Siyasət

Ermənistanın göstəricisini yüksəltməklə Yerevana yanlış mesaj göndərilir - Fərid Şəfiyev

18 İyun 2020 16:54
Baxış: 873

İqtisadiyyat və Sülh İnstitutu 2019-cu il üçün açıqladığı son Qlobal Sülh İndeksində Ermənistanın "sülhsevərlik" üzrə göstəricisini yüksəldib. Maraqlıdır, hesabatın müəllifləri Ermənistanın nəinki Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalını davam etdirməsindən, həmçinin "ən sülhsevər ölkə" kimi qiymətləndirdikləri 2019-cu ildə bu ölkənin Baş naziri Nikol Paşinyan və digər kabinet nümayəndələrinin hərbi ritorikadan istifadə etmələrindən və bu ritorikaların Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə fəaliyyət göstərən ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən pislənilməsindən xəbərdardılarmı?

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin şərhində deyilir.

Onun sözlərinə görə, Nikol Paşinyanın 2019-cu ilin 5 avqustunda Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri zamanı "Dağlıq Qarabağ Ermənistandır" fikrini səsləndirməsi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini pozaraq (822,853, 874, 884) qonşu ölkənin ərazilərinin ilhaqının bəyanıdır:

"Qeyd etmək lazımdır ki, Nikol Paşinyan vəzifəsinin icrasına başlayarkən atdığı ilk addım oğlunu Azərbaycanın işğal olunmuş ərazilərinə hərbi xidmət çəkməyə yollamaq olub. Bunu sülh naminə atılmış addım kimi qiymətləndirmək mümkün deyil. Ermənistanın müdafiə naziri David Tonoyan isə 2019-cu il martın 30-da Nyu-Yorkda erməni diasporu qarşısında çıxışı zamanı "yeni ərazilər naminə yeni müharibə" deyərək, yeni "müdafiə" konsepsiyasını səsləndirib və bu da sülh mesaji meyarlarına çətin ki, cavab versin. Siyahını baş nazir Nikol Paşinyanın 2020-ci il mayın 21-də Azərbaycanın tarixi şəhəri Şuşaya təxribat xarakterli səfəri və beynəlxalq ictimaiyyət tərəfindən pislənən qanunsuz seçkilərdən sonra qondarma inauqurasiya mərasimində iştirakına qədər uzatmaq olar.

2019-cu ildə yeganə müsbət irəliləyiş ATƏT-in Minsk qrupu həmsədrlərinin çağırışından sonra Azərbaycanın gərginliyi azaltmağa dair qərarına əsasən təmas xəttində baş verən itkilərin sayının azalması olub. Həmçinin xatırlatmaq yerinə düşər ki, 2019-cu ildə iki dəfə-mayın 30-u və sentyabrın 22-də Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları ərəfəsində Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan hərbçiləri həlak olub. İqtisadiyyat və Sülh İnstitutunun Qlobal Sülh İndeksində "sülhsevər" ölkə olduğu üçün Ermənistanın göstəricisini yüksəltmək qərarı səhvdir və Yerevana yanlış mesaj göndərir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.