Siyasət

ZoomPark-dakılar, sizə yazığım gəlir…

21 İyul 2020 13:35
Baxış: 2 479

Bu sözləri yazmaq istəməzdim. Heç istəməzdim, çünki istənilən normal ölkədə müxalifət olmalı, hakimiyyəti tənqid etməlidir. Müxalifətin də mülayimi, mərkəzçisi, radikalı olmalı.

"Radikal müxalifət" ifadəsi də, əslində, normal deyimdir: yazdığım kimi, radikallıq müxalifətin boynuna biçilmiş məcaz olmasa da, paradoksal davranış da sayılmamalı.

Amma və lakin Azərbaycan müxalifətinin yarası elə radikallıqdır. O nəsnə ki, müxalifətin bir qisminin hüzurlarına indi Amerikada yayılmağa başlamış beyin amöbü kimi yeriyib, beyinləri yeyir və sonucda yeyintinin yaratdığı mutasiyanın məhsulu olan siyasətçi kimi ortaya düşür.

Bəli, məhz ortaya, çünki beləsi üçün nə sol, nə sağ yoxdur: olan, sadəcə, özü və ətrafına topladığı dəstədir.

"Milli Şura" adlı qurumun "Koordinasiya Mərkəzi"... Adını və özünü rüsvay etməkdə sanki and içmiş, virtual məkanda lağlağı obyektinə çevrilən, sosial şəbəkələrdə ələ salınan bir struktur. Belə olmamalıdır və belə olmamalıydı.

İlk baxışdan ora toplaşanlar adekvat adamlardır - hər halda, nəzəri baxımdan belə təsir var idi. Aralarında çox təcrübəli jurnalist də var - Qənimət Zahidov.

Və Q.Zahidovun "Zoom" proqramı vasitəsilə keçirilən virtual qeybətxanalardakı davranışına, mimikasına baxdıqda onun özünün bu "həmsöhbət"lərdən utandığı aşkar görünür. Utansa da, şouda həvəslə iştirak edir.

"Milli Şuranın Koordinasiya Mərkəzi"nin, daha doğrusu ZoomParkın videoəyləncə serialının yeni seriyasına baxıram. Siyasətin təməl prinsiplərindən, mükalimə mədəniyyətindən, ritorika məqamlarından, müzakirə ünsürlərindən və ümumiyyətlə, çağdaş ədəbin postulatlarından uzaq olan bir dəstə lümpen kameraya boylanaraq marginallıqlarını şüar kimi açır, laqqırtı vururlar.

Və yenə də öz nöqsanlarını, fəaliyyətlərini, çatışmazlıqlarını müzakirə etmək əvəzinə guya mənsub olduqları müxalifət düşərgəsindəki "rəqib" siyasi təşkilatları və ələlxüsus da şəxsləri təhqir edirlər.

Aşağılayırlar öz aləmlərində.

Budəfəki "hədəf"ləri "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyevlə Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı Natiq Cəfərli idi.

Həmişəki kimi, bu binəvaların Mata Xarisi olan Gültəkin Hacıyeva ortada "moderator"luq, yəni tamadalıq edirdi. "Milli Şura" adlı marionet strukturun sədri, ABŞ-da ilişib qalmış Cəmil Həsənli də başını yelləyir, replikalara cavab verir və bu tövr "ağsaqqallıq"la məşğul olurdu.

Hələlik, sadəcə, bu şoudan replikaları təqdim edirəm:

Vidadi Mirkamal: "Əli bəyi qoşum mən?"

AXCP rəyasət heyətinin üzvü Vahid Məhərrəmli: "Yox, qoşma, qoşma".

Qənimət Zahidov: "Mehman Əliyev İlqar Məmmədovun kopyasıdır".

Vidadi Mirkamal: "Mehman Əliyev mövqesiz adamdır".

Gültəkin Hacıbəyli: "Mehman Əliyev söhbətində Vidadi bəylə razıyam, mövqesiz adamdır. Amma tam İlqar Məmmədovun eynisi deyil hələ ki. Hələ ki..."

Gültəkin Hacıbəyli: "Natiq Cəfərli tərbiyəsiz, iyrənc, murdar, şərəfsiz, alçaq, ən pis sözlərə layiq adamdır".

Vidadi Mirkamal, Vahid Məhərrəmli, Qənimət Zahidov: "Şərəfsiz və tərbiyəsiz adamdırlar".

.... Məncə, yetər. Cəmiyyətdə sosial və siyasi dayaqlarını çoxdan itirən, elektoral bazadan məhrum olan, heç bir institusional dəyişikliyə və ya islahata meylli olmayan bu adamların danışıqlarına qulaq asan hansısa nabələd düşünə bilər ki, paho, əsl müxalifətçilər elə bu şəxslərdir.

Halbuki 27 ildir hakimiyyətlə bu və digər formada separat danışıqlar aparan, pay alandan sonra mövqelərini diametral dəyişən kəslərdir bu adamlar. Özlərini müxalifətçi hesab edən, amma istənilən adekvat və normal siyasi sistemdən kənar fiqurlar.

Əsl mağara adamı düşüncəli, troqlodit davranışlı və intellektli olanlara əfsuslar olsun ki, bir dəstə gənc hələ də inanır. O inanan gənclərdir AXCP sədri və bloqer Əli Kərimlinin boğazdan yuxarı çağırışları ilə icazəsiz aksiyalara qoşulanlar, tutulanlar.

Əli Kərimli bu adamlardan, sadəcə, statistik vahid qismində istifadə edir.

Radikal müxalifətimiz, gerçəkdən də, zavallıdır.

Onlara yazığım gəlir, çünki siyasi səngərlərini çoxdan siyasi məzara çeviriblər.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.