Siyasət

Xalq yazıçısı Natiq Rəsulzadə: Son günlərin hadisələri vəhşiləşmiş erməni faşizminin simasını bütün dünyaya göstərdi

16 İyul 2020 08:16
Baxış: 775

Azərbaycan Prezidenti İlham Əliyevə respublikamızın bütün guşələrindən vətəndaşlar məktublar ünvanlanır. Milli.Az Prezidentin saytına istinadla Xalq yazıçısı Natiq Rəsulzadənin məktubunu təqdim edir.

Məktubda qeyd edilir: "Hörmətli cənab Prezident.

Son günlərin hadisələri vəhşiləşmiş erməni faşizminin simasını bütün dünyaya bir daha göstərdi. Təcavüzkar ölkənin rəhbərliyi vicdan əzabı çəkmədən öz ambisiyaları naminə, nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaqdan ibarət merkantil şəxsi istəkləri naminə, öz qeyri-insani məqsədləri xatirinə ölkənin gələcəyi olan gəncləri qurban verərək sadə xalqın övladlarını ölümə göndərir.

Bizim rəşadətli ordumuzun döyüşlərdə verdiyi itkilər, həyatın astanasında olan hərbi qulluqçılarımızın, gənc əsgərlərimizin həlak olması xalqın səbir kasasını daşdırır.

Hörmətli cənab Prezident, Azərbaycan xalqı bütün tarix boyu dəfələrlə döyüş meydanlarında öz rəşadətini sübut edib. Azərbaycan xalqı düşmənlə mübarizəyə qalxıb və mənfur təcavüzkar üzərində qələbə qazanıb. Bunu Böyük Vətən müharibəsi də sübut edib, bu müharibənin döyüş meydanlarında Vətənimizin yüz minlərlə övladı canından keçib. Bunu Aprel döyüşləri də sübut edib, o vaxt düşmən çox sərt və qətiyyətli şəkildə dəf edildi.

Mənim atamın da iştirak etdiyi uzaq Böyük Vətən müharibəsi illərində həmvətənlərimiz özlərinin böyük, çoxmillətli ölkəsi uğrunda alman faşizminə qarşı bu cür qəhrəmancasına döyüşə bilibsə, indi xalqımız Sizin bir sözünüzlə doğma torpağımızı - sevimli Azərbaycanımızı qorumaq üçün murdar erməni faşizminə qarşı döyüşə cəsarətlə gedəcək.

Hörmətli cənab Prezident, mənim yetmiş bir yaşım var və qəhrəmanlıq iddiasında olmadan Sizə deyirəm: yaranmış şəraitdə mən öz xalqımla, xalqımızın ziyalıları ilə birlikdə Vətənə məhəbbətimi sözdə deyil, əməli işdə sübut etməyə hazıram.

Mən nə siyasətçiyəm, nə də diplomat, mən yazıçıyam, lakin hər şeydən əvvəl, mən də Sizin kimi - öz Vətənini, xalqını ürəkdən sevən vətəndaşam.

Şairlərin öz dövrü var, əsgərlərin öz dövrü.

İndi əsgərlərin dövrüdür".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.