Siyasət

Nasistlərə yardım edən Soros: "Mənəviyyatsız insanam" - ETİRAFLAR

3 Avqust 2020 11:12
Baxış: 2 811

Sizi dünyanın bir sıra ölkələrində, məsələn, Tayland, Malaziya, İndoneziya, Yaponiya, Rusiyada çox kəskin və ağır maliyyə böhranları yaratmaqda suçlayırlar. Buna nə deyərdiniz?

Gülümsəyir, söyləyir: "Bu ölkələrin hamısında?! Məni nələrdə suçlamırlar ki...  Mən, sadəcə, pul qazanıram. Fəaliyyətimin insanlar üçün yaratdığı sosial sonuclara baxmıram və bu, məni maraqlandırmır. Dürüst addımlar atmağa çalışıram, amma bəzən əməllərim mənfi nəticələr verir. Bazar oyunçusu kimi qalib gəlmək üçün rəqabətə girişməliyəm. Mənəviyyatsız və mənəviyyatlı Soros - bu, eyni adamdır".

Bu, əslən Macarıstandan olan amerikalı milyarder Corc Sorosun məşhur amerikalı jurnalist, CBS telekanalının "canlı əfsanə"lərindən olan Stiv Kroftun "60 Minutes" proqramında suallarına verdiyi cavablardır. 1998-ci ilin görüntüləridir.

Soros burada nasistlərlə əməkdaşlığını, dünyanın müxtəlif ölkələrindəki maliyyə və iqtisadi böhranlara birbaşa dəxli olmasını, fəaliyyət "motiv"lərini, ən başlıcası isə əməllərinə görə əsla peşman olmadığını etiraf ed ir.

... Corc Sorosun atası Tivadar Soros 1-ci Dünya Müharibəsinə Avstriya-Macarıstan ordusunun tərkibində könüllü kimi qatılmışdı. Ruslara əsir düşüb, Sibirə hərbi əsirlər üçün düşərgəyə göndərilib, qaçıb, Budapeştə qayıdıb. 1923-cü ildə o, esperanto dilində "Müasir Robinzonlar" (Modernaj Robinzonoj) əsərini yazıb.

Sorosun anası - Erzebet Suçdur (Erzebet Szucz). Tivadarla Erzebetin iki oğlu vardı - Pavel (Pol) və Dyoyrd (Corc).

İkinci Dünya Müharibəsi illəri. Alman nasistləri işğal etdikləri ölkələrdə yəhudilərə divan tuturlar. Macarıstanda da eyni vəhşət yaşanır.

O zaman Dyerd olan Sorosun əmisi, əmisinin arvadı və 3 övladı tutulanda, ölüm düşərgəsinə göndəriləndə sonradan "filantrop milyarder" olacaq şəxs əmisinin əşyalarını nasistlərin yük maşınına yükləməklə məşğul idi.

Stif Kroftun Corc Sorosla müsahibəsinin kiçik qismini təqdim edirəm:

Kroft: Siz Macarıstan yəhudisisiniz...

Soros: Hə.

K: ... Holokostdan qurtulan...

S: Hə.

K: ...özünü xristian kimi qələmə verən...

S: Doğrudur.

K: Və siz insanların ölüm düşərgələrinə göndərildiyini görürdünüz...

S: Doğrudur. 14 yaşım vardı. Və deyə bilərəm ki, elə o vaxt xarakterim formalaşdı.

K: Nə mənada?

S: Hər şeyi əvvələ hesablamaq gərəkdir. Təhlükə olanda bunu anlamaq və hadisələri əvvəlcədən təxminləmək gərəkdir. O, çox nəhəng fəlakət təhlükəsi idi. Yəni çox fərdi təhlükə hissi...

K: Belə anlayıram ki, qohumunuzun sayəsində, onun xaç övladı olduğunu deyərək qurtuldunuz.

S: Hə, hə...

K: Xilas oldunuz və sonra da yəhudilərin axtarışlarında, onların əmlaklarının ələ keçirilməsində nasistlərə yardım etdiniz.

S: Hə, doğrudur. Hə.

K: Məncə, belə əməlləri çox insanı uzun illər boyu psixiatrik klinikaya salırdı. Sizə çətin deyildi?

S: Yox, əsla yox. Yəqin uşaq idim, nə etdiyimi tam anlamırdım. Heç bir problem hiss etmirdim.

K: Heç bir günah hissi də?

S: Yox.

K: Məsələn, "yəhudiyəm və yəhudilərin aparıldıqlarını görürəm. Mən orada, onların yerində ola bilərdim". Belə hiss olubmu?

S: Təbii ki, o tərəfdə ola bilərdim və ya əşyaları müsadirə edilənlərdən biri olardım. Fəqət, bunu müzakirə etməyin mənası yoxdur. Çünki kobud desək, hər şey bazardakı kimidir - əgər orada olmamışamsa, bunu etməzdim, amma bunu kimsə başqası edəcəkdi və istənilən halda əşyalar yəhudilərin əllərindən alınacaqdı.

Orada olub-olmamağımdan heç nə asılı deyildi. Məndən heç nə asılı deyildi. Ona görə özümü günahkar hiss etmirəm".

Dyord və ya Corc Soros yəhudilərə divan tutulan, Holokostun gerçəkləşdirildiyi dönəmləri aramla, sakitcə xatırlayır. Sanki adi yeniyetməlik xatirələri kimi.

Və nasistlərə yardımlar etdiyini də etiraf edir.

Cəsarət, tolerantlıq, açıqlıq deyil bu etiraflar. Soros əla bilir ki, onu kimsə təqib etməyəcək, kimsə onu məsuliyyətə cəlb etməyə çalışmayacaq.

"Mənəviyyatsızam" deyərək az qala bununla fəxr də edir: eyni zamanda "mənəviyyatlı" olduğunu vurğulayaraq.

Belələrinə inananlar, onların "xeyriyyə" və "inkişaf" sözləri ilə bəzədikləri proqram ssenarilərinə vint, fiqur, marionet qismində qatılanlar virusdur.

Dünyanın çeşidli ölkələrinin iqtisadiyyatına və maliyyə sisteminə kənardan müdaxilələr edən, müxtəlif ölkələrdə "rəngli inqilab" adı ilə çevriliş ssenarilərini gerçəkləşdirən məhz Corc Sorosdur.

Öz adını verdiyi fond və "Açıq Cəmiyyət İnstitutu" adlı struktur vasitəsilə hədəf seçdiyi ölkələrin hakimiyyətlərinə kobud təzyiqlər göstərməyə can atan, "insan haqları, söz azadlığı və vətəndaş cəmiyyəti" ifadələri ilə pərdələnmiş ssenarilərlə müstəqil siyasət yürüdən dövlətləri "ram" etməyə çalışan da Sorosdur.

Virus orqanizmə hücum çəkəndə anlamır ki, "uğur" qazananda o da orqanizm təki, zəifləyəcək. Və ya tam tərsinə: orqanizm virusun öhdəsindən gələcək, onu məhv edəcək.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.