Siyasət

"Azərbaycan hələ uzun illər neft və qaz ölkəsi kimi tanınacaq"

11 Avqust 2020 14:17
Baxış: 1 152

"Qarabağ" yatağının əhəmiyyəti onun Azərbaycan müstəqillik əldə etdikdən sonra kəşf olunan ilk neft yatağı olmasındadır.

Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov Prezident İlham Əliyevin iştirakı ilə "Qarabağ" dayaq blokunun istifadəyə verilməsini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan hələ uzun illər neft və qaz ölkəsi kimi tanınacaq.

"Bildiyimiz ki, hazırda biz "Azəri-Çıraq-Günəşli" netf yatağının istismarı ilə məşğuluq. Yəni, "Əsrin müqaviləsi" ilə əsası qoyulan neft strategiyamıza uyğun olaraq işlənməkdə və ölkəmizin bugünkü səviyyəyə gəlib çıxmasında mühüm rolu və əhəmiyyəti olan "Azəri-Çıraq-Günəşli" yatağı indiyədək ölkəmizin həm siyasi, həm iqtisadi nüfuzunun formalaşmasında həlledici əhəmiyyət kəsb edib. Lakin qeyd etdiyim neft yatağı hələ Sovet dövründən mövcud idi, həmin dövrdə kəşf olunmuşdu. Sadəcə olaraq, həmin yatağın dərin hissəsi işlənməmiş qalmışdı. Ölkəmiz müstəqillik əldə edəndən sonra ümummilli lider Heydər Əliyev tərəfindən sovet dövründən qalan neft yatağının dərin hissəsinin, tam mənada potensialından yararlanması üçün ölkəyə xarici şirkətlər dəvət olundu və beləliklə də, "Əsrin müqaviləsi" ilə bunun əsası qoyuldu. Bu da Heydər Əliyev tərəfindən Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi istiqamətində  atılan mühüm addımlardan biri idi.

"Qarabağ" yatağı isə məhz 90-cı illərdə ötəri şəkildə nəzərdən keçirilən və xaricilər tərəfindən perspektivsiz elan olunan, istismarı üçün əlavə vəsait sərf olunması məqsədə uyğun hesab edilməyən yataq idi ki, hələ də kəşf olunmamış qalırdı. Lakin bilavasitə Azərbaycan dövlətinin səyi, neftçilərimizin, dövlət neft şirkətinin cəhdləri hesabına, xaricilərin bizə söylədiyi fikirlərə rəğmən, bu yataq Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk neft yatağı kimi reallığa çevrildi və bu günlərdə Bakı Dərin Özillər zavodunda cənab Prezidentin iştirakı ilə SOCAR-ın "BOS Shelf" şirkəti şirkəti tərəfindən tikilmiş sualtı dayaq bloku bu yatağa doğru yola salındı ki, tezliklə bunun dəniz səviyyəsindən yuxarıdakı hissəsi də hazırlanacaq və neft yatağının tam mənada istismarına start vermiş olacaq.

Qeyd olunduğu kimi, əgər işlər hazırkı templə davam edərsə, 2022-ci ilin sonuna biz "Qarabağ" yatağından ilk neft alınmasına qədəm qoyacağıq. Bu da ölkəmizin neft potensialının, resurslarının heç də qeyd olunduğu kimi tükənmək üzrə olmadığına, əksinə Azərbaycan uzun illər neft və qaz ölkəsi kimi tanınacağına işarə olacaq".

Azərbaycanın neft ehtiyatlarının tükənməkdə olması, tezliklə neftsiz və qazsız qalacağımız barədə deyilənlərə reaksiya verən ekspert bildirib ki, ölkəmizin nefti və qazı tükənən deyil.

Bəxtiyar Umarlı
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.