Siyasət

"Bu dəstək amilləri Asiya İnkişaf Bankının Azərbaycanı etibarlı tərəfdaş kimi görməsindən irəli gəlir"

2 İyun 2020 13:53
Baxış: 791

Bankın prezidenti Masatsuqu Asakava  pandemiyanın gətirdiyi çətinliklərə baxmayaraq ölkəmizin qısa zaman kəsiyində sosial tədbirləri, biznesi dəstəkləməsini vurğulaması düşünrəm ki, cənab Prezidentin bu çətin və sınaq günlərində apardığı yorulmaz fəaliyyətinə beynəlxalq arenada verilən ən yüksək dəyərlərdən, sadəcə, biridir.

Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfransı şərh edərkən deyib.

O bildirib ki, bundan sonra da tərəflər əvvəlki uğurlu təcrübəyə əsaslanaraq yeni işləri yüksək səviyyədə icra edəcəklər.

"Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında olan əməkdaşlıq 1999-cu ildən bəri uğurla davam edir. Mövcud əməkdaşlıq, sadəcə, bir neçə layihələrin icrası ilə kifayətlənmir. Belə ki, tərəflər arasında regional əməkdaşlıq da yüksək səviyyədədir. Bundan əlavə, Asiya İnkişaf Bankının illik toplantısının 2015-ci ildə Bakıda keçirilməsi çox əlamətdar hadisə idi.

Hazırda Bankın Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumu həcmi 3 milyard ABŞ dollarından artıqdır ki, bu məbləğ də Azərbaycana infrastruktur sahəsinə investisiya qoymaqda kömək olmuşdur. Eyni zamanda, Bank Azərbaycanda dəmir yolu, yol tikintisi, su və kanalizasiya ilə bağlı digər layihələrə də dəstək verir.

Avropanın enerji xəritəsini yenidən formalaşdıran Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasında da maliyyə yardımı göstərən bank bu layihəyə kredit verən böyük beynəlxalq banklar arasında ilk sıralarda idi.

O bildirib ki, Azərbaycan hal-hazırda qeyri-formal məşğulluqla mübarizə aparır, ciddi tədbirlər görür. Neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq Azərbaycan çevik qərar qəbul edərək büdcəni yeni reallıqlara uyğunlaşdırmağa nail olub.

Bankın prezidenti Masatsuqu Asakava Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına COVİD-19-la mübarizə fonduna 10 milyon ABŞ dolları, eyni zamanda bu istiqamətdə ehtiyacı olan Qoşulmama Hərəkatına üzv dövlətlərinə 5 milyon ABŞ dolları ianə etməsinə, ayrılıqda bir sıra ölkələrə yardım etməsinə görə təşəkkür edib və bu addımları çox yüksək dəyərləndirib.

Politoloqun fikrincə, geniş miqyaslı bütün bu dəstək amilləri tərəflər arasında əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir: "Bu, eyni zamanda, belə böyük beynəlxalq bankın Azərbaycanı etibarlı tərəfdaş kimi görməsindən irəli gəlir.

Tərəflər suvarma və təhsillə əlaqədar icra olunacaq yeni layihələr üzərində əməkdaşlığı uğurla davam etdirir. 
Azərbaycanın inkişafı üçün prioritet təşkil edən özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələləri ilə bağlı da bankın gələcəkdə də ölkəmizə dəstək verməsi əməkdaşlığı yeni və müsbət bir istiqamətə yönəldəcək".

Bəxtiyar Umarlı
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.