Siyasət

Tərk edilmiş "Qarabağa" qayıdırıq. Qarabağ bizimdir

11 Avqust 2020 13:08
Baxış: 5 039

Siyasətdə olduğu kimi, iqtisadiyyatda da uğursuz nəticə belə, nəticədir. Xüsusilə məqam enerjidaşıyıcıları ilə bağlıdırsa, vəziyyət bəzən çox kəskin dəyişir, dünən uğursuzluq sayılan hadisə bu gün uğurun təməlinə çevrilir.

Və bəzən adi metal konstruksiya, borulardan ibarət nəhəng qurğu simvola dönə bilər.

Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salındı.

Çəkisi təxminən 16 min ton, hündürlüyü 190 metr olan bu dayaq bloku Azərbaycanın neft-qaz strategiyasında yeni dönəmin, mütərəqqi strategiyanın və ölkənin daxili qüvvələrinə, öz potensialına hesablanmış yeni proqramın təzahürü idi.

Məhz bu baxımdan dünənki gün çox önəmli idi. Simvoldu dünənki gün, çünki Azərbaycan neftçiləri "Qarabağ"a dönürdü.

... "Qarabağ" dayaq bloku SOCAR-ın "BOS Şelf" şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku "Qarabağ" yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq. Dayaq blokunun quraşdırılması "Qarabağ" yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq.

"Qarabağ" layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. "STB-1" daşıma barjına yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Blokun tikintisi iki il ərzində aparılıb. Konstruksiyanın hazırlanması prosesində mühüm amillərdən biri də yerli mütəxəssislərin iştirakıdır. Belə ki, dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub.

Yataqda 6 neft, 3 qaz və 3 suvurucu quyunun qazılması nəzərdə tutulur. "Qarabağ" yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir.

SOCAR və Norveçin "Equinor" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən "Qarabağ" yatağının kəşf olunduğunu təsdiq ediblər.

Xatırladaq ki, "Qarabağ" yatağında ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılıb. SOCAR-ın CDC qazma şirkəti bu quyunu suyun 180 metr dərinliyində "Dədə Qorqud" üzən qazma qurğusu ilə qazılıb. Yatağın məhsuldar layları 3,4 kilometr dərinlikdə yerləşir. İlkin qənaətə görə, yataqda kəşf edilmiş neft və qaz həcmləri onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərlidir.

"Qarabağ" yatağı müstəqillik dövründə kəşf edilmiş ilk neft yatağıdır. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır. Qiymətləndirici quyunun layihə dərinliyinə müvəffəqiyyətlə, təhlükəsiz şəkildə və vaxtında çatdırılması SOCAR və "Equinor" şirkətlərinin birgə səmərəli səylərinin nəticəsidir. "Qarabağ" yatağının işlənməsi Azərbaycanın neft gəlirlərinə əhəmiyyətli bir töhfə olacaq.

Yatağın adında Vətənimizin ürəyi olan Qarabağın əks olunması xüsusilə qürurvericidir.

Xatıqladaq ki, "Qarabağ" perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.

Caspian International Petroleum Company (CIPCO) tərəfindən idarə edilən konsorsium 1995-ci ildə imzalanmış "Qarabağ hasilatın pay bölgüsü sazişi"nə əsasən 3 kəşfiyyat quyusu qazmışdı. Quyuların ikisi strukturun cənub-şərq hissəsində layların qazla doyumlu olduğunu təsdiqləmiş, bir quyu isə strukturun qərb hissəsində layların neft və qazla doyumlu olduğunu aşkar etmişdi. Saziş 1999-cu ildə iqtisadi baxımdan səmərəli olmayan layihə kimi ləğv edilmişdi.

2018-ci ilin may ayında "SOCAR Karabakh" və "Equinor" şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalamışlar. Sazişə əsasən şirkətlər bərabər paya malikdirlər.

SOCAR və "Statoil" ("Equinor") 1994-cü ildən bir sıra mühüm layihələrdə, o cümlədən Azəri-Çıraq və Dərinsulu Günəşli (AÇG) neft yatağının işlənilməsi layihəsində əməkdaşlıq edirlər.       

Və indi biz, "səmərəli" sayılmayan, amma Azərbaycan iqtisadiyyatına ciddi töşfə verəcək "Qarabağa"a dönürük.

Çünki o yataqda ən azı 25-26 milyard kubmetr təbii qaz və 60 milyon ton neft ehtiyatları var. Bunlar ilkin dəyərləndirmələdir: yatağın resursları daha çoxdur.

Üstəlik, "Qarabağ"ın istismar edilməməsi nəticəsində ölkəmz heç nə itirmədi.

Çünki Azərbaycan o kəşfiyyat dövründə öz üzərinə heç bir maliyyə öhdəliyi götürməmişdi. Əksinə, hətta uğursuz nəticə də nəticədir, bizə əlavə geoloji məlumat veribdir. Bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş "Qarabağ" yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur.

... Prezident İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. Mərasimdən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

Həmin müsəhibədən bəzi məqamlara nəzər salaq:

"Bu gün "Qarabağ" yatağının dəniz işlərinə start verilir. Bu, yatağın işlənməsində çox önəmli mərhələdir. Bu nəhəng qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilibdir və bu gün artıq dənizə yola salınır".

"İndi bizim əsas diqqətimiz Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib. Bu layihə də uğurla icra edilir. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir".

"Azərbaycan, - əgər belə analogiya aparmaq mümkündürsə, - Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

.... Azərbaycan "Qarabağ"ı faktiki olaraq "dirildir", dirçəldir.

Xəzərdəki "Qarabağ"dan Qarabağa gedəcək yol var.

O yolda biz varıq və Qarabağ var.

Çünki "Qarabağ" da, Qarabağ da bizimdir...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.