Siyasət

"Biz bu ölkənin getdikcə çökməsinin şahidi oluruq" - Politoloqdan SƏRT AÇIQLAMA

18 İyun 2020 16:56
Baxış: 2 956

"Ermənistanda gedən proseslər son dərəcə xaotik hal alıb. Birincisi Ermənistan hakimiyyəti zəiflik göstərir, digər tətəfdən orada siyasi mübarizənin özünün əsas göstəriciləri heç bir məntiqə, heç bir ölçüyə sığmır".

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri Tofiq Abbasov 2 gün öncə "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki "Sarukyan" fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığının Paşinyan hakimiyyəti tərəfindən ləğvi prosesini şərh edərkən deyib.

O, ölkədə siyasi repressiyalar həyata keçirməyə başlayan N.Paşinyanın əsas məqsədlərindən birinin öz hakimiyyətinin müddətini uzatmaq olduğunu bildirib:

"Erməni siyasi ənənəsində terror amili, güc amili böyük vüsət alıb. Serj Sarkisyan hakimiyyəti devrildikdən sonra Ermənistanda biz sözün əsl mənasında zorakılıq üzərində qurulmuş hakimiyyət sistemini görürük. Robert Koçaryanı Serj Sarkisyan əvəz etdi, Serj Sarkisyanı güya "demokratik ruhlu" Nikol Paşinyan əvəz etdi və indi biz görürük ki, bu demokratiya carçısı kimi özünü qələmə verən Nikol Paşinyan hazırda represiyalara hazırlaşır ki, öz rəqiblərini tərki-silah etsin. Belə bir şəraitdə heç bir demokratik mübarizə işartıları ola bilməz". 

Politoloq Sarukyanla bağlı son hadisələrdə "azadlıq carçısı" olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyinin onun üçün qeyri-adi olmadığını bildirib:

"Ermənistanda problem ondan ibarətdir ki, əvvəla beynəlxalq təşkilatlar, ermənilərin çoxsaylı havadarları bir qayda olaraq bu proseslərə, bu zorakılığa, bu qanunsuzluğa göz yumurlar. Digər tərəfdən də onların özlərinin də marağında olan odur ki, Ermənistanı bir qədər "sığallasınlar", onu tənqiddən azad etsinlər. Ancaq bu alınan iş deyil. Birincisi biz görürük Ermənistanda proseslər nə dərəcədə xaotik hal alır, digər tərəfdən qaydasız döyüşlər geniş vüsət alır, təqiblər, təzyiqlər, zorakılıq, bunlar hamısı artıq adi bir alətə çevrilib. Ona görə də bu ölkənin axırı yoxdur və Azərbaycanla münaqişədə də Ermənistanın heç bir şansı yoxdur. Biz bu ölkənin getdikcə çökməsinin şahidi oluruq. Görürük ki, onlar ümumiyyətlə nə özləri üçün, nə də qonşuları üçün normal, sabit, sakit həyat istəmirlər. Belə olduğu halda əlbəttə, ən böyük zərbəni də alacaqlar.

Nə qədər o havadarlar, beynəlxalq təşkilatlar, QHT-lər, ictimai liderlər və s. erməniləri bu proseslərdə dəstəkləsələr də, bunun axırı yoxdur. Çünki o ölkənin siyasi sisteminin təməli çürükdür və idbar insanlar da gəlib onu daha da gərginləşdirirlər, daha da çökdürürlər. Bu baxımdan Q.Sarukyanla bağlı son hadisələrə baxmayaraq "azadlıq carçısı" olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi mənim üçün qeyri-adi deyil". 

Təhməz Təkin
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.