Siyasət

İqor Korotçenko: Rusiyada başa düşürlər ki, provokator kimi çıxış edən məhz Nikol Paşinyan rejimi olub

13 İyul 2020 17:07
Baxış: 1 030

Ermənistanın baş naziri Nikol Paşinyan özünün daxili siyasi mövqeyini möhkəmlətmək məqsədilə hökumətin yarıtmaz işindən narazı olan vətəndaşlar üçün həmrəylik nöqtəsi yaratmaqla Azərbaycan ilə sərhəddə döyüşlərə təhrik etməyi qərara alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri "Nasionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko söyləyib.

O deyib: "Mənim fikrimcə, əsas məqsəd Ermənistan vətəndaşlarının diqqətini Paşinyan hökumətinin yarıtmaz siyasətindən yayındırmaq, növbəti dəfə xarici düşmən obrazı yaratmaq, beləliklə həm əhalini, həm də müxalifəti məşğul etməkdir. Yəni məqsəd xalis daxili siyasi xarakter daşıyır - Paşinyanın hakimiyyətinin ömrünü uzatmaqdır. Hazırda respublika çox güclü siyasi böhran içindədir, Paşinyanın hakimiyyətin qəsb edilməsi hərəkətlərini davam etdirməsi fonunda ona qarşı müxalifətin geniş koalisiyası formalaşır. Baş nazir üçün münasib olmayan bu vəziyyətdə ondan narazılığı Azərbaycana yönəltmək üçün hərbi provokasiyaya əl atmaq lazım gəlir".

İqor Korotçenko vurğulayıb: "İndi onun avantürası ucbatından erməni hərbi qulluqçular həlak olur, lakin Nikol Paşinyanı yalnız özünün siyasi baxımdan salamat qalması maraqlandırır. Əlbəttə, onun təbliğat aparatı indi qışqırıb-bağırır ki, bütün təqsirlər Azərbaycandadır, hərçənd koronavirusa qarşı mübarizə getdiyi bir vaxtda Azərbaycana hərbi əməliyyatlar lazım deyil. Azərbaycan dinc inkişaf hədəfini seçib və indi əsas diqqəti karantin tədbirlərinin nəticələrindən sonra iqtisadiyyatın qorunub saxlanması və bərpa edilməsi üzərində cəmləşdirib. Ermənistan isə, öz növbəsində, durğunluq vəziyyətindədir, burada epidemioloji böhran əvvəldən mövcud olan iqtisadi və siyasi problemlərə görə daha da kəskinləşir. Paşinyana belə bir provokasiya xalqın həmrəyliyinə nail olmaq və müxalifəti onu devirmək planlarından yayındırmaq üçün lazım gəlib".

Onun sözlərinə görə, Rusiya döyüş əməliyyatlarının tezliklə dayandırılmasında və vəziyyətin sabitləşməsində maraqlıdır. O vurğulayıb: "Düşünürəm ki, Rusiyanın hakimiyyət orqanları indiki vəziyyətdə mümkün olduğu dərəcədə atəşi dayandırmağa və dinc dialoqa çağıracaqlar. Bu halda Rusiyada başa düşürlər ki, provokator kimi çıxış edən məhz Nikol Paşinyan rejimi olub. Dəfələrlə belə olub: hakimiyyət dəyişib, amma Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş təcavüzkar ölkə olaraq qalıb. Son aylarda biz Yerevandan davakar bəyanatlar eşitmişik ki, lazım gəlsə, onlar yenidən Azərbaycana qarşı döyüş əməliyyatlarına keçməyə və hətta Azərbaycan ərazilərinin daha dörddəbir hissəsini işğal etməyə hazırdırlar. Ermənistan öz hərbi doktrinasını daha aqressiv doktrina ilə əvəz edib, indi müdafiə əvəzinə "preventiv zərbələrdən" danışırlar - və biz həmin doktrinanın müddəalarının necə reallaşdırılmasını görürük".

İqor Korotçenko sonda deyib: "Zəifləməkdə olan Nikol Paşinyan üçün müharibə göydəndüşmə fürsət olardı - bütün problemləri və uğursuzluqları müharibənin ayağına yazmaq, hakimiyyətin qəsb olunmasını davam etdirmək, öz opponentlərinə və Ermənistan Konstitusiya Məhkəməsinə əl gəzdirməyi millətin Azərbaycana qarşı mübarizə üçün sıx birləşməsi zərurəti ilə izah etmək olardı. Bu texnologiyalar hələ Üçüncü Reyx dövründən sınaqdan keçirilib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.