri olan silah-sursat göndərib və onlardan Azərbaycanın mülki əhalisini öldürmək üçün istifadə edirlər, buna reaksiya verən yoxdur, qınayan tapılmır (təbii ki, Türkiyə istisnadır). Hətta ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Amerika və Fransa fikir bildirmirlər. Bütün bunların fonunda, əlbəttə, Ermənistan rəhbərliyi həm şıltaqlıq edəcək, həm Azərbaycanın ünvanına iftiralar uyduracaq, həm də Dağlıq Qarabağa qanunsuz səfərlər edib "təhlükəsizlik" tədbirləri təşkil edəcək. Eyni zamanda, bəyan edəcək ki, Azərbaycanla danışıqlar aparmaq istəmirlər.

Belə çıxır ki, faktiki olaraq, böyük dövlətlərin tutduqları haqsız, riskli, ermənilərə havadarlıq ruhlu mövqeyi nəticəsində Cənubi Qafqazda geosiyasi sabitlik ciddi risklərlə üz-üzə qalıb. Ermənistanı risk və təhdid faktoru kimi regionda saxlayanlar anlamalıdırlar ki, bu, həm də onların özləri üçün təhlükədir, geosiyasi mövqelərinin zəifləməsinə aparıb çıxara bilər.

Azərbaycan bu şəraitdə birmənalı, qətiyyətli və sülhpərvər mövqe tutub. Rəsmi Bakı ordunu təbii ki, gücləndirməlidir. Türkiyə ilə hərbi əlaqələr də inkişaf etdirilir. Keçirilən hərbi təlimlər göstərir ki, iki qardaş dövlət istənilən hərbi müdaxiləyə qarşı birgə mübarizə apara bilər və qalib gələr. Lakin bütövlükdə regionda hərbi vəziyyət gərgin olaraq qalırsa, bu, hər an təxribatın ola biləcəyinə əsas verir. Həm də Cənubi Qafqazdakı mürəkkəb geosiyasi mənzərə aradan qalxmalıdır. Deməli, hazırda regionun Azərbaycan-Türkiyə əməkdaşlığına daha çox ehtiyacı yaranıb!

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.